Olay
Olay

Reallıq, dram, ağrılar... - “Apatiya” təqdim olundu

Reallıq, dram, ağrılar... - “Apatiya” təqdim olundu

Aktyor Hikmət Rəhimovun sayca ikinci rejissor işi – “Apatiya”nın qala gecəsi baş tutub.

OLAY yazır ki, tədbirdə mədəniyyət və media nümayəndələri, ictimai xadimlər, yazıçılar, şairlər iştirak edib.

Sosial dram janrında olan filmin reallığı əks etdirən səhnələri xüsusilə maraqla qarşılanıb. Filmin aktyor heyəti ilə yanaşı kino cameasının tanınan simaları da qırmızı xalıda addımlayıb. Onların bir-birindən fərqlənən tərzləri gecədə diqqət çəkənlər sırasında olub.

H. Rəhimov bildirib ki, cəmiyyətdə onu narahat edən problemləri filmdə işıqlandırıb:

“Bu gündən etibarən film bütün kinoteatrlarda olacaq. Həm ssenari müəllifi, həm də rejissor kimi cəmiyyətdə məni narahat edən mövzular var idi. Bunlardan biri də qızların erkən yaşda evləndirilməsi idi. Ailələrdə qadın-kişi münasibətlərinin soyuqluğu və bunun içərisində böyüyən uşaqlar. Düşünürük ki, kinoteatr həyatını yaşayandan sonra, festivala da göndərilə bilər. Niyə də yox? Mən fikirlərin birmənalı olmamasına hazıram. Çünki müəyyən açıq səhnələr var. Cəmiyyət olaraq buna hazırıqmı? Bilmirəm. Amma dünya təcrübəsində bundan da artıq mövzuları filmə gətiriblər. Üçüncü film gözlənilir. O da sosial dramdır. Səhnəni açıq səhnə xatirinə çəkməyin də adı yoxdur. Gərək məntiqlə üst-üstə düşsün. Bu gün izləyəcəyiniz səhnələr sizi narahat etməyəcək. Deyə bilərsiniz ki, bunu niuyə göstərirsiniz? Amma içinizdə fikirləşəcəksiniz ki, burada heç nə yoxdur. Zatən bunu hamı edir” 

Tural Baxış isə ssenari ilə ilk tanış olduğu vaxt keçirdiyi hisslərdən danışıb:

“Çəkiliş 5-6 gün ərzində oldu. Amma çox ağır şəraitdə keçdi. Həm vaxtımız az idi, həm də obraz mənə yad idi. Hikmətlə uzun-uzadı söphbətlərdən sonra qərara gəldik ki, bu obraz belə görünsün, bu görünüşdə olsun. Ümid edirəm ki, tamaşaçılar da filmi, hekayəni yaxşı qarşılayar, maraqla izləyərlər. İlk dəfə səhnələri öyrənəndə, azərbaycanlıyıq da, bir az çəkindim. Dedim, Hikmət mən bunu oynaya bilməyəcəm, mənə uzaq personajdır. Sonra fikirləşdim ki, niyə də olmasın? Onsuz da zamanla çəkiləcək, elə yavaş-yavaş başlayaq. Əslində filmin adı Əhməd personajının diaqonuzudr. Artıq hissləri ölmüş bir insandır. Hətta həyat yoldaşına və uşağına bir əşya kimi baxır. Onun üçün fərqi yoxdur ki, ətrafında kim var. Əsas yemək yesin, televizora baxsın. Filmdə də görəcəksiniz ki, bir insanın həyata baxışı başqalarının həyatına faciə gətirir. Bu obraza çəkildiyim üçün peşman deyiləm. Mənfi personajdır. Lakin şablon da olsa, o da mənim övladımdır”.

Xatırladaq ki, ekran işində Tural Baxış, Azər Aydəmir, Şəhla Əliqızı, Fuad Cəbiyev, Məhəmməd Şahməmmədli və İlqarə Tosova kimi simalar rol alıb.

Müxbir: Samirə Ərəblinskaya

Video/Fotolar: Soltan İbrahimov