Ötən günlərdə aktrisa Cennifer Qarner estetiklə bağlı fikirlərini bölüşüb. 50 yaşlı sənətçi bir çox həmcinsinin cavan və gözəl görünmək üçün estetik prosedurlara baş vurduqlarını söyləyib.
Onun fikrincə, xoşbəxtliyə gedən yol plastik əməliyyatlardan keçmir, insan dərisinə və saçına lazımi qədər qulluq etsə, güzgüyə daha az baxsa, komplekslərindən xilas olsa, bıçaq altına uzanmağa ehtiyacı qalmayacaq.
Əslinə qalsa, dövrümüzün gözəllik anlayışları - kiçik, dik burun, böyük dodaqlar, önəçıxan yanaq sümükləri, ceyran gözlər, yuxarı qalxmış qaşlar xanımları bu yollara baş vurmağa məcbur edir. Hamısını yox…
Elə xanımlar da var ki, öz qüsurlarını aradan qaldırmaq əvəzinə, bununla yaşamağı və belə gözəl oluna biləcəyini göstərirlər. C. Qarnerin fikrinə bizim məşhurlardan kimlər qatılar, yaxud da razılaşmaz, bu başqa mövzudur. Amma gəlin estetiksiz məşhur xanımlarımızla tanış olaq.
OLAY həmin populyar simalardan bir qismini təqdim edir...
Xalq artisti Mehriban Zəkinin üzünə bıçaq dəyməyib. Sənətçi şeir qiraəti kimi pafossuz, təbii və səmimidir.
Əməkdar artist Gülzar Qurbanova da estetiksiz məşhur xanımlarımızdandır. Məşhur aktrisa, hətta illərə meydan oxuyan sənətçilərdəndir. O, “Ölsəm bağışla”da necə təbii idisə, indi də elədir.
Zaman-zaman açıqlamaları, şeirləri, həmçinin stili ilə gündəm olan Əməkdar artist Elza Seyidcahan şou-biznesin estetiksiz xanımlarındandır. Onun nə üzündə, nə də bədənində hansısa toxunuşa rast gəlmək olmaz. Seyidcahanda heç botoks, yaxud da gel, dolğu da görünmür. O, az-az bəlli olan qırışları, danışanda çox istifadə etdiyi mimikaları ilə təbiilik nümayiş etdirir.
Əməkdar artist Dilarə Əliyeva da eynən zahiri kimi, xaricində də nəyisə dəyişmək ehtiyacı duymayıb. O da məşhurlaşdığı ilk gündən təbii, səmimi və plastik əməliyyatsızdır.
Müğənni Elnarə Xəlilova da təbiilikdən yana olan məşhurlar sırasındadır. Elnarə nəinki estetik edtirib, o, bəzən ağ saçlarını gizlətmədən, makiyajsız fotolar da paylaşır.
“Avroviziya” qalibi Nigar Camal populyar olduğu ilk günlərdən bəri dünya ulduzu Cennifer Lopezə bənzədilir. Nigar isə bu oxşarlığı plastik əməliyyatlara borclu deyil...
Müğənni Natavan Həbibi də estetiksiz məşhurlar sırasındadır... O da hələ ki, plastik əməliyyatlara üz tutmayıb.
Əksəriyyət burnundakı kiçik problemi belə aradan qaldırmaq üçün cərrahiyəyə üz tutur. Amma müğənni Dilarə Kazımova zəmanəmizin düz, kiçik burunlarının əksinə gedir. O, üzündə xüsusi xarakterstik görünüş yaradan, qismən sümüklü burnunu əməliyyat etdirməyib...
Aparıcı Leyla Quliyeva da plastik əməliyyat etdirməyənlər sırasındadır. Onun da hansısa bir estetik əməliyyatı yoxdur...
Ana olmağa hazırlaşan müğənni Sevda Yahyayeva da estetiksiz gözəllərdəndir. O, özünə qulluğu hər zaman etsə də, plastik əməliyyatlardan uzaq qaçıb.
P.S Biz ağlımıza gələn, gözümüzdən qaçmayanları yazdıq. Unutduqlarımız da ola bilər... Və bu yazı plastik əməliyyatlar etdirən məşhurlarımızı incitməsin. Hər kəs öz seçimində azaddır. Yetər ki, qədərində edəsiz, özünüz olasız, üz cizgiləriniz, xarakterstik xüsusiyyətləriniz, mimikalarınız itməsin. Biz sizi başqaları ilə səhv salmayaq, hər zaman tanıya bilək...