Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.
OLAY yazır ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Bildirilib ki, R. İbrahimbəyov uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.
1989-cu ildə əsası qoyulan “İbrus” (İB - İbrahimbəyov, RUS - Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.
7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilmişdir. 2 iyul 2013-cü il tarixindən birləşmiş müxalifət cəbhəsinin Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilmişdir. Lakin 27 avqust 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilib.
İlk həyat yoldaşı Şöhrət İbrahimbəyovadan 1972-ci ildə rejissor Fuad İbrahimbəyov dünyaya gəlib. İkinci həyat yoldaşı Xalq artisiti Lyudmila Duxovnayadan 1974-cü ildə rejissor Fatimə İbrahimbəyova dünyaya gəlib.
Allah rəhmət eləsin!