Arı
Arı

Şou-biznesi çiynində daşıyan iki kraliça!

Şou-biznesi çiynində daşıyan iki kraliça!

Pərviz Hüseyn yazır...

Biri 90-ların ən sərt vaxtlarında Azərbaycan mentallığını radikal şəkildə qıran ilk qadın müğənni... Digəri 2000-lərdə çeviriliş edən sənətçi!

Söhbət Azərbaycanın iki böyük pop ulduzu – fərqli qütblərdə, amma daim inkişafda olan, özləri kimi sənətlərini də gənc saxlayan Xalq artistləri Aygün Kazımova və Röya Ayxandan gedir.

Biri 30 ildən, digəri 20 ildən çoxdur öz yerindədir. Şou-biznesə gələnlərin çoxu iki seçim arasında qalır. Özü olmaqdan çox Aygün və Röya olmaq arzusundadılar.

Arzulamaq yaxşı şeydir, lakin icra etməyə gələndə bunu bacarmaq asan məsələ deyil. Məhz buna görə indiyədək “Aygün və Röyadan sonra mənəm” deyənlərin heç biri bu yükü qaldırmağı bacarmadı. Amma bu iki superulduz şou-biznesin tavanını uçmasın deyə illərdir öz çiynində daşıyır. Saysız hit, konsertlər, tədbirlər, mahnılar və səhnələr onlarla assosiasiya olunur.

Bu günlərdə isə onlar musiqi dünyasına və əyləncə sektoruna yenə töhfələr verirlər...

Pandemiya dövründə də şahid olduq ki, Azərbaycanın nəinki musiqiçiləri, hətta əkinçiləri belə toy biznesindən asılıdır. Toy yoxdursa, onlarla fəaliyyət sahəsi kor qalır.

Pandemiya bitdi və sənətçilərimiz onlar üçün əsas səhnə olan toyları daha ciddiyə almağa başladılar. Bununla bağlı ilk addım yenə də Aygün Kazımova və Röya Ayxandan gəldi. Onlar səhnəyə musiqiçilər və rəqqaslarla çıxmağa başladı. Uzun illər toylarda çıxış etməyən Kazımova ikonik ventilyatorları, rəngli geyimləri, repertuarı və uçuşan saçları ilə insanların şad günlərinə rəng qatırdı və qatmağa davam edir.

Röya Ayxan “toy bazarı”nın ən aktiv nümayəndəsi olsa da, məclislərdə hər zaman toya xitab edən mahnılarla yox, dillər əzbəri olan hitləri ilə səhnə alıb. Ayxan musiqiçilərlə yanaşı, səhnəyə artıq xanım rəqqaslarla da çıxır. Özünə Ukraynada dərslər almış komanda seçən pop ulduzun komandasında bu sferada yetərincə sözünü demiş, keyfiyyətli musiqiyə xidmət edən musiqiçilər yer alır.

Kazımovanın səhnədə seçimi isə hər dəfə ona uyğun kostyumlar geyinən 4 peşəkar oğlan rəqqasdır. Öncədən çalışılmış xareoqrafiya üzrə hərəkət edən oğlanlar sanki Divanı qoruyan mühafizəçilər kimidilər.

Təkrarolunmaz estrada ulduzları təkcə musiqi ilə yox, vizuallıqları ilə də gecələri unudulmaz edirlər. Hər dəfə fərqli kostyumlar, müxtəlif brendlərdən olan libaslar səhnədə bərq vurur. Elə hər iki starın özü kimi!

Şou-biznesin iki əsas sütununun xoş rəqabəti bu gün digərlərinə də sirayət edib. Biz artıq başqa sənətçiləri də səhnədə musiqiçilərlə, rəqqaslarla görürük. Yaraşdı-yaraşmadı superulduzların yolu ilə gedən müğənnilərimiz istəyərək, yaxud məcbur qalaraq bu addımı atırlar. Nəticədə isə qazanan illərdir konsert və dövlət tədbirləri gözləməyə məhkum olan musiqiçilərimiz və rəqqaslarımız olur.

Aygün Kazımova və Röya Ayxanın başlatdığı bu genişmiqyaslı trend sayəsində onlarla musiqiçi hər gün davamlı olaraq pul qazanır, rəqqaslar evinə “çörək” apara bilir. Sənətçilərimizin şou-biznesə yaydığı bərəkətdən hamı faydalanır. Həmçinin, yeni nəsil keyfiyyətli musiqini seçib “ac qalacağ”ını düşünmür.

Bunun özü artıq mədəniyyətə çox böyük xidmətdir - insanların pul qazanmasına rəvac vermək və mədəniyyətin tənəzzülə uğramaması üçün yeni nəslə motivasiya vermək!

Onlar təkcə şouları və mahnıları ilə yox, açdıqları yollarla da hər kəsə örnək olurlar! Şou-biznes boş sözlərlə yox, əməllərlə idarə edilir. Bunu hər kəsə aşıladığı üçün hər iki sənətkara təşəkkür düşür!