Olay
Olay

“Onlar da xoşbəxt olmaq, oxumaq, işləmək, ailə qurmaq istəyirlər”

“Onlar da xoşbəxt olmaq, oxumaq, işləmək, ailə qurmaq istəyirlər”

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva 2 Aprel Ümumdünya Auitizm haqqında Məlumatlandırma Günü ilə bağlı tədbirlərin birində iştirak edib.

OLAY yazır ki, iş xanımı fotolarını paylaşaraq bu sözləri yazıb:

“2 Aprel Ümumdünya Autizm haqqında Məlumatlandırma Günüdür. Tanıyanlar bilir ki, uşaqlar ən həssas yerimdir. Autizmdən əziyyət çəkən balalar isə xüsusilə bu mövzunun mərkəzindədir. Dəfələrlə autizmdən əziyyət çəkən uşaqlarla görüşmüşəm, söhbətlər etmişəm, onların əl işlərinə, bacarıqlarına baxmışam. Bir insan kimi autizmli uşaqlara münasibətim tam fərqlidir. Tibb elmi bu uşaqları əlilliyi olan şəxslər kimi qəbul etsə də, mən bunu qəbul edə bilmirəm. Çünki bilirəm ki, bu uşaqlar ruhən xəstə deyillər. Onlar təbiətin yaradılışı və bu dünyanın bir parçasıdır. Gəlin, qəbul edək ki, dünyamız çox böyükdür və autizmli insanlara bu dünyada kifayət qədər yer var.

Onlar da xoşbəxt olmaq, oxumaq, işləmək, ailə qurmaq istəyirlər. Onların da arzuları və ümidləri var. Sizi əmin edirəm ki, onların bütün arzuları safdır, təmizdir. Düzdür, onlar normal insanlardan fəqlənir, amma bu fərqlilik dünyamızı zəiflətmir, əksinə gücləndirir. Autizimli insanların sadəcə kommunikasiya (yəni başqa insanlarla təmas) problemi var. Biz çalışıb bu problemi aradan qaldırmalıyıq. Məni narahat edən ən ciddi məsələ autizmli insanların hüquqlarının tez-tez pozulmasıdır. Aydın məsələdir ki, bu insanlar öz hüquqlarını kifayət qədər yaxşı müdafiə edə bilmirlər.

Yəni, tutaq ki, onlara qarşı zorakı davramışlar barədə hüquq mühafizə orqanlarına, bəzən isə hətta öz valideynlərinə belə doğru-dürüst məlumatlar verə bilmirlər. Bu səbəbdən hər bir insan çalışmalıdır ki, autizmli şəxsə qarşı qanunsuz hərəkətlər baş verməsin və bu cür hərəkətləri görəndə biganə qalmasın. Amma təəssüf ki, bəzən bunun əksini görürük. Cəmiyyətdə elə fiziki cəhətdən sağlam, lakin ruhən xəstə fikirli insanlar var ki, autizm onun yanında heç nədir. Biz autizmdən əziyyət çəkən insanları qorumalıyıq, onlara daim qayğı göstərməliyik. Bu bizim hamımızın insanlıq borcudur”.