İddiada Con Dou kimi göstərilən prodüser Kanye Uesti məhkəməyə verib.

OLAY yazır ki, sənətçi onu “Vultures 2” albomu üzərində işləməyə buraxılışdan cəmi iki gün əvvəl — 1 avqust 2024-cü ildə cəlb edib, lakin görülən işə görə indiyədək heç bir ödəniş etməyib.

İddiaçı bildirir ki, Uest studiya sessiyalarına şəxsən rəhbərlik edib. Prodüser isə 400-dən çox vokal generasiyası və ən azı 13 xüsusi süni intellekt səs modeli hazırlayıb. Onun əməyi albomun beş mahnısında istifadə olunub.

Con Dounun sözlərinə görə, 2024-cü ilin sonlarında Uestin komandası onun töhfəsini tanıyıb, striminq platformalarında müəlliflik kreditlərinin yenilənməsini müzakirə edib və hətta master yazılarının satın alınmasını təklif edib. Buna baxmayaraq, nə ödəniş edilib, nə də müəlliflik məlumatları düzgün şəkildə qeyd olunub.

İndi prodüser məhkəmədən ən azı 110 min ABŞ dolları tələb edir. Bunun 80 min dolları “Vultures 2” albomundakı mahnılara, 30 min dolları isə “Bully” layihəsinə görə nəzərdə tutulub.