“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsinin növbəti qonağı Xalq artisti Eldar Mansurov olub.
OLAY yazır ki, görkəmli bəstəkar dünyaca məşhur olan “Bayatılar” musiqisindən danışıb. Sənətçi türk həmkarı Sezen Aksunun həmin musiqiyə yazdığı “Zalim” mahnısından da söz açıb:
“Vahid Əzizin sözlərini “Zalim”ə çevirmədilər. Vahid Əzizin sözləri başqadı, “Zalim” başqa... Dünyanın hər yerində bu, var. Məsələn, Rusiyada mənim “Bayatılar”ıma rusca söz yazıb, adını “здравствуйте” yəni “Salam” qoyub. Xaricdə çox adam Azərbaycan dilini bilmir. Bir nəfər də bu mahnını oxuyub, “суббота” adını verib. Müxtəlif dövlətlərdə, xalqlarda, müxtəlif ifaçılar öz dilində oxuyub ki, başa düşsünlər. Vahid Əzizin sözləri Azərbaycan üçün çox yaxşıdır. Tutaq ki, Rusiyada “Bayatılar”ı oxusalar, Azərbaycan dilindən nə başa düşəcəklər? Türkiyədə də öz sözlərini yazıblar. Amma 1995-dən bu günə qədər “Zalim” populyarlığını qoruyub. “O ses Türkiye”nin hər sezonunda azı 3-4 iştirakçı ifa edir. Hər il neçə ifaçı mənə Türkiyədən müraciət edib, mahnının icazəsini alırlar. Musiqinin haqqları məndədir, mənə müraciət edirlər. Güman ki, Türkiyədə də sözləri üçün Sezen Aksuya müraciət edirlər”.