Olay
Olay

Leyla Şıxlinskaya illər sonra sirləri açdı

Leyla Şıxlinskaya illər sonra sirləri açdı

“Gün keçdi”, “Dədə qorqud”, “Arşın mal alan” kimi filmlərin ulduzu, Xalq artisti Leyla Şıxlinskaya uzun müddət sonra ekranlarda görünüb. 

OLAY yazır ki, bir neçə gün əvvəl “ATV səhər” verilişi ustad aktrisanın evində qonaq olub. L. Şıxlinskaya müsahibəsində illər əvvələ qayıdaraq tərəf müqabilləri barədə sirlər açıb:

“Tez-tez olmasa da, kinoya çəkilməyə dəvət edirlər. Bəziləri düşünürlər ki, mən birdəfəlik Moskvaya köçmüşəm. Səhvdir. Mövzu kinoya gələndə hər an hazıram. Kimsə çəkmək istəsə, zəng edib dəvət etsə, təyyarəyə minib buraya uçaram. Başqa məşğuliyyətim yoxdur, sərbəst insanam. Sadəcə yaxşı ssenari yazılmır. Soruşanda ki, niyə yoxdur? Deyirlər, Leyla xanım, sifariş vermək lazımdır. Bunlar da hamısı puldur. Hər şeyi maddiyyata bağlayırlar.

Düşünmürəm ki, Anar Rzayev, Arif Babayev, Rasim İsmayılov “Gün keçdi” kimi bir filmi çəkəndə belə dəhşətli pullar lazım olub. Sadəcə onu deyə bilərəm ki, “Gün keçdi”, “Dədə qorqud”, “Arşın mal alan” kimi filmlərdən sonra zəif kinolara çəkilməyə haqqım yoxdur. Maraqlı süjet, ssenari olsa, böyük məmnuniyyətlə istəyərdim”.

L. Şıxlinskaya söyləyib ki, “Gün keçdi” filmində ondan əvvəl Xalq artisti Şəfiqə Məmmədovanın oynaması planlaşdırılıb:

“”Gün keçdi”də bir səhnə çəkilməli idi. Onuncu sinif şagirdi, dikdaban ayaqqabıda klas-klas oynamalı idi. O səhnə alınmadı. Şəfiqə xanım çox gözəgəlimli, gözəl, çəkici qadın idi. Amma düşünürəm ki, 10-cu sinif şagird roluna uyğun gəlmirdi. Anar mənim bu filmə çəkilməyimi istəmirdi. Onu anlayıram. Bu layihəyə qədər ancaq “Arşın mal alan”da sakit bir qız rolunda çəkilmişdim. Kino çəkildi, bitdi, Anar məndən üzr istədi. Dedi, Leyla, bağışla ki, tərəddüd etdim. Sağ ol ki, belə uğurlu film alındı. Yaşım az olduğu üçün bəlkə də təbii oldu. Çünki mən orada özümü oynayırdım, həyatda necəydimsə, filmdə də elə idim”.

Xalq artisti mərhum həmkarı və tərəf müqabili Həsən Məmmədovun “Gün keçdi”də imtina etdiyi səhnələrdən söz açıb:

“Ən erotik səhnə çox gülməliydi. Qız pərdənin yanında dayanıb, oğlan ona yaxınlaşır, qız deyir ki, buna görə gəlmədim. Həsən əllərini çiynimə qoymalıydı. Hər kəsi oradan çıxardı, dedi ki, tək operatorlar qalsın. Söylədik ki, ay Həsən, nə edirsən? O, çox sakit, tərbiyəli adam idi. Söylədi ki, onda çəkilə bilməz, dublyor oynasın. İri planda da necə dublyor çəkilsin. O, əlini çiynimə qoymalı, mən də çevrilib sözümü deməliydim. Çəkiləndə dedim ki, əlini çiynimə qoy da. Dedi, qoymuşam, elə bil kəpənək qonmuşdu. Mən paltarın üzərindən onun əlini çiynimə qoyduğunu da hiss etməmişdim. Həsən kinomuz, yaxınları, dostları üçün böyük itki idi”.

Şıxlinskaya sonda Xalq artisti Rasim Balayevlə “Dədə qorqud” filmindəki maraqlı xatirələrindən danışıb:

“Rasim Balayevlə daha gülməli səhnələr olub, orada döyüş anı çəkilməli idi. Bunu əvvəldən öyrənməliydim. Çempion Aydın İbrahimov mənim məşqçim idi. Rasim bir dəfə də olsun, gəlmədi ki, nə işim var orada, Leyla xanım 45 kilodur, bir dəfəyə tutub ataram. Dedim, yaxşı. Çəkiliş başladı, Rasim deyir, Leyla xanım, məni ehtiyatlı at, camaat deyər ki, qadın o boyda Nəsimini yerə çırpır. Mən də söylədim ki, sən indi Nəsimi deyilsən, Beyrəksən. Dedi, yox, nə danışırsan. Operatorlara dedi ki, çəkiliş prosesinə baxan uşaqların hamısını göndər, mənə də söylədi ki, Leyla orada ot var, məni onun üstünə atarsan. Sizin verilişi izləsə, bəlkə də, məndən inciyəcək. Mən isə sizə tam düzünü dedim”.