Xalq artisti Miri Yusif və müğənni Sevinc Musayevanın məhkəmə prosesi baş tutub.
OLAY-ın əldə etdiyi məlumata görə, 28 fevralda Binəqədi rayon məhkəməsində Xalq artisti Miri Yusifi sosial şəbəkələrdə təhqir edən və barəsində böhtan xarakterli məlumatlar yaydığı iddia edilən müğənni Sevinc Musayeva barəsində vermiş olduğu şikayət ərizəsinin baxılmasına hazırlıq iclası keçirilib.
Vüsal Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə hakim Sevinc Musayevanı cinayət məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində tanıyaraq məhkəmə baxışını 7 mart 2022-ci il tarixinə təyin edib.
Qeyd edək ki, S.Musayeva sosial media hesabında Miri Yusifə tənqid və təhqirlərin yer aldığı ifadələr yazmışdı. O, “Youtube” kanalında da video paylaşaraq daha uzun bir açıqlama vermişdi. S. Musayeva hazırda həmin görüntüləri kanalından silib.
Onu da bildirək ki, 147.1 maddə sübuta yetirilərsə, günahkar min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
148-ci maddənin cəzası isə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmədir.