İsraildə hər il keçirilən “Hakohav Haba” (Yüksələn ulduz) adlı musiqi müsabiqəsi başa çatıb.
OLAY yazır ki, müsabiqənin qalibi 27 yaşlı müğənni və bəstəkar Noam Bettan olub.
Şounun finalında həm münsiflər heyəti, həm də layihəni evdən izləyən tamaşaçılar N. Bettana səs veriblər. Səsvermənin nəticələrinə əsasən, Noam Bettan səs çoxluğu toplayaraq rəsmi şəkildə qalib elan olunub və may ayında Vyanada keçiriləcək 70-ci “Avroviziya” mahnı müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Noam Bettan fransız mühacir ailəsində anadan olub və İsrailin Raanana şəhərində böyüyüb. O, fransız dilində sərbəst danışır və artıq səkkiz ildir musiqi karyerasını qurur. 2023-cü ildə debüt albomunu və bir neçə sinqlını təqdim edib. Həmin işlər milli radio çartlarına liderlik edib və striminq platformalarında milyonlarla dinlənmə toplayıb. Müğənni eyni zamanda qrupu ilə birlikdə ölkə üzrə aktiv şəkildə çıxış edir ki, bu da ona zəngin canlı ifa təcrübəsi qazandırıb.
Qeyd edək ki, son aylarda İsrailin “Avroviziya-2026” müsabiqəsində iştirakı EBU daxilində ciddi müzakirələrə səbəb olub. Bir sıra ölkələr Yaxın Şərqdəki siyasi vəziyyət fonunda İsrailin müsabiqədə qalmasından narazılıqlarını ifadə ediblər.
Xatırladaq ki, bəzi ölkələr rəsmi şəkildə Vyanada keçiriləcək “Avroviziya” müsabiqəsində iştirakdan imtina ediblər. KİV-in yazdığına görə, səbəblərdən biri Avropa Yayım Birliyinin İsraili müsabiqədən kənarlaşdırmamaq qərarı olub.