Əməkdar artist Dilarə Əliyeva bir müddətdir hazırlaşdığı “Mintonasiya” adlı stend-ap şousunu başa vurub.
OLAY yazır ki, ötən gün Heydər Əliyev Sarayında keçirilən tədbirdə aktrisa həm güldürüb, həm kövrəldib.
Mərhum həyat yoldaşı Oqtay Əliyevdən söz açan sənətçi bunları söyləyib:
“Biz bu konsertə hazırlaşarkən qohum-əqrəbaya bilet göndərdik. Gördük ki, hamıya dəvətnamə göndərmişəm. Bir nəfərdən başqa… Əminəm ki, o burdadır, məni eşidir və bəlkə də məni gözləyir. Bu gün həm də ad günümdür və o, mənə ürək sözlərimi bildirmək istəyir. Oqtay, düz danışan adam idi, mən də burada düz danışmağa çalışdım. Əgər nəyisə düz demədimsə, Oqtay, sən məni bağışla. Bağışla ki, səni dəvət edə bilmədim. Amma sən məni nə vaxt dəvət eləsən, mən gələcəm. Bura təşrif buyuran, bu gün mənə inanıb, yanımda olan hər kəsə təşəkkürümü bildirirəm”.