“İraqa yola düşəndə qardaşım İlyas zəng etdi ki, bacı, sənə çox vacib sözüm var, görüşək. O zamanlar danışa bilirdi. Mən isə təyyarəyə tələsirdim. Dedim, İlyas qayıdanda hava limanından birbaşa sənin yanına gələcəm, sözünü indi telefonda de. Söylədi ki, mümkün deyil, görüşməliyik”.
OLAY yazır ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişində deyib. O, qardaşı çağıranda getmədiyi üçün özünü bağışlamadığını söyləyib:
“Mən o görüşə gedə bilmədim, çünki həmişəki kimi işimə getməli idim. Səfərdən qayıdanda artıq qardaşım danışmırdı, əlləri də tutmurdu ki, nəsə yazsın. Onun ölümündən uzun illər keçib. Hələ də özümü buna görə bağışlamıram. Kaş, o təyyarəyə minməzdim, o səfərə getməzdim, amma qardaşımın deyəcəyi sözü biləydim. Bəlkə də Rusiyadakı övladının yerini deyəcəkdi. Hər gün bunu düşünürəm ki, görəsən qardaşım nə deyəcəkdi?”