Tanınmış reper Epi (Əkbər Novruzlu) 8 gündür itkin düşən Qarayeva Səmanın evdən qaçmasına kömək etməsi iddialarına cavab verib.
OLAY-a özəl açıqlama verən repçi bildirib ki, sözügedən xanımın qardaşı ilə danışıb və o, ailəsinin yanındadır:
“Xanımla internet vasitəsi ilə ünsiyyətdə olmuşuq. Bilirdi ki, musiqiçiyəm, ətrafımda dostlarım var, harada çalışdığım, olmağım barədə məlumatlı idi. Nərimanov rayonunda yaşayan dostlarım zəng vurub məlumat verdilər ki, burada bir xanım, fiziki şiddətə məruz qalıb, köməklik lazımdır. Gedib gördüm ki, 4 çanta ilə evdən qaçıb. Çox ailəvi məsələlərini açıb danışmayacağam. Halbuki mənim ailəvi məsələmdən söhbət açdılar. Xanımın evində problemləri var idi, mənə mütəmadi olaraq yazırdı. Ona sadəcə kömək etmək istədim.
Qısası, qızı “Gənclik” ərazisinə gətirdim və dedim ki, üzrlü sayın, bundan artıq köməklik göstərə bilməcəyəm. Çünki onun qaçmasına köməklik göstərmiş olardım. Bu açıqlamamı 16-cı polis bölməsində də qeyd etmişəm, izahatımı yazmışam. Onlar da görüblər ki, yalan danışmıram. Çünki araşdırıblar, kameralara baxılıb, yoxlanılıb. Daha sonra məlum olub ki, həmin qız rəfiqəsinin evində olub. Səma Qarayevanın böyük qardaşı ilə də telefonla danışmışam. Hazırda qız onların yanındadır.
Bu məsələdə mənim heç bir günahım yoxdur, anası tərəfindən efirdə adım hallanır, statusuma xələl gətirilir. Hər halda günahım olsaydı, rahat sizinlə danışa, canlı yayıma çıxa bilməzdim. Onu da qeyd edim ki, son zamanlar instaqram hesabıma ailəsindən şiddət görən, intihar etmək istəyən, atası tərəfindən incidilən qızlar ya öz, ya da feyk hesabdan yazırlar, kömək istəyirlər. Məndən kömək istəmələrinin də səbəbini bilmirəm. Yazırlar ki, evdə təzyiqlərə məruz qalırıq, kömək elə”.