Azərbaycan Dövlət Kukla teatrının direktoru Rəşad Əhmədzadənin OLAY-a müsahibəsi:
- Sizcə, hansı hadisədən sonra Kukla Teatrında yoxlamalar aparıldı? Səbəb nə idi?
- Bu proses 2021-in 29 dekabrından da əvvəl başlayıb. Teatrımızın 90 illiyi idi, mən də mükafatlandırma üçün siyahı göndərdim. Lakin məktuba cavab verilmədi. Əksinə, Teatr Sektorunun müdiri Könül Cəfərova bildirdi ki, heç kimə mükafat verilmir. Ona dedim ki, bu, onun səlahiyyətlərində deyil. Mükafatlandırma ilə bağlı qərarı nazir verə bilər. Sonra göndərilən iki müraciətim də cavabsız qaldı. Yubiley tədbirimizə cənab nazir gəlmədi. Onun yerinə keçmiş müavini Elnur Əliyevin başçılıq etdiyi heyət tədbirdə iştirak etdi. Bu münasibəti Elnur Əliyev teatra daxil olanda hiss etdim. Həmin günkü söhbətimizdə teatrın problemləri bir kənarda qaldı.
Baxmayaraq ki, iki il müraciət göndərmişdim, festivallarda iştirakımızla, teatrda sərinkeşlərin problemi ilə bağlı məlumat vermişdim. Lakin bunlardan danışılmadı. Teatrın bilet qiymətlərinin ucuz olduğu deyildi. Mən də söylədim ki, bir ailədə 3-4 uşaq ola bilər. Onların hamısının tamaşaya gəlməsi məsələsi var. Buna görə də qiymətlərin artırılması xoşagələn deyil. Müzakirəmiz bir az sərt şəkildə keçdi. Bu görüşdən təxminən 1 ay sonra proqnoz planları təsdiq olunanda digər teatrların planı aşağı salındı, bizimki isə artdı. Şöbə müdiri (Mədəniyyət nazirliyinin İncəsənət şöbəsini nəzərdə tutur – red.) ilə görüşə getdim, orada Teatr Sektorunun müdiri Könül Cəfərova da var idi. Söhbətlərdən sonra başa düşdüm ki, Nazirlikdə teatrın hansısa sahəsini bilən əməkdaş yoxdur. Bu ilin iyununda müsahibə verəndə dedim ki, Nazir bizim yubileyə gəlmədi, festivallara öz imkanlarımızla gedib mükafatlarla qayıdırıq, teatrın təmir işlərinə pul ayrılmır. Qəti şəkildə deyilir ki, pul yoxdur, baxmayaraq ki, digər teatrlara yüksək məbləğdə büdcə verilir. Nəhayət, noyabrın 18-i əmr imzalandı, 21-i yoxlama gəldi. Onda mənim istirahət günüm idi. Dedilər nazirlikdən 7 nəfər gəlib, baxdım ki, sənəddə 5 nəfərdir. İki nəfər necə oldusa, yox oldu.
- Öncədən xəbərdarlıq edilmişdi?
- Bəzən deyirlər ki, xəbərdarlıq olunmalıdır. Xeyr. Edilməyə də bilər. Bu, nazirliyin səlahiyyətidir. Lakin hər bir yoxlamanın aparılmasının qanuni tərəfləri var. Mənə əmr təqdim olundu. Lakin sənəddə nazirin imzası skan olunub və möhür yoxdur. Söylədim ki, nazirlikdənsiniz, teatra daxil olmağınıza icazə verirəm, amma əmr kağızının özünü gətirin. Burada qanunauyğunsuzluqlar var ki, mən açıqlamadım. Nümayəndələr gələndə dedim ki, sənədi təqdim edin, yoxlamanın səbəbi nədir? Əmrdə yazılıb ki, mediada yayılan xəbərlər, şikayətlər… Həm də dedilər ki, onlara siqnal daxil olub, soruşdum ki, kim tərəfindən? Cavab olaraq bildirdilər ki, tabeliklərindəki qurumuq, deməyə bilərlər. Bunun özü də qanuna ziddir. Dövlətin qanununda yazılıb ki, şikayət edən, siqnal varsa, birinci sənəd təqdim olunmalıdır. Qanunda qeyd edilib ki, anonim müraciət yoxlanılmır. Mən teatr rəhbəri kimi bunu bilirəmsə, gələnlərdən bir neçəsi hüquqşünasdır, onlar da bilər. Bundan əlavə, nazirin əmrinə əsasən yoxlama aparan şəxslər kitabçada imza atıb, qeydiyyatdan keçməlidirlər. Bunu da etmədilər, dedim ki, “imtina etdiniz” kimi qeyd olunsun. Sonra soruşdum ki, əmr nə oldu? Dedilər, gətirərik. Bir daha dəftərxanaya zəng etdim, bildirdilər ki, əmr daxil edilməyib. Mən də nümayəndələrə söylədim ki, əmri gətirib sonra yoxlamaya davam etsinlər. Nəhayət, bu sənəd (əlindəki sənədi göstərir - red.) təqdim edildi. Bu da həmin sənədin surətidir, bir neçə ştamp artırılıb.
