Olay
Olay

Mehdixanlı direktor olsa, Cəfərova gedəcək?

Mehdixanlı direktor olsa, Cəfərova gedəcək?

Bir neçə gündür ki, mətbuatda ötən günlərdə vəfat edən Xalq artisti Azər Paşa Nemətovun Azərbaycan Akademik Milli Dram Teatrındakı vəzifəsini kimin icra edəcəyi müzakirə olunur. 

Bununla bağlı həm teatr ekspertləri, həm media nümayəndələri, həm də tamaşaçılar öz fikirlərini sosial şəbəkələrdə yazırlar. Həmçinin Xalq artistləri, teatrın aktyorları da namizədlərinin adını səsləndirirlər. 

Son olaraq Xalq artisti Əli Nur qaynarinfo.az saytına açıqlamasında iki həmkarının adını çəkib. Onlar Xalq artistləri Nurəddin Mehdixanlı və Bəsti Cəfərovadır. 

Diqqət çəkən məqam isə bu iki aktyorun hazırda küsülü olmasıdır. Bir neçə il öncə dostuqlarını bitirən sənətçilərin  baş direktorluq vəzifəsi üçün adları hallanır və bir növ rəqib kimi qələmə verilirlər. 

Məsələ ilə bağlı OLAY-a danışan Xalq artisti Bəsti Cəfərova bildirib ki, heç vaxt direktorluq iddiası olmayıb:

“Bu barədə ağlımın ucundan da keçməyib. Mən aktrisayam, səhnədə olmaq istəyirəm, tamaşalar oynayıram. Nə qədər ki, qüvvəm var, səhnədə olacam. Əgər Əli Nur məni layiq bilibsə, sağ olsun. Elə bir fikrim də, iddiam da yoxdur. Mədəniyyət Nazirliyi bilər ki, kim baş rejissor olacaq, kim baş direktor. Bu, mənim səlahiyyətimdə deyil. Nazirlik daha yaxşı bilər. Hər halda bu vəzifə haqqında indidən danışmaq bir qədər tezdir. Nazirlik yəqin ki, fikirləşir kim təyin olunsun. Əli Nur sağ olsun ki, adımı çəkib, məni layiq bilib. Lakin mən teatrda aparıcı səhnə ustasıyam, rol oynamaq istəyirəm. Necə ki, tamaşalarım var, oynayıram. Kimin baş rejissor və direktor təyin edilməsindən asılı olmayaraq səhnədə olacağam”. 

Aktrisa küsülü olduğu Nurəddin Mehdixanlının direktorluq üçün adı çəkilənlər sırasında olmasına da münasibət bildirib:

“Nurəddin Mehdixanlı mənimlə dost ola bilmədi. Əfsuslar olsun ki, 41 illik dostluğumuz pozuldu. Buna baxmayaraq deyə bilərəm ki, o, bizim teatrın böyük aktyorudur. İntellekt sahibidir. Direktor olmaq istəyirsə, yaxud da adını namizəd kimi çəkirlərsə, niyə də olmasın? O ki qaldı o, direktor olsa, mən necə olacağam? Əlbəttə o direktor olsa, teatrdan çıxmayacağam. Çünki teatr direktorun özünün deyil. Sadəcə vəzifəyə qoyurlar. O, ya da başqası baş direktor olsun, bundan asılı olmayaraq teatrda qalacağam.

Çünki tələbəlik illərindən bu teatrda çalışıram, işimi davam etdirəcəyəm. İşimi davam etdirəcəyəm. Mən həmişə səhnədə olmuşam. Tamaşalarımı oynamışam, yeni fikirlər də var idi. Biz böyük rejissor, mərhum Azər Paşa Nemətovla da fikirləşirdik ki, mənim üçün bir tamaşa qoyulsun. İnşallah yeni baş direktor, bədii rəhbər, yaxud da rejissorla işimi davam etdirəcəyəm. Mənim üçün heç nə dəyişmir. Nurəddin direktor olsa da, mən işimə davam edəcəyəm. Deyək ki, onu vəzifəyə qoyacaqlar, dost olmasam da, mən teatrın aktrisasıyam, fəaliyyətimə davam edəcəyəm”.

Son olaraq B. Cəfərova Azər Paşa Nemətovla vida mərasimində çıxış etməmə səbəbindən danışıb:

“Sözün düzü vida mərasimində heç gözləmirdik ki, çıxış olacaq. Ora bir mikrofon qoyulmuşdu, amma heç kəsə bu haqda nəsə deyilməmişdi. Mənə deyilsəydi, əlbəttə çıxış edərdim. Azər Paşa müəllim 8 il baş direktorluq etdi. Düzdü iki ili pandemiya dövrünə düşdü. Onun dövründə iki böyük tamaşada oynadım. Biz birgə çalışmamışıq, amma münasibətimiz yaxşı idi. Onun mənə, mənim də ona hörmətim var idi.  Onun böyük sənətinə sayğı duyurdum, incəsənətimiz üçün böyük itki idi. Gözəl rejissor idi, tamaşalara quruluş verirdi. Söz versələr, əlbəttə danışardım. Hər bir aktyora söz versələr, danışa bilər. Çünki birgə işləmişik, gözəl günlərimiz, söhbətlərimiz, arada mübahisələrimiz olub. Amma Azər Paşa müəllimlə gözəl münasibətimiz var idi. Allah rəhmət etsin o, dünyasını versin”.