Müsahibə
Müsahibə

“İran ölkəyə girişimə qadağa qoyub” – Mehriban Xanlarova

“İran ölkəyə girişimə qadağa qoyub” – Mehriban Xanlarova

Əməkdar artist Mehriban Xanlarovanın OLAY-a müsahibəsi:

- Mehriban xanım, xoş gördük sizi. Uzun müddətdir nə TV-yə çıxırdız, nə də müsahibə verirdiz...

- Xoş gördük, bəli! Söz verdim və söz verdiyim kimi də şəhidlərimizin ili çıxmamış heç bir verilişə qatılmadım, müsahibə vermədim.

- Bir ara sosial verilişlərdə ekspert kimi çıxış edirdiz, ondan da uzun müddətdir imtina etmisiz...

- Bu verilişlərdə bəzi insanlar məni özündənrazı, eqoist, həmişə qışqıraraq danışan kimi tanıdırlar. Amma bu qışqırmaq deyildi, haqqı tələb etmək idi.

 - Düşünmürsünüz ki, sizin emosionallığınızdan istifadə ediblər?

- Verilişlərdə ürəklə iştirak etmişəmsə, gördüklərimə haqlı cavablar vermişəmsə, əgər bunu istifadə kimi başa düşüblərsə, daha mən nə deyim?

- Əməkdar artist Kübra Əliyeva dedi ki, verilişlərdə ekspert qismində iştirak edərkən ödəniş alıb. Bəs sizdə?

- Proqramlarda sevə-sevə ekspert kimi iştirak edirdim. Amma kiməsə deməmişəm, mənə pul ver, gəlim. Məni buna heç kim məcbur etməyib.

- Nə vadar etdi ki, belə verilişlərdən uzaqlaşdınız?

- Zeynəb Xanlarovaya (Xalq artisti, bibisi- red) söz verdim ki, sosial verilişlərə çıxmayacağam.

- Zeynəb Xanlarova demişkən, bir ara bibinizə görə Xalq artisti Flora Kərimova ilə düşmən idiz. İndi münasibətiniz necədir?

- Zeynəb xanıma – bizim dəyərli, Azərbaycanın bir nömrəli Xalq artistinə kimsə bir söz desə, anında cavabı hazırdır. O, mənimdir də, canımdır. Necə onu müdafiə etməyim?

- Mədəniyyət naziri Anar Kərimov gəldikdən sonra teatrda nələrsə dəyişdimi? Əbülfəs Qarayevin dövründə hansı boşluqlar var idi?

- Mən 1986-cı ildən aktrisa kimi fəaliyyət göstərirəm. Filmlərdə baş rollara çəkilmişəm. Mərhum Prezidentimiz Heydər Əliyev 2002-ci ildə mənə “Əməkdar artist” fəxri adını verib, sonra hazırkı Prezidentimiz İlham Əliyev “Prezident mükafatı”na layiq görüb. “Əməkdar artist” adı almağımdan 20 ilə yaxın vaxt ötüb. İnanıram ki, yeni gələn nazir diqqət yetirəcək. Layiqlilər layiqli adlarını alacaqlar. Mən xalqın içində elə xalqın artistiyəm. Əgər sevilirimsə, mənə hörmət, izzət varsa, elə xalqın artistiyəm. Amma belə baxanda, mən heç kəsdən əskik deyiləm! Sənət baxımından deyirəm. Sözümü demiş aktrisayam, dünənin, o günün, bu günün sənətkarı deyiləm ki! 1986-cı ildən dırmana-dırmana gəlmişəm.

Ev siyahısında adım olub, mənə ev də təqdim olunub. 115 kvadratmetr idi. Oranı təmir etdirə bilməzdim. 2008-ci ildə verilmişdi. Elə bir imkanım yox idi. Ailəmlə bağlı problemlərim, borcum oldu, satdım. İndi də qalsa, onu təmir etdirməyə imkanım olmazdı. Maaşa baxan adamam.

- Bəs, hazırda harada yaşayırsız?

