Dahi dramaturq Hüseyn Cavidin 1914-cü ildə yazdığı “Şeyx Sənan” mənzum dramı İTV tərəfindən ekranlaşdırılır.
OLAY-ın məlumatına görə, eyniadlı serial 12 bölümdən ibarətdir, yeni sezonda kanalın efirində yayımlanacaq.
Ekran işində Şeyx Sənanı Sənan Əlləz, Tamaranı (Xumar) Esmiralda Abdullayeva, Antonu isə Tural Əhməd canlandıracaq.
Çəkilişləri Qaxda baş tutan serialda Əməkdar artist Vəfa Zeynalova, aktyor Tural Baxış da rol alır.
Qeyd edək ki, əsər sufi şeyxi Sənanın gürcü-xristian qızına duyduğu eşqi təsvir edir. Dram müsəlman şeyxi Sənan və xristian gürcü qızı Xumar (Tamar) arasındakı sevgidən bəhs edir. Əsər 1912-1914-cü illərdə Cavidin Tiflis və Naxçıvanda yaşadığı dövrlərdə yazılıb. Kitab kimi 1917-ci ildə çap olunub, bundan əvvəl müxtəlif qəzetlərdə işıq üzü görüb.
Şeyx Sәnan böyük bir şəxsiyyət kimi sayılır, seçilir, müəyyən bir kütləyə rəhbərlik edərək Kəbəyə yola düşür, məqsəd isə islamı ayaqda saxlamaqdır. Eyni zamanda qadından qorxan Sənan hər bir şərin səbəbini qadında görür. Səbəb isə qadınları sevməməyi deyil, əksinə qadın qarşısında acizliyidir.
Tiflisdə yuxusunda gördüyü gürcü qızı Xumara rast gəlir. Xumara görə o dinindən, əqidəsindən, məqsədindən, yoldaşlarından üz döndərir. Xumar isə Sənana görə ölüm ayağında anasına verdiyi andı pozur. O söz vermişdi ki, ərə getməyəcək, monastıra yerləşəcək.
Qeyd edək ki, 1 əsr sonra ekranlaşdırılan serial indiki dövrə adaptasiya ediləcək. Hadisələr yaşadığımız dövrdə cərəyan edəcək