Olay
Olay

“Bir kəlmə deyərəm, həyatı bitər”

“Bir kəlmə deyərəm, həyatı bitər”

Xalq artisti Röya Ayxan fan klubunun yaranmasının 25 illiyi münasibətilə tədbir təşkil edib, pərəstişkarları ilə görüşüb.

OLAY yazır ki, gecədə 100-ə yaxın fanın iştirakı gerçəkləşib. Sənətçi gecəni “Röyayam” mahnısı ilə açıb.

R. Ayxan pərəstişkarlarını görməkdən məmnun olduğunu deyib, bölgələrdə yaşayan fanatlarına salamlarını çatdırıb, onların tədbirdə iştirak edə bilmədiklərinə görə üzüldüyünü bildirib.

Pop ulduzun xaricdə yaşayan fanatları isə ona öz sevgilərini videoçarx vasitəsilə çatdırıblar. Pərəstişkarları superulduza müxtəlif dəyərli hədiyyələr təqdim edib.

Üç saat davam edən görüşdə ifaçı ən hit mahnılarını səsləndirib, sevənləri ilə rəqs edib, onların hər biri ilə ayrı-ayrılıqda şəkil çəkdirib. Daha sonra son günlərin hiti, Azərbaycan yutub trendində birinci pillədə qərarlaşan “Tut əlimdən” mahnısı əsasında TikTok trendinə uyğun video çəkilib.

Tədbirdə təsirli anlar da yaşanıb. Belə ki, səhv müalicə nəticəsində hərəkətində məhdudiyyətlər yaranan fan klub üzvü Leyla da superulduzla görüşə gəlib. Bu, R. Ayxana sürpriz olub, çünki müğənni tez bir zamanda onun evinə gedib bayramlaşmağı düşünürdü. Leyla da gəldiyi tədbirdə sənətçinin iştirak edəcəyini bilmirdi. Görüş vaxtı Leyla kövrəlib. Xalq artisti bunu əks etdirən görüntüləri instaqramda paylaşıb.

 Jurnalistlərin suallarını cavablandıran estrada ulduzu sözə məhsuldar keçirdiyi 2023-dən danışaraq başlayıb:

“Hər dəfə fanlarla belə bir gecə keçirirdik. Bu il ad günümdə də bir araya gəlmişdik. İlin əvvəlini də birgə başladıq, yeni albom, sevilən mahnılar və konsertlərlə... İlin sonunda da bir mahnı təqdim etdik – “Tut əlimdən”. Sevərək oxumuşdum, amma bilməzdim ki, bu qədər sevilər. Özümün xoşuna gəldiyi üçün oxudum. Siz bilirsiz ki, mən söz həvəskarıyam. “Tut əlimdən”in də sözləri ürəyimcə olduğu üçün ifa etdim. 2023-cü il bütöv Azərbaycan olmağımızla yadda qaldı. İki konsertlə yadda qaldı. İkisi də çox çətin, zərif, həm mənəvi həm də maddi cəhətdən yoran iş idi. 7 il fasilədən sonra albomum işıq üzü gördü. Yəni, heç bir yerim ağrımır. 2024-cü ildən, “Əjdaha”dan məhəbbət gözləyirəm. Maraqlı enerji gözləyirəm. Nə bilim, belə şeylər gözləyirəm (gülür)”.

Özündən bəhs edən Xalq artisti bəzən acıdil olsa da, qəlb qırmadığını söyləyib:

“Allahı və sizi sevirəm. Heç kimin qəlbini sındıran adam deyiləm. Baxmayaraq ki, dəhşətli dərəcədə çox acı dilim var. Birinə cavab qaytarsam, 3 gün yerindən qalxa bilməyəcək. Ona görə də, ətrafımda heç zaman cangüdən olmur. Çönüb bir kəlimə deyərəm, həyatı bitər. Mənə toxunmayın, mən də sizə toxunmayım. Belə adamam. Bunu da Allah hiss edir. Yaxşı insanlara Allah hər zaman ruzisini verir. Pis insana heç vaxt axıra qədər vermir ki… Amma yaxşı adamlarda  bir şey pis alınsa da, dönəcək yaxşıya. Mənim kimi qız harada var? Bir başa salın. Həm xərcləsin, həm yesin-içsin, həm gəzsin, həm çəkib-göstərsin. Hər şey etsin”.

