Ötən günlərdə 45 yaşını qeyd edən Xalq artisti Tünzalə Ağayeva OLAY-ın suallarını cavablandırıb.
O bildirib ki, yaşını gizlətməyə ehtiyac duymur və özünü xoşbəxt hiss edir:
“Özümü çox gümrah hiss edirəm, fransızların bir deyimi var, 40 yaşından sonra tamam başqa bir qadın olursan. Bu yaşdan sonra başqa bir həyat ölçüsünə girirəm. Xoşbəxtlik anlamı, hisslər başqa olur. Deyəsən, elə onu yaşayıram. Bəzən insanlar buna 40 yaş sindromu deyirlər, mənə görə yaşımın gözəlliyini yaşayıram. Çox xoşbəxtəm. Bəzən insanlar yaşını gizlədir, amma bu, mənim üçün fəxrdir. Gənc qızlara, tənbəl qadınlara örnək olmaq istəyərəm ki, siz çirkin deyilsiz. Sadəcə, özünüzü sevin, diqqət edin. Deyirlər, Tünzalə, aşiq olmusan? Deyirəm, hə! Kimə? Özümə! Mənim sevdiyim özüməm ki, bunun da qürurunu yaşayıram”.
Sənətçi son günlər Əməkdar artist Abbas Bağırov və müğənni İlqar Xəyalın “Səs Azərbaycan” yarışmasındakı jüriləri tənqid etməsi ilə bağlı suallara da cavab verib:
“Yarışmada çox öndəki mərhələdəyik. Güclü finalçılar var. Heç bir artist layihənin qapısını döyüb demir ki, məni jüri seçin. “Səs” dünyanın tanınmış layihəsidir. Holland müdir var, dünyadakı “Səs” yarışmasına o baxır. O və İTV rəhbərliyi münsif məsələsini həll edir. Layihə rəhbərliyi lazım olan kriteriyalara görə artisti seçirlər. Hər sezon bu dəyişəcək. Anlayıram ki, həmkarlar öz fikrini söyləyirlər, hörmətlə yanaşıram. Eyni zamanda bunu da bilsinlər ki, artist özü ora getmir. Müqavilə bağlayırlar. Mənim kimi artisti hər layihəyə imza atdıra bilməzsən, karyeramın elə bir nöqtəsindəyəm ki, zamanım maddiyyatdır. 6-7 ayımı nəyə, hansı keyfiyyətə, hansı faydaya sərf edəcəm, ona baxmaq istəyirəm. Ona görə də hələ bir hər artisti gətirin görüm o layihəyə, gətirə bilirsizmi?”.