- Mətbuatda xəbər necə yayıldı?
- Nümayəndələr burada olanda media bilirdi ki, yoxlama gedir. Nədənsə bu xəbərin mediada yayılmasını teatr əməkdaşları ilə əlaqələndirirlər. Amma əmr gəlməmişdən əvvəl yoxlama xəbəri mətbuatda yayılmışdı. Bunu da yalnız Nazirlik bilirdi ki, yoxlama aparılacaq. Bazarertəsi teatrın 90 faizinin istirahət günü olduğu üçün bu xəbəri yaymağa adam da yox idi.
- Nazir Anar Kərimovla görüşünüz nə vaxt baş tutdu?
- Mənimlə İncəsənət şöbəsindən əlaqə saxlayıb, müdirin görüşmək istədiyini bildirdilər. Söylədim ki, şöbə müdiri ilə yox, nazirlə görüşmək istəyirəm. Əməkdaşın təkidlərindən sonra müdirlə görüşümüz baş tutdu. O bildirdi ki, nazir burada yoxdur, gələn kimi sizinlə görüşəcək, xahiş edirik, mətbuatı sakitləşdirin. Söylədim ki, biz onları məlumatlandırmamışıq, amma çalışarıq ki, sakitləşdirək. Biz bunu etdik. Media nümayəndələrinə bildirdim ki, yoxlama bitib, arayış yazılanda müsahibə verəcəyəm.
Nəhayət nazir ölkəyə gəldi, başqa teatrda tamaşada iştirak etdi, bizimlə görüşdən xəbər yox idi. İstər öz teatrımızda, istərsə də Akademik Musiqili teatrda əməkdaşlarımıza hücumlar olurdu. Nə isə... Böyük çətinliklərdən sonra nazirlə görüşdük. Dedi ki, bu əmrləri mən imzalamışam. Söylədim ki, Cənab Nazir, bizim teatrın adı düzgün yazılmayıb. Əslində, Azərbaycan Dövlət Kukla Teatrıdır, amma Abdulla Şaiq adına Dövlət Kukla teatrı kimi qeyd edilib. Ona görə bildirirəm ki, bu sənəd dəftərxanada yazılmayıb. Ola bilər ki, orada ştamp vurulub. Bu sənəddən bir gün əvvəlki əmrdə teatrın adı düzgün qeyd edilib. Görüşdən əvvəl də bir məktub göndərdim ki, teatrın adını görsünlər, düzgün qeyd etsinlər. Sonra mənə cavab gəldi və yazılmışdı ki, Azərbaycan Dövlət Kukla Teatrı. Dedik, burada da bir problemli məsələ yoxdur. Yəqin ki, nazirliyin əməkdaşları Nazirlər Kabinetinin qərarları ilə tanış olmalı idi. Nazirlə görüşümüz çox mehriban keçdi. Mənim də, kollektivin də gözləntiləri çox idi. Lakin həmin görüşdən bir gün sonra yoxlama daha da sərtləşdi. 40 ildən artıqdır bu sahədəyəm. Hələ də kulisi, kostyumu metrə ilə ölçən yoxlama görməmişdim. Hər halda nəsə bilib ölçürlər, nədənsə şübhələnirlər. Özlərinə də dedim ki, bu, bizə yox, sizə gülünc məsələdir. Hər hansı teatra daxil oldun, uzağı 5 gün yoxlama aparılır, akt yazılır. Bizim yoxlama isə 23 gündür davam edir. Elə bil gəlirlər, yoxlamaya yenidən başlayırlar. Mən bu yoxlamanın sifarişli olduğunu əvvəldən bilirdim. Bunun müəllifini də bilirəm.
- Həmin şəxsin kim olduğunu iddia edirsiz?
-O, Teatr Sektorunun müdiri Könül Cəfərovadır. Mən YUĞ teatrında direktoru müvəqqəti əvəz edəndə iki gün ərzində işdən azad etdiyim 44 nəfərin içində idi. Orada dram artisti, rejissor köməkçisi vəzifəsində çalışmışdı. Hər halda heç kəs bilmir ki, dram artisti kimi hansı rolları oynayıb.
- Yoxlamaların iş sisteminizə təsiri nə qədərdir?
