Əməkdar artist Elza Seyidcahan mülk məsələsinin həlli ilə bağlı bir neçə gündür “Səni axtarıram” verilişində qonaq qismində iştirak edir.
OLAY yazır ki, sənətçi 70 min manat borcu olduğu üçün proqrama qatılaraq yardım istəyib. Onun bu addımı isə birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə tənqidə məruz qalan Elzaya sənət dostları dəstək olub. Əməkdar artist Nüşabə Ələsgərli verilişə telefonla bağlanaraq ona 1000 manat yardım edib və bu sözləri deyib:
“Elza Seyidcahan Rəşid Behbudovun, Şövkət Ələkbərovanın dövründə yaşasaydı, arxayın olun ki, onun mahnılarını ifa edərdilər. Elzanın mahnılarını indiki dövrdə yaşayanlar - mən, Brilliant Dadaşova ifa edir. Neyləyək ki, Elza hazırkı dövrdə doğulub? O, bizim müasirimizdir, onu sevirik, dəstəkləyirik!”.
Müğənni Nadir Qafarzadə də Seyidcahana dəstək olub:
“Vaxt var idi Şövkət xanım, Rəşid bəy və digər böyük sənətkarlar oxuyanda bir çoxu televizoru söndürərdi. İndi həyatda yoxdular deyə, yaman şirin olublar. Allah sizə rəhmət etsin, sənətkarlar. Habil Əliyev demişkən, adamın lap ölməyi gəlir.
Son vaxtlar bəziləri özlərini meloman və zövqlü göstərmək üçün keçmiş ifaçıları misal gətirirlər. Elza Seyidcahan, vaxt gələcək indi bəyənməyənlər sənə rəhmət oxuyacaqlar, buna əmin ol! Sən savadlı musiqiçi və yaxşı bəstəkarsan! Ey insanlar, bəsdirin yaradıcı insanları qırdınız, sındırdınız, əzdiniz. Onsuz da Azərbaycanda barmaq sayı qədər sənətkar qalıb, onların qədrini bilək! Sağlığında dəyər verək! Harda qaldı qadın həmrəyliyi? Qadın qadını bu qədər alçaltmaz, ələxsus da sənət adamını!”.