Vəziyyəti ağır olan Əməkdar artist Novruz Qartalın xanımı Zərqələm Əliyeva “Elgizlə izlə” verilişində qonaq olub.
OLAY yazır ki, o, sənətçinin durumunun çox ağır olduğunu söyləyib.
“Həkim dedi ki, xəstəxanadan aparın, sağalmasına ümid yoxdur. Xərçəng bütün orqanlarına yayılıb. O, hərbi hospitallarda, cəbhə bölgələrində əziyyət çəkib konsertlər verib. Novruz özünü hər zaman qürurlu aparıb. 55 ildir ki, Bakıda kirayədə qalırıq. Heç vaxt evimiz olmayıb. Bizə ev təklif olunmuşdu, Babək prospekti tərəfdə idi. Üç uşağımız vardı, ev çox balaca, köhnə tikili idi. Ona görə Novruz dedi, uşaqlarla qala bilmərik, imtina etdi. Biz ora yerləşə bilməzdik. Ailə quranda onun evi yox idi, sonra dedi ki, alaram, o da olmadı. Övladları işsizdir. Biri xəstədir, o biri də sürücü işləyirdi, indi çalışmır. Valideynlərindən ona ev qalmayıb, İrəvandan Bakıya köçüblər. Burada balaca evləri var idi, orada sa qardaşıgil yaşayırdı, gedə bilməzdik. Əgər dünyasını dəyişsə, onu haradan çıxaracam? Ev sahibi dedi ki, evə gəlin gətirəcəm, oğlumun toyu olacaq, orada yas olmasını istəmirəm. Mən bura pula görə çıxmamışam. Bəlkə, bir-iki ay yaşayacaq, amma öz evi olsun istəyirəm. Xəstəxanadan salamat çıxsa, qızım evinə aparacaq, o baxacaq. Çünki bizim ev soyuqdur. Amma ona nəsə olsa, qızının evindən çıxmasını istəmərəm”.