Bu yaxınlarda bir qiraətini dinlədim. Pafossuz, səsini yüksəltmədən, sakit, ürəyətoxunan, içdən... Deyirdi, yaşdan gileyliyəm. Elə qiraət edirdi ki, hələ ömrünün birinci 25 ilini tamamlamamış, uşaqlıq illərindən çox uzaqlaşmamış mən kövrəlib, göz yaşlarımı saxlaya bilmədim. Onda fikirləşdim ki, mütləq bu möhtəşəm ifanın müəllifi olan mərhum Əməkdar artist Həsən Əblucun yaxınlarından biri ilə, elə qızı Elnaz xanımla əlaqə saxlamalı, ondan müsahibə götürməliyəm.
Nə xoş ki, söhbətimiz gözəl alındı, onlayn da olsa, müsahibəmiz baş tutdu.
OLAY rejissor, aktyor və qiraətçi H. Əblucun qızı, rejissor Elnaz Əblucla müsahibəni təqdim edir:
- Əvvəla atanızın bu günlərdə trend olan videosundan danışmaq istərdim. İllər sonra yenə paylaşıldı, hətta Həsən Əblucu tanımayan gənclər var idisə, onun yaradıcılığı ilə tanış oldu. Siz hansı hissləri keçirdiniz?
- Sosial şəbəkələrdə hər zaman atam haqqında yazılır, videoları paylaşılır. Bu, ilk dəfə deyil. İfasında bir çox şeir var ki, insanların rastına düşdükcə paylaşırlar. Görürəm məni ya da, dostlarını teq edirlər. Messencerə, Vatsapa çox göndərirlər. Hətta bir çox videoları məndən götürürlər. Bu videonu da Həsən Əblucun yutub kanalında yerləşdirmişəm, atamın yubiley gecəsindən olan kadrdır. Təbii ki, digərləri bu video qədər paylaşılmayıb. TikTok-da da paylaşılır. Dostlarım göndərirlər ki, sevinim, söyləyirəm ki, birinci elə özüm paylaşmışam.
10 il bundan əvvəl bir gənc adam atam üçün feysbukda səhifə açmışdı. O, Həsən Əbluca olan sevgisinə görə həmin profili idarə edirdi. Bacardığı qədər axtarıb, tapıb, videolar paylaşırdı. Hətta elə görüntü olurdu ki, bilmirdin onun içində Həsən Əbluc olar. Yaxud da radioda Həsən Əbluc haqda nəsə veriliş gedirdi, onu da telefona yazıb paylaşırdı. Sonra həmin şəxs məni də səhifəni idarə etməyə çağırdı. İkimiz əlimizdən nə gəlirdisə, edirdik.
Əfsuslar olsun ki, feysbuk bu səhifəni sanki yox elədi, nə səbəbdən oldu bilmədik. Qərara gəldim ki, yenisini açım. Bir-iki ay olarki, yeni səhifə yaratmışam, onu idarə edirəm. Lakin əvvəlki profilə çox xoş sözlər, rəylər yazılırdı, paylaşımlar var idi, oradan paylaşımları götürürdülər. Belə başa düşürəm feysbuka da etibar yoxdur (gülür - red.).
- Bu hesabınıza da xoş sözlər yazarlar. Sənətkara münasibət dəyişmir axı...
-Bilirsiz, mən atamla hər zaman fəxr etmişəm, istəmişəm ona uyğun olum. Bu videonun yayılması, paylaşılması da mənə xoşdur, təsəllidir. Bir var insan yoxdur və unudulur, kimsə haqqında danışmır. 28 il ərzində bu insanı hər kəs xoş sözlə xatırlayır. Mən görməmişəm ki, istər insanlığı, sənəti, ya da davranışı haqda kimsə neqativ danışsın. Hər halda haradansa nəsə eşidə bilərdim. Lakin belə bir şey olmayıb. Vəfat edən insan üçün “xala xətrin qalmasın” deyə, Allah rəhmət etsin deyirlər.
Amma Həsən Əblucu həyatda görməyən, ailəmizi tanımayan insanlar xoş sözlər yazır, bu da içdən gəlir, mənə böyük təsəllidir. Atama çox bağlı olmuşam, o da mənə. Həmişə demişəm ki, o, ata olmaqdan əlavə yaxın dostum idi.
