Olay
Olay

“Cinayət işi açılmayıb” - ProMete şikayətçidir

“Cinayət işi açılmayıb” - ProMete şikayətçidir

Tanınmış reper ProMete-nin (Pərviz İsaqov) anasının ayağını itirdiyi hadisə ilə bağlı cinayət işi açılmayıb. 

OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. Reper deyib ki, üç aydan çoxdur ki, hadisə araşdırılır:

“Təxminən üç ay əvvəl anamın başına gələn bədbəxt hadisə ilə bağlı video paylaşmışdım. Hamınıza dəstək olduğunuza və ictimailəşdirdiyinizə görə təşəkkür edirəm. Demişdim ki, baş prokurorluq və Yasamal rayon prokurorluğuna müraciət edəcəm. Belə də etdim. Bu müddət ərzində ekspertiza, Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndələri gəldilər, hadisə yerinə baş çəkdilər. Aşmış ağacın göbələk bitmiş kökünə də baxdılar. Cinayət işinin qaldırılması üçün bu qədər fakt və sübutlar olduğu halda prokurorluğun cavabı qəribə oldu. Əvvəlcə deyim ki, baş prokurorluğun nümayəndəsi 25 noyabrda “Sabaha saxlamayaq" verilişində dedi ki, bizim 22 noyabrdakı onlara verdiyimiz məlumatı alıb hadisə yerinə baxış keçiriblər. Əslində isə müstəntiq tərəfindən izahatın alınması və hadisə yerinə baxış daha sonra oldu. Ekspertlərin hadisə yerinə baş çəkməsi isə müraciətimizdən bir ay sonra həyata keçdi. Heç kimi günahlandırmıram.

Amma ehtimal edirəm ki, həmin vaxt baş prokurorluğa Yasamal rayon prokurorluğundan verilən məlumatlar qeyri-dəqiq olub ki, sözügedən nümayəndə həmin məzmunla televiziyada çıxış edib. Azərbaycan Respublikasının cinayət-prosessual məcəlləsinin 207.1.2 bəndində deyilir ki, cinayət xarakterli məlumatlar 30 gündən gec olmayan müddətdə araşdırılmalı və nəticədə ya cinayət işi qaldırılmalı, ya da rədd edilməlidir. Lakin Yasamal rayon prokurorluğu müddətə əməl etməyib. Artıq üç aya yaxındır ki, hələ də cinayət işi başlamayıb, araşdırma aparılır. Deyirlər ekspertizanın verdiyi rəy tam deyil. Ağacın nə vaxt quruduğu, qulluq edilib-edilməməsini ekspert deyə bilmir. Çünki ağacın aşmış hissəsi yoxdur. Həmin hissəni isə hadisədən dərhal sonra yaşıllaşdırma idarəsinin işçiləri tərəfindən aparılıb. Kobud nümunə ilə desək ortada bıçaqlanan var, bıçaqlayan da var. Amma bıçağı tapa bilmirik deyə cinayət işi qaldırılmır. Biz qeyd edilən ağacın hadisədən dərhal sonra çəkilən fotolarını prokurorluğa təqdim etmişik. Həmçinin ekspert bildirib ki, ağac quru olub, onun içində qov göbələyi adlanan parazit göbələk var. Hansı ki, sağlam ağaclarda yaşaya bilmir. Həm də bir ağacın quruması üçün bir neçə il lazımdır. Bir neçə aya kökünə qədər quruya bilməz. Vəzifəsi ağaca qulluq etmək olan şəxslər işlərini görsə idilər, monitorinq aparsaydılar, ağacın quruduğunu görüb, kəsərdilər. Necə ki, şikayətdən sonra Bakıda üç min qurumuş ağacı kəsiblər. Ağaclara qulluq etmək vəzifəsi olan qurumlar istintaqa ekspert rəyinə zidd açıqlamalar veriblər. Hazırda həmin sənədləri açıqlamaq istəmirəm. Lakin bunları araşdırmanı aparan prosessual şəxsə bildirmişik. Prokurorluqdan bildirilib ki, təkrar ekspertiza keçirilməlidir. Bu təkrar ekspertizalar nə qədər davam edəcək konkret deyə bilmirlər. Görəsən daha nə olmalıdır ki, vətəndaşın həyatına təhlükə yaradan ağacı kəsmədiyinə görə lazımi qurum cəzalandırılsın. Biz şikayətimizi daha yüksək instansiyalara qaldırmaq fikrindəyik. Bu barədə sizə xəbər verəcəm”.

Qeyd edək ki, reperin anasının başına bu hadisə ötən ilin noyabrında gəlib. Güclü külək nəticəsində binanın həyətindəki ağac sənətçinin anasının üzərinə aşıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Onun ayağı topuqdan aşağı kəsilib.