2019-cu ildən həbsdə olan məşhur amerikalı R&B ulduzu R. Kelly (tam adı - Robert Silvestr Kelli) ömürlük həbs cəzası ala bilər.
OLAY yazır ki, məhkəmə R. Kelly-yə ittiham hökmü çıxarıb.
ABŞ Ədliyyə Nazirliyinin saytında deyilir ki, müğənni tələb etmə, cinsi istismar məqsədilə insan alveri, eləcə də uşağa qarşı seksual zorakılıqda ittiham olunub. Məhkəmə R. Kelly-ni ittihamın bütün maddələrilə günahkar bilib. Hökmün elan edilməsi 4 may 2022-ci il tarixinə təyin edilib.
2019-cu ildən həbsdə olan ifaçının vəkili bildirib ki, onun müştərisi məhkəmə qərarından şikayət etmək niyyətindədir. Amerika KİV-in qiymətləndirməsinə görə, cinayətlərin həcminə görə, müğənni ömürlük azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, R. Kelly 2019-cu ilin fevralında Çikaqoda həbs olunub. O, cinsi cinayətlərdə ittiham olunub. 10 bənddən ibarət ittihamlarda dörd qıza qarşı seksual xarakterli zorakılıq haqqında danışılır, cinayət törədilən vaxt onlardan üçünün yaşı 17-dən az olub.
Qeyd edək ki, R. Kelly üç dəfə “Qremmi” mükafatına layiq görülüb. 1995-ci ildə “I believe I can fly” mahnısının işıq üzü görməsindən sonra geniş populyarlıq qazanıb.