“Sizcə, bu gün insanlar peşəkar musiqi dinləmək istəyirlər, yoxsa “şandrika” mahnıları? İndi ölkədə hansı mahnılar dillər əzbəri olur və daha çox sevilir? Gəlin, düz danışaq. Siz ifaçını bayağı mahnılarla daha çox tədbirlərinizə dəvət edirsiniz. Çünki sizə belə musiqilər lazımdır”.
OLAY yazır ki, bu sözləri instaqramda müğənni Xatirə İslam qeyd edib. O, bayağı mahnılarla bağlı qalmaqaldan danışıb:
“Sizə nə maraqlıdırsa, ifaçılar onu hazırlayıb təqdim edir. Bayağı dediyiniz ifaçılar tədbirlərə özləri gəlmir, dəvət edirsiniz, yaxşı qonorar verirsiniz. Bu da o deməkdir ki, “şandrika” mahnılara daha çox tələbat var. Musiqi duyumu olmayan , lakin varlı insanlar daha çoxdur. Hər kəsin zövqünə hörmətlə yanaşaraq demək istəyirəm ki, əziz ifaçılar və səhnəyə çıxanlar, bayağı musiqi yoxdur, bayağı ifa var.
Mahnıları iki saata aranjıman etdirməyin. Bir ifanın 20 il dinlənilməsini istəyirsinizsə, səslənməyə, vurğulara diqqət edin ki, gələn il qulaq asanda sizə köhnə kimi gəlməsin. Çoxu bayağı mahnılara gizli qulaq asır. Çünki içi odur. Amma məclisinə səviyyəli ifa musiqi təqdim edən sənətçiləri çağırır. Özünüz olun, daha bəsdir. Sərbəst davranın, istədiyin adam olun, zövqünüzdən utanırsınızsa, bir az dəyişin”.
Qeyd edək ki, Sevda Ələkbərzadə İçərişəhərdə keçirilən konsertin videosunu paylaşaraq “İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur, görəsən?” - deyə bildirmişdi. Sözügedən videoda müğənni Türkan Vəlizadənin çıxışı yer almışdı.