Müğənnilər Sevil və Sevinc Səfərovalar mahnılarını Səidə Sultanın “itə tök” adlandırmasına münasibət bildirib.
OLAY yazır ki, sənətçilər bu barədə “7 Özəl” verilişində danışıb:
“Kaş, siz dediyin tərzdə söyləyərdi. Desəydi ki, belə duetlər çoxdur, bunu normal qarşılamaq olardı. Onun söylədiyi ifadə düzgün deyildi. Heç kim bizimlə sənət dostu olmaq məcburiyyətində deyil, amma həmkarıq, hörmət etmək məcburiyyətindədir. Əgər sakit tərzdə söyləsəydi, deyərdik ki, çox sağ olun, hərənin bir zövqü var. Əfsuslar olsun ki, elə deməyib. Hələ ki susuruq.
Biz problemimizi heç vaxt efirdən demirik. Efirdən söz atmaq, kiminsə işini, əziyyətini yerə vurmaq, hörmətsiz yanaşmaq bizlik deyil. Sözümüz varsa, zəng edib özünə deyirik. Mahnını bəyənməsək də, o şəkildə demərik. İşlətdiyi ifadələrə cavab verməyi özümüzə hörmətsizlik bilirik”.
Qeyd edək ki, S.Sultan “Şourum” verilişində Sevil-Sevinc Səfərovaların meyxanaçı Namiq Qaraçuxurlu ilə “Oxşamıram” adlı duetləri barədə bu fikirləri səsləndirmişdi:
“Belə mahnıları camaat birinci sırada görürsə, biabırçılıqdır. Belə mahnılar “itə tök”dür”, doludur. Ona zövqlü mahnı deyirlər? Buna baxıb deməsinlər ki, paxıllıq edir. Çəkisi olmayan mahnıya necə paxıllıq edəsən? O mahnılar sadəcə zövq korlayırlar, pislik edirlər”.