- İndi anamla yaşayıram, qardaşlarımdı, uşaqlarıdı... Evimiz balaca olsa da, elə bilirəm ki, villada yaşayıram. Qızımın övladlarının üçü mənim evimdədi, siz görəsiniz, mən səhər necə oyanıram, namazdan sonra o uşaqları oyadıram, geyindirirəm, məktəbə aparıb qoyuram. Kənardan olan buna heç kim inanmaz. Elə yorğun olmuşam, təsəvvür et ki, gözümə “spiçka” qoymalıyam ki, oyaq qalım. Həmin vaxt uşaq gəlib ki, qoy, öpüm səni, öpüm. Həmin an bütün yorğunluğum çıxıb... 

- Şəxsi həyatınız nə yerdədir?

- Ailəm yoxdur. Hər bir qadın istəyər ki, həyatında kimsə olsun...

- Eşitdiyimə görə, sizin İrana girişinizə qadağa qoyulub...

- Qadağam davam edir. Sadəcə bir az dayanmışam, nazirlik dəyişəndən sonra rəsmi olaraq müraciət etməmişəm. Qadağamın əsaslı bir səbəbi yoxdur. İranlılar mənimlə sənətçi olaraq salamlaşırdı, yaxınlaşırdı. Sonra nə olduğunu bilmirəm. Ora həkimə, “check up”a gedirdim, yoxsa, maraqlı nə var ki? İrana getdin, başını bağlayırsan, həyat dayanır. Hətta bir dəfə məni sərhəddən buraxıblar, keçəndən sonra təzədən geri qaytarıblar ki, olmaz.

- Kino və ya seriala çəkilməmişdən öncə rayderiniz olduğunu deyirsiniz? Məsələn, sizdə “Türkan Şoray kanunları” var?

- Türkan Şoray qanunları nədir ki?

 - Məsələn, Xalq artisti Aygün Kazımova çıxış edəcəyi məkanlarda səhnənin qarşısında sərinkeş olmasa, səhnəyə çıxmır.

- Vallah, mən nə deyirəm ki, “ventilyator” olsun, nə şedevr olsun. Bir-iki dəfə istəmişəm cavanlara məsləhət verim, sonra demişəm, məsləhət, gir qarnıma! Üzlərinə sürtdüklərinə, ancaq gözəlliyə, geyimə fikir verirlər. Deyirəm, vallah, mən nə gözəllik axtarıram, nə də başqa şey, başına dönüm. Onsuz da qrim edirlər də. Mənə obrazı oynamaq, yaşamaq lazımdır, gözəllik axtarmıram. Mən deyirəm ki, elə səhnə olsun ki, palçığa, suya girim. Bəzilərini aparsalar, deyəcəklər ki, mən girmirəm. Təzəlikcə bilmişəm ki, müxtəlif profillərdən çəkilmək gözəllik formaları imiş. Mən nə sağ bilmişəm, nə də sol. Eləcə durmuşam, necə gəldi çəkiblər.

- Bəzi sənətçilərə sual veriləndə ki, ən böyük arzunuz nədir, bir neçəsi deyib ki, övlad toyu görmək. Sizcə, sənətçinin, aktyorun ən böyük arzusu bu olmalıdır?

- Bu, bioloji prosesdir də, onsuz da uşaqlar böyüyəcək, övlad, uşaq sahibi olacaq. Niyə ən böyük arzu bu proseslər olsun ki?

- Uşaqlar demişkən, qızınızla münasibətiniz necədir?

- Şükür, çox yaxşıdır. Üç övladı mənimlədir, uşaqları o qədər çox sevirəm ki... Çox istərdim mənə bir bağça versinlər, oranın müəllimi, ya da müdiri mən olum. Onlara sevə-sevə baxaram. Yedirərəm, yuyunduraram, geyindirərəm. Ana olmamışam, amma analıq hissində ana olanlardan daha yaxşıyam...

FOTO/VİDEO: Nuran Məmmədov

Çəkilişdə göstərdiyi köməyə görə “Highboost” restoranına təşəkkür edirik.