Olay
Olay

“Danışmırdıq, amma konsertimə gəldi”

“Danışmırdıq, amma konsertimə gəldi”

Ötən gün müğənni Natavan Həbibinin konserti baş tutub.

Uzun müddət sonra canlı proqramla sevənlərinin qarşısına çıxan Nataone “Hayal kahvesi”ndə səhnə alıb.

Həm hitə çevrilən mahnılarını, həm yeni bəstələrini səsləndirən müğənni konsertdən sonra OLAY-la təəssüratlarını bölüşüb:

“Xoşuma gəldi. Çoxdandır canlı proqramla çıxış etmirdim. İnşallah bundan sonra başqa mahnıları da proqramımıza daxil edib, davam etmək istəyirik. Yeni mahnılardır, yeni nəfəs və əhval-ruhiyyədir. Sanki yeniləndim. Mahnılarım da bunu deyir. Məncə, dəyişikliklər olacaq. Olsun yeni era!  Əlavələr oldu. Çünki konsert yarım saat baş tutmalı idi. Amma tamaşaçılardan istilik, enerji gördüm, ayrılmaq istəmirdim. Bir az da davam etdik. Köhnə mahnılarımızdan oxuduq. Sırf bu gecə üçün hazırladığımız mahnılar var idi. Müxtəlif dillərdə ifa etdik. Müəllifi Erkin Osmanlı və mən idim. Bunlar demo versiya idi. Hələ hazır formatı yoxdur. Fikirləşirik ki, bir müddət canlı təqdim edək. Sonra böyük platformalarda yayımlayarıq”.

Natavan deyib ki, Bakı Konqres Mərkəzi, Heydər Əliyev Sarayı kimi böyük səhnələrdə də konsert vermək haqda düşünür: 

“Niyə də yox? Düşünürük. Zeydin 4 yaşı var. Evdən rahat şəkildə çıxa bilirəm. Düşünürəm ki, işlərimizlə məşğul olacağıq. Yəqin ki, edəcəyik. Müğənninin işi konsert vermək, mahnılar yayımlamaqdır. Biz də işimizi yerinə yetirəcəyik”.

Müğənni söyləyib ki, konsert üçün onun stili üzərində bacıları çalışıb:

“Ətrafımda ancaq bacılarımdır. Biri Moskvadadır, biri Amerikada, biri burada. Məsləhətləşirik seçirik. Özüm, bacılarım və anamın zövqü olur. Bir komanda kimi çalışırıq. Kimsə sifariş verir, kimsə alır, kimsə lazımi nəyinisə edir, kimisi bəyənmir. Belə hərənin öz missiyası  var”.

Həbibi qeyd edib ki, gecədə onu təəccübləndirən dostları da olub: 

“Sürpriz qonaqlarım oldu. Ayaz Babayev gəldi. Jurnalist Elvin Elxan gəldi. Yüz ildir onunla danışmıram, amma gəldi. Onu öldürəcəyəm (Gülür). Pərəstişkarlarım burada idi. Çox xoş oldu. Belə gecələrdə sırf dəvət etməkdən, “gəlin” deməkdən uzağam. Könüldən keçib özü gəldisə, bir buket gətirdisə, təəssürat tamam başqa olur. Məsələn, bir rəfiqəm gəlmədi, amma gülünü göndərdi. Bu mənim üçün ayrı dünyadır. Bir dostluğun nə qədər düz olduğunu sübut edir. 20 illik dostluq öz doğmalığını büruzə verirsə, çox xoşbəxtəm. Dostlarımı bir-bir öpüb, qucaqlamaq istəyirəm, nə yaxşı ki, varımsınız”.

Sənətçi sonda səhnə şousundan da söz açıb: 

“İki ildir komanda kimi çalışrııq. Qızlar həmişə yanımdadır. İki nəfər deyil. Lazım olsa, 18-20 nəfər var. Sadəcə səhnəmə çıxış bu şəkildə olsun deyə iki mələyim yanımdadır. Mən onlara Çarlinin mələkləri də deyirəm. Həbibinin mələkləri (gülür). Onu da deyim ki, mən fikirləşirdim bu gecə hansısa məkanda yarım saatlıq görüş kimi olacaq. Amma dedilər ki, bilet satışı var. O sözü eşidəndə dedim ki, mümkün deyil. İnsanlar bilet alıb sırf Natavana qulaq asmaq üçün gəliblərsə, canlı proqram olmalıdır.  Yoxsa özüm özümü aldatmış olaram. Mən 20 ilin təcrübəsini sata bilməzdim. İki həftə ərzində hazırladıq. Musiqiçilərimə təşəkkürümü bildirmək istəyirəm. Bir daha hər kəsə təşəkkür edirəm. İnşallah gələn görüşlərdə daha mürəkkəb, daha maraqlı, yeni proqram, mahnılar olacaq. Çünki sənət bunun üçündür ki, yeni nələrsə təqdim edəsən”.

Natavan Həbibi əlavə olaraq bəzi tamaşaçıların gecikmə ilə bağlı narazılığına aydınlıq gətirib. Çıxış vaxtı ilə hər şey danışıldığı kimi olub. Gecikmə olmadığını, səhnə öncəsi DJ setinə yer ayrıldığını, konsertin gedişatının bu cür təyin olunduğunu bildirib. Qeyd edib ki, 2 həftə ərzində bu cür şounu ərsəyə gətirə bilmək uğurlu nəticədir.

Fotolar/Video: Soltan İbrahimov