- Dekabr və mart teatrların ən məhsuldar dövrüdür. Demək olar ki, məşq etmirik. Rejissorun da, aktyorun da, əməkdaşların da məşqi yoxlama səviyyəsindədir. Gərginlik var. Nümayəndələr sanki prokurorluq əməkdaşlarıdır. Bir adamı dəfələrlə dindirilməyə çağırırlar. Adam var ki, 3-4 saat dindirilir. Yəqin ki, ağır cinayət törədən adamları da bu qədər danışdırmırlar. Kollektiv üzvləri arasında da aqressivlik əmələ gəlir. Mən 10 gündür ki, bu aqressivliyi sakitləşdirməyə çalışıram. İlk gün də dedim, yoxlama da, hansısa nöqsan da ola bilər, dövlət idarəsidir. Bundan artıq hansısa məqam varsa, hüquq mühafizə orqanlarının işidir. Hələ ki aktdan xəbərimiz yoxdur.
Bilirik ki, indi Cırtdanın ayaqqabısı, yaxud da kulis ölçülür. Direktorluğu bir kənara qoyub, insan kimi inciməyimin səbəbi var. Çünki Azərbaycanda teatrlara dövlət sifarişi ilə tamaşalar hazırlanır. Nazirlik onlara pul ödəyir, bizim teatrdan başqa. Dedim ki, yaxşı olar ki, pul ödənilən teatrlardan başlayasız yoxlamağa. Bizə pul verilmir, ildə 6 yeni tamaşa nümayiş etdirilir, bir-ikisini də bərpa edirik. Bu da, kommunallar da, binanın xərcləri də bizim gücümüzədir. Lakin birdən-birə yoxlama gəlir. Bu, idarə rəhbəri kimi yox, insan kimi beynimdən keçir. Amma idarə rəhbəri kimi deyə bilərəm ki, nazirin səlahiyyətlərindədir, heç bir problem yoxdur.
- Könül Cəfərovanı yoxlamanın sifarişçisi kimi görməyinizin digər səbəbləri varmı, yoxsa illər öncədən sizə qarşı kini olduğunu düşünürsüz?
- Əslində, nazirlə görüşəndə özüm təəccübləndim. Dedim, yubileyimizə gəlmədiniz, söylədi ki, gələrik. Bildirdim ki, sizə məktublar yazmışam, həm festivallarla, həm də digər məsələlərlə bağlı. Dedi ki, məktub almamışam. Amma yazdıqlarıma cavab gəlir. Mənə maraqlıdır ki, cənab nazirin əvəzindən bu məktubları kim yazıb göndərir? Özü görməyib və xəbərsizdir. Könül Cəfərova yazırsa, sözüm yoxdur.
- Bu yoxlama müddətində işdən ayrılmaq istəyənlər olub?
- Teatr böyük mexanizmdir. Bura işə daxil olmağa da, işdən ayrılmağa da gələnlər olur. Əlbəttə hansısa, aqressiv şərait yarananda bəzi adamlar ərizə yazıb işdən ayrılır. Məsələn, hansısa sorğu-suala bir dəfədən artıq çağırırlar. Komissiya üzvlərinə birinci gün dedim ki, heç olmasa yoxlamağa gələndə iki nəfər teatrdan anlayışı olan adam olsun. Komissiya üzvü rəssamdan soruşur ki, foyedəki şəkli sən çəkmisən? Nümayəndə Toğrul Nərimanbəyovu tanımırsa, hansı dekorasiyadan, kulisdən söhbət gedə bilər? Yaxud da digəri deyir ki, olmaz zalı böyüdəsiz? Bilirsiz ki, bura arxitektur binadır, ona görə də tədbir olanda sizi (Nazirlik nümayəndələrini nəzərdə tutur- red.) dəvət edirəm, yaxud da problem yarananda çağırıram, gəlmirsiz. Azərbaycanda yeganə teatrlardandır ki, açıq kassaya işləyirik, biletlərimiz məcburi satılmır. Ona görə də iki-üç aydan bir yeni tamaşa hazırlayırıq ki, tamaşaçını itirməyək. Son günlər görürəm ki, söz-söhbət uzandıqca problemlər artır və tamaşaçılarımızın sayı azalıb. Planımız 65 min idi, 91 min etdiniz. Hazırda 103 mini keçmişik. Biz planı da artıqlaması ilə keçirik. Mənə maraqlıdır ki, bu teatrla bağlı əsəbinizə toxunan nə var? Könül Cəfərovaya qaldıqda tək bizim teatr yox, müəyyən teatrlar var ki, orada da problem yaradır.
- Mətbuat konfransından əvvəl nazirliyə xəbər vermişdiz?
