Yeqor Kridin “Милый ублюдок” mahnısına çəkilən klipin Azərbaycandakı çəkilişləri Bakıda və Xızıda baş tutub.

OLAY yazır ki, ekran işinin rejissoru Nikita Vilçinski (Travis Scott, Ice Spice, Central Cee və digər artistlərlə işləyən rejissor), Azərbaycandakı çəkilişlərin prodüseri isə ZEYN olub.

Amerika road-movie estetikasından ilhamlanan klip 2016-cı ilin ab-havasını və nostalji hissini yenidən canlandırmaq ideyası üzərində qurulub.

Bakı və ətrafındakı məkanlar bu yanaşmanın əsas vizual elementlərindən birinə çevrilib: şəhər mənzərələri, sahil səhnələri və Xızının rəngli dağları klipdə bir araya gəlib.

ZEYN layihənin yerli istehsal prosesinə, texniki hazırlığa və çəkilişlərin koordinasiyasına cavabdeh olub. Rejissorun konsepsiyası əsasında başlayan hazırlıq zamanı komanda müxtəlif məkanlarda çəkilişləri qısa müddətdə təşkil edib. Çəkilişlər “Sea Breeze” ərazisində villa və hovuz səhnələri ilə başlayıb, daha sonra Xızı dağlarında davam edib. Günəşin doğuşu zamanı lentə alınan kadrlardan biri klipin finalında istifadə olunub. Bakı Bulvarında və Şeytan çarxında romantik səhnələr, Xəzər dənizində isə yaxta üzərində çəkilişlər aparılıb. Yaxta çəkilişləri üçün Xalq artisti Emin Ağalarov dəstək göstərib. Layihə dəyişən çəkiliş planları və intensiv iş qrafiki şəraitində reallaşdırılıb. ZEYN yerli komandanın işini rejissorun və artistin heyəti ilə əlaqələndirərək Azərbaycandakı çəkiliş prosesini tamamlayıb. Klipin bir hissəsi Los-Ancelesdə lentə alınıb. “Милый ублюдок” layihəsi ZEYN və 25BUREAU-nun beynəlxalq musiqi layihələrində fəaliyyətinin davamıdır.