Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan xalqının qəhrəmanlıq ruhunu özündə simvolizə edən Şuşanın tarixi əhəmiyyəti, yüksək mədəni- mənəvi dəyəri nəzərə alınaraq 2022-ci il “Şuşa ili” kimi qeyd edilir.
OLAY yazır ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illik yubileyi keçirilən qədim Şuşa ilə bağlı müxtəlif səpkili layihələr hazırlanır.
Bunlardan biri də “Mugham”ın yeni satışa çıxardığı “Karabakh Bouquet - 1752” adlı ətirdir. Milli dəyərləri özündə əks etdirərək fərqli çeşidlər təqdim edən “Mugham”ın növbəti parfümünün qablaşdırılması Şuşanın simvolu olan “Gövhər Ağa” məscidinin memarlıq üslubundan, minarələrin üzərindəki naxışlardan ilhamlanaraq dizayn olunub.
Şərq üslubunda, çiçək qoxulu “Karabakh Bouquet - 1752” parfümü Qarabağ regionuna xas gülləri xatırladır. Ətrin tərkibindəki qafqaz xədicəgülü, qazsoğanı, fişer güləvəri çiçəkləri və ən əsası xarıbülbül azərbaycanlıların doğma yurdlarına dönməsinin ən xoş qoxulu təzahürüdür.
Bu günlərdə tamaşaçılara təqdim edilən "Karabakh Bouquet - 1752" ətrinin tanıtım çarxının musiqi müəllifi görkəmli bəstəkar Vaqif Gərayzadədir.
Qeyd edək ki, “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır. Fransada istehsal edilən parfüm muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyır. “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.