- Mən və teatr əməkdaşları şöbə müdirinə sözümüzü tutub mətbuata müsahibə vermirdik. Sonra gördük ki, kulisarxasında korrupsiya, rüşvət kimi şayiələr gəzir. Elə komissiya üzvləri də bunu deyir, bu gün dekabrın 13-dür, hələ akt hazırlanmayıb, 8-də deyirlər ki, mənimsəmə, korrupsiya, yeyinti var. Sizin işiniz aktı hazırlamaqdır, qalan məsələləri məhkəmə həll edir. Məhkəmə qərarı yoxdur, amma insanların beyninə təsir etmək üçün guya korrupsiya tapdığınızı deyirsiz. Başa düşdüm ki, burada daha böyük oyun gedir. Qərara gəldik ki, mətbuat konfransı edək, jurnalistlərin suallarını cavablandıraq. Konfransdan əvvəl nazirin köməkçisinə zəng etdim, cavab verilmədi. Sonra Nuridə Allahyarova (Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin müdiri - red.) ilə danışdıq. Bildirdi ki, nazirə məlumat veriləcək. Bizim danışıqlar saat 15:00-da oldu. Üç saat gözlədik, xəbər çıxmadı, biz də mətbuat konfransı etdik. İndi də də fikirləşirəm ki, düz yoldayıq.
- Baş rejissorunuz Qurban Məsimovun teatra direktor təyin olunması ilə bağlı iddia yayıldı. Bu xəbərin bir əsası varmı?
- Onu teatra mən dəvət etmişəm. Atdığı addımları mən və teatr kollektivi dəstəkləyir. Bu məsələ məni çox incitmədi. Amma Qurban Məsimovun cavabı qəribə gəldi, söylədi ki, nazirin qərarını görməmişəm. Burada öz dili ilə dedi ki, oyunun içində odur. Bəlkə də düz fikirləşmirəm. Lakin söyləyir ki, elə bir əmrdən xəbərim yoxdur, sanki gözləyir.
- Səhv etmirəmsə, həmin dövrdə ezamiyyətdə idi.
- Onun ezamiyyətə getməyini də nazirlik mən tərəfə yönəltdi. Halbuki Gənclər və İdman Nazirliyindən məktub gəlmişdi, öz ərizəsi ilə 8 günlük rayonlardan birinə getmək istədi, ona görə orada idi.
- Konfransdan sonra nazirlikdən sizinlə əlaqə saxlanıldımı?
- Heç kim zəng etmədi.
- Nümayəndələrin işçilərə psixoloji təsirinin olduğunu düşünürsüz?
- İşçinin yanından keçirlər, deyirlər axır ki, tapdıq. Nəyi tapmısız? Yəni, neçə gündür, axtarışda idik, tapdıq. Nümayəndələrin teatr haqda anlayışı yoxdur, mühasib özünü ekspert kimi aparır. Sanki işçiyə psixoloji təsir göstərirlər. İşçiyə nə təsir etmək olar ki? Teatr əməkdaşlarını biz dırnaqla tapıb yığırıq. İnsan var ki, 4-cü nəsildir, burada çalışır. Biz dövlətdən pul almırıq ki, hansısa korrupsiyada adımız olsun. Məsələn, baş rəssamımız, Prezident mükafatçısı İqbal Əliyevə deyirlər ki, biz səni mütəxəssis saymırıq, digər rəssam danışsın. Mən baş rəssamı aparıram sexə, deyirəm sən burda olmalısan. Bundan əlavə onu nazir təyin edir. Nazirliyin əməkdaşı ola-ola söyləyirsiz ki, sizi mütəxəssis saymırıq. Çox qəribə bir hal da yaranıb, komissiya üzvləri dedikləri şeyləri qəbul etmirlər. Məsələn, gəlir yanıma deyirəm, filan yerdə filan sözü demisiniz, söyləyir ki, yox. Deyirəm, sizin zorla diktə etdiyiniz adamlar, sonra mənim yanımda ərizə yazırlar.
- Əməkdaşlar arasındakı münasibətlər necədir?
-Artıq teatrın yarısı bir-birindən inciyib. Təsəvvür edin həm nazirliklə, həm komissiya ilə, həm də öz əməkdaşlarımızın münasibətləri korlanmaması üçün çalışıram. Hələ karantin dövrü davam edir və nazirin əmri var ki, müəyyən işçilər teatra gəlməsin, uzaqdan çalışsın. Deyirlər ki, filan işçi burada yoxdur və sairə. Ən balaca binası olan teatrdır. 20 otağı olan binada 186 nəfər oturmuşuq. Deyiləcək sözlərimiz çoxdur.
- Rəşad müəllim, bu müddət ərzində ağlınızdan istefa etmək keçib?
- Birinci gün desələrdi ki, problemlər həll olunmur, sizin ərizəniz gözlənilir, haradasa 15 faiz deyirəm ki, yazardım. Amma hazırda media nümayəndələri, teatr və incəsənət adamları mənim arxamda dayanıbsa, ərizə yazmağım düzgün olmaz. Sonacan burada gedən proseslərdə istənilən nöqtəyə-vergülə cavabdehəm.
Video/Fotolar: Hüseyn Həsənov