Aktrisa Aydan Axundzadə həyat yoldaşı, aktyor İbrahim Çingizin doğum günü münasibətilə sosial media hesabında paylaşım edib.
OLAY yazır ki, sənətçi onunla fotosunu izləyicilərlə bölüşərək bu sözləri yazıb:
“Bu günü nə qədər sevdiyini bilirəm. Hər il mayın 5-də gecə saat əqrəbinin nəhayət 00:01-i göstərəcəyini və tarixin 6-ya dəyişəcəyini böyük həyəcanla gözləyirsən. Ən qısa zamanda nağılın içərisində olmaq, hədiyyələr, təbriklər almaq istəyən səbirsiz, kiçik, xoşbəxt uşaq oyanır. Bu, həyatımda görə biləcəyim ən gözəl mənzərədir. Tanış olduğumuz ilk gündən dünyama sülh, xoşbəxtlik və rahatlıq gətirdin. Sən mənim evimsən. Möcüzəvi bir insan olsaydı, yəqin ki, o, sən olardın. Hərdən mənə elə gəlir ki, sən bu dünyadan deyilsən. Sanki yaradan cənnətin qapılarını bir anlıq açıb və sən də hər şeylə maraqlanan bir uşaq kimi oradan qaçıb öz nurunu bölüşmək üçün dünyamıza gəlmisən. Sən mənim tanış ola biləcəyim ən mehriban, ən saf, ən mükəmməl ruhsan. Allah məni sevir, buna əminəm! Həyatımdakı yerini başqa necə izah edə bilərəm? Səndə dəyişmək istədiyim heç bir xüsusiyyət yoxdur. Səni sevirəm, ayım, günəşim, “günaydın”ım və “gecən xeyrə”m, nəfəsim və talismanım. Daha əvvəl neçə həyat yaşamışam və daha nə qədər yaşayacağımı bilmirəm, amma bu, mənim ən yaxşı həyatımdır - sənin yanında, qollarında. Ad günün mübarək, mənim super qəhrəmanım!”.
Qeyd edək ki, cütlük ötən il ailə həyatı qurub. Onlar hazırda “Yuxu kimi” serialında iki sevgilini canlandırırlar.
Onu da bildirək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur.