Türkiyənin əfsanəvi aktrisası Türkan Şoray tələbələrin suallarını cavablandırıb.
OLAY yazır ki, sənətçiyə sual verən gənclərdən biri azərbaycanlı olduğunu qeyd edib.
O “Mən 1999-cu ildə doğulmuşam. Biz Azərbaycanda yeni-yeni sizin filmlərinizi izləyəndə diqqətimi çəkən “Şoray qanunları” idi. Niyə öpüşmə səhnələrində “Şoray qanunları” deyirlər” sualını ünvanlayıb. Aktrisa həmin xanıma bu cavabı verib:
“Mən demədim, onlar deyirlər (gülür). Kino cameasına yeni daxil olduğum vaxtlarda yaşım az idi. Onda birinci filmimdə Ayhan Işıkla bəlkə 15 dəfə öpüşdürdülər bizi. Mənə bu oyun kimi gəlirdi, nə olduğunu bilmirdim, nəsə hiss etmirdim. Dəcəl gənc qız rollarını oynayırdım, qaçırdım, stolun altına girirdim. Azadlığı kinoda tapdım. Çünki qapalı bir mühitdən çıxmışdım, çəkilişdə normal yerimirdim, divarın üstünə çıxırdım. Sonra “Bomba gibi kız” filmində gözəl, yetişkin qadın obrazında idim. Artıq belə rollar verməyə başladılar. Dəcəl qızdan daha fərqli rollara keçdim. Bu əsnada tamaşaçılarla aramda çox gözəl bağ quruldu, mənə “qara qız” deyirdilər. Məni tanımağa başladılar, çox sevdilər. Artıq gözüm heç nə görmürdü, işimə böyük bir eşq başladı. Çəkilişə səhər 4-də çağırsalar, gedirdim. Bu da sevilmə ehtiyacı ilə əlaqəli idi. Məni yolda görüb qucaqlamaları, sevgilərini göstərmələri çox gözəl idi. Məndə motivasiya yaratdı, kinoya bağlandım. Mühafizəkar mühitdən idim. Bəzən məktublar gəlirdi. Məsələn, evli qadın obrazında idim, bir başqa bəy boynuma toxunurdu. Onu yazırdılar ki, buna necə icazə verirsən? Obrazları mənimsəyirdilər.
O illərdə öpüşmək kimi səhnələrin necə qarşılanacağından çəkinirdim. Bu da tamaşaçı sevgisini itirməkdən qorxmaq idi. Uşaqlıq yaşlarından keçəndən sonra öpüşmə səhnələri məni narahat edirdi, daha çox utanırdım. Həmin səhnə çəkiləndə bütün işçilər, operatorlar, işıqçılar sənə baxırdı. Dedim, niyə bunlarda çəkilirəm? Artıq filmlərdə çəkilmək istəmirəm. Sonra razılaşmalar imzalanırdı. Mən də ən çox filmə çəkilənlərdən biri idim. Ona görə anlaşmalarda şərtlərimi yazırdım. Ora öpüşmə səhnələrində çəkilməyəcəyimi də yazdırdım. Ardınca jurnalistlər bunu “Şoray qanunları” kimi yaydılar. İllər keçdi. Televiziya dövrü başladı, öpüşmə səhnələri daha çox yayıldı.
“Ah güzel İstanbul” filmi çəkilməli idi. Rejissoru evimə 4 dəfə gəldi, dedi ki, Türkan xanım, nə olar bu filmdə oynayın, çox gözəl ssenarisi var. Ssenarini çox sevirəm, ölürəm oynamaq üçün. Amma Kadir İnanırla sevişmə səhnəsi var. Sona qədər sevişmə səhnəsidir. Anlayın (gülür). Dedim, edə bilmərəm. Həm də oynaya bilməyəcəyim üçün ağlayıram. Ardınca həmin obrazı Müjde Ar oynadı, o filmlə populyarlaşdı. Müjde qadının cinsi azadlığı ilə bağlı filmlərdə oynamağa başladı. Həmin dövrdə bu mövzu çox danışılırdı, jurnallar çıxdı, qadınlar üçün dərnəklər quruldu. Onda fikirləşdim ki, dövrlə ayaqlaşmalıyam.
“Mine” deyə bir filmdə rol aldım. Orada qadın cəmiyyətin təzyiqindən bezir, hamı onları linç edir, daşlayır. Amma iki sevgili əl-ələ oradan uzaqlaşır. Filmdə bir səhnə var. Bütün məsələ onunla bağlıdır. Qadını dəli edirlər. Evinə gəlirlər, zəng edib narahatlıq yaradırlar. Yazarın evinə gedir, deyir, səninlə olmaq istəyirəm. Bunun ardınca müthiş bir sevişmə səhnəsi gəlir. Tərəf müqabilim daha sonra ərim oldu. O səhnə dava-dalaşla çəkildi. “Türkan Şoray” qanunlarını da öz əllərimizlə ləğv etdik”.