Estrada ulduzu ötən gün təqdim etdiyi maraqlı fotosessiyasından da söz açıb:

“Azər Cəfərlə etdik, meşə. Adını da qoyduq “Cinlər diyarı”. Bir az da biz gəzək (gülür). O şəkillər bizim uşaqlığımızdır. Allah rəhmət etsin, Amaliya Pənahovanın obrazı. Sonra bir ara söz-söhbətlər çıxdı ki, Əkizlər bürcü oldu “Buğa”... 13 bürc məsələsi yayıldı. Biz də dedik ki, belə bir iş edək. Orada böyük iş olub. O meşəni yaratmaq, o buynuzları tapmaq. Uşaqlar nə qədər axtarıblar ki, qəssab bizə o buynuzları satsın. Sonra üzərində rəssam işlədi və onu saç aksesuarı kimi düzəltdi. İstədim deyim ki, çox yaxşı qızam, amma buynuzlarım var”.

R. Ayxan söyləyib ki, sənətdə ilk addımlarında etibarən musiqinin bütün janrlarına müraciət edib:

“25 ildir bu, davam edir. Bayaqdan səslənən mahnıları dinləyirəm, deyirəm, bu, necə ard-arda gedə bilər? Mən Azərbaycan sənəti üçün, gənclər üçün yaxşı işlər qoyub gedəcəyəm. O mahnılar yenidən aranjiman edilib, oxunanda yenə də seviləcək.

Mən bəzi insanlara başa salıram ki, ilk addımlarımdan sənətin bütün qollarında istifadə olunan bir qız olmuşam. Bəlkə gülərsiz. “W-trio” qrupunda Şadenin, Meray Kerrinin mahnılarını ifa edirdik. Mən bəmləri, kimsə zilini, kimsə üçüncü səsi. İstəsəm, onu da elə oxuyaram. Sadəcə istəmirəm, çünki o duyğunu daşımaq lazımdır. İllər əvvəl “Düşüncələr” adlı mahnı ifa etmişəm. Əslində xarici mahnıdır. Fransızlarla Mədəniyyət Nazirliyinin birgə layihəsi idi. Amma onu da Azərbaycan dilində oxumuşdum. Düşünürəm ki, çox da gözəl alınmışdı. Amma ingilis dilində söz verə bilmirəm. 2-3 il ömrümüz qalıb, deyirsən, onu da oxuyaq? Oturmuşam da..."

Sənətçi meyxanaçı Vüqar Əbdülovla illər əvvəl hazırladığı layihədən danışıb:

“Meyxanaçı Vüqarla illər əvvəl duet oxumuşam. O dueti üzə çıxarıb, yada saldım ki, biz hər şeydə birinci olmuşuq. Meyxananı da biz birinci oxumuşuq”.

Estrada ulduzu söyləyib ki, növbəti il yeni duetlər gözlənilir:

“Növbəti il qardaşım İsmayılla və Nuranla duet olacaq. Tünzalə Ağayeva bir ildir ki, mahnı seçirik. Mən yaxşı mahnı seçənəm, onu gözləyirəm. O mahnını tapan kimi oxuyacam”.

Estrada ulduzu Ağayevanın geyimlərinə görə tənqid olunmasına da münasibət bildirib:

“Onun da çox üstünə gedirsiz. Eybi yox, qoy, biz yaşadıqlarımızı yaşasın. Məncə, gözləmirdilər. Bəlkə… Nə bilim. O da ola bilər. Arada mən də baxıb düşünmüşəm ki, bədən quruluşuna görə deyildi bu paltar. O da sənəti ilə məşğul olur, bəlkə xoşuna gəlir geyinir. Geyinmir, soyunsun. Həmişə biz soyunmayacağıq ki, bir dəfə də o soyunsun”.