Olay
Olay

“Qarabağımızda da “Tərəkəmə” festivalı keçiriləcək”

“Qarabağımızda da “Tərəkəmə” festivalı keçiriləcək”

Qobustan Milli Tarix Bədii qoruğunda Mədəniyyət Nazirliyinin və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə “Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib.

OLAY yazır ki, festivalın keçirilməsinin  əsas məqsədi zəngin elat mədəni irsini təbliğ etmək, iştirakçıları onların həyat tərzi ilə canlı şəkildə tanış etməkdir.

Mədəniyyət naziri Anar Kərimov festival haqda danışarkən bunları deyib:

“Hörmətli, həmkarlar, səfirlərimiz, qazilərimiz, hamınızı salamlayıram. Bu gün hamınız sual verə bilərsiniz ki, niyə məhz festivalı ötən il yox, bu il keçiririk? Çünki bu festivalın əsas məqsədi Azərbaycana və türk coğrafiyasına aid olan qədim ənənə - yaylaq və qışlağa aid festivaldır. Çox sevinirik ki, tarixi məkanda Azərbaycan tarixinin ən vacib bir mərhələsi, sivilizasiyasının başlanğıcı olan Qobustanda hələ də o ənənələr yaşayır. Bu festivalın burada keçirilməsi onu göstərir ki, ənənələrimizə sadiq qalırıq, bundan sonra da bunu canlandırıb, yaşatmalıyıq. Hər bir ölkənin gələcəyi üç amildən asılıdır, güc - Azərbaycan dövləti, xalqı bu gücü göstərdi, torpaqlarımızı işğaldan azad etdi. Ədalət bərpa edildi.      

Biz bir daha göstərdik ki, Azərbaycan xalqı, türk dünyası ədalətsizliklə barışan bir xalq deyil. Tarix göstərir ki, türk dünyası dünyaya hüzur, barışıq gətirən sivilzasiyadır. İkinci amil - fəlsəfə, fikir, elmdir. Bu il Nizami Gəncəvi ili elan edilib. Üçüncüsü, bizim mədəniyyətimizdir. Biz öz kimliyimizə bağlı xalqıq. Bu tədbirin davamı gələcək. Hər il davamlı keçirməyi planlaşdırırıq. Bu tədbirlərlə turistlərin cəlb edilməsinə nail olacağıq. Çox şadam ki, bu tədbirdə bizim qazilərimiz də iştirak edir. Onlara sonsuz təşəkkürümü bildirirəm. Allah sizi qorusun, şəhidlərimizə rəhmət eləsin. Bu qürura görə sizə minnətdarıq. Sizin hesabınıza belə tədbirlər keçiririk. Qarabağımızda da belə tədbirlər keçirəcəyik”.

Qeyd edək ki, festival çərçivəsində iştirakçılar festival meydanında qurulmuş Tərəkəmə obasındandakı çadırlarda  tərəkəmələrin yeyinti məhsulları və təsərrüfat həyatı, onların mətbəx mədəniyyəti ilə tanış olacaq və  zəngin tərəkəmə süfrəsinin yeməklərindən dadmaq imkanı əldə ediblər. Bundan başqa, Tərəkəmələrin maldarlıq təsərrüfatına aid heyvanlardan  ibarət təmaslı mini zooparkla tanışlıq və  uşaqlar üçün təşkil olunmuş “Oxatma meydançası” iştirakçılara maraqlı anlar yaşadıb. Tədbirin fonunda canlı musiqilər səslənib, cəngi sədaları altında kəndirbazlar və pəhləvanlar məharətlərini göstəriblər.

Samirə Ərəblinski