- Elnaz xanım, Həsən müəllim Bəxtiyar Vahabzadənin “Yaşdan gileyliyəm” şeirini səsləndirir. Amma elə ürəkdən, səmimi qiraət edir ki, şeirdəki bütün duyğular dinləyiciyə keçir. Özü də yaşdan gileyli idi? Yoxsa bu onun işindəki ustalığından irəli gəlirdi?
- Atam o şeiri deyəndə yaşı 40-ı keçmişdi. Orada da qeyd edir ki, 40-ı keçmişəm, 50-ə çatmamışam. O, enerjili insan idi, yaşdan gileylənmirdi. Həmişə deyirdi ki, qədimi vaxtların insanları 35 yaşında 60 yaşlı sanballı kişilər kimi görünürlər. Biz isə 50-ə çatmışıq, amma elə görünmürük. Lakin o, ağ saçlarına görə yaşlı görünürdü. Onun saçları gənc yaşlarından ağarıb. Hətta o, işdə olarkən rəhmətə gedib. Ailənin bütün problemlərini, qayğılarını çəkib, bazara, aptekə özü gedirdi. Həm də avtomobili yox idi. Piyada gəzirdi. Bu xüsusiyyəti də mənə keçib. Mən də piyada gəzməyi sevirəm.
- O zaman bu, Həsən müəllimin işində usta olmasının sübutudur ki, yaşından şikayətçi olmadığı halda, belə ürəkdən ifa edib.
- Həsən Əblucun bir ifası, şeiri yoxdur ki, ürəkdən ifa etməsin. O, hətta istirahətə gedəndə də gəzə-gəzə nəsə təkrarlayırdı. Ya da evdə bir şey oxuyurdu. Demirdi ki, iki-üç gün şeiri əzbərlədim, atdım kənara. Daim öz üzərində çalışırdı. Bəlkə də hansısa axtarışlar edirdi ki, onu necə ifa etsin. Boş vaxtlarında, tək olanda dilinin ucunda nəsə danışır. Biz də bilirdik ki, nə isə təkrarlayır.
- Uşaqlıq illərini, Təbrizi necə xatırlayırdı?
- Atam Təbrizdən 4 yaşında köçüb. Ora ilə bağlı nəsə xatirəsi olmayıb. Uşaqlığı burada keçib. Elə xatirələri də bura ilə bağlıdır.
- Siz də atanızın yolunu davam etdirdiz, rejissor olduz...
- Deyə bilmərəm ki, atamın yolunu sırf davam etdirmişəm. Mənim fəaliyyətim Həsən Əblucun sənətinin yanında çox cılız qalır.
- Əsasən bu sahədə olan adamlar övladlarını öz işlərindən uzaq tutur. Başqa peşənin sahibi olmağını istəyirlər. Həsən müəllim sizin hansı sənətə yiyələnməyinizi istəyirdi?
-O, həmişə mənə sərbəst seçim təqdim edib. Heç vaxt nəyəsə məcbur etməyib. Gəlib deyirdim ki, fotoreportyor olacam, sonra fərqli peşədən danışırdım. Atam da deyirdi ki, bir qərar ver, həmişə istiqamətləndirirdi. Nənəm həkim idi, o da istəyirdi ki, həkim olum. Atam deyirdi ki, istəyirsən diktor ol, aparım səni Roza xanım (Xalq artisti Roza Tağıyeva) məşğul olsun.
Qiyabi oxuyurdum deyə işləməli idim. Məni Mədəniyyət Nazirliyinə apardı, dedi ki, burada çalış. Ağladım, dedim ki, orada işləmək istəmirəm. Ona görə də getmədim. Atam məni müxtəlif kurslara aparırdı, məsləhət verirdi ki, müasir xanım dünyagörüşlü, ağıllı olmalıdır, işləməlidir. Atam rəhmətə gedəndə Hüseynağa Atakişiyevin teatrında işləyirdim. O, sağ ikən məni televiziyaya da aparırdı. Onlar da işə qəbul etdilər.
- Yenə razılaşmadız?
- Bəli, ağladım ki, orada işləmək istəmirəm, onda şirkətdə işləmək istəyirdim, ingilis dilini təkmilləşdirirdim. Atam istəyirdi ki, montaj rejissoru olum.
- Atanızın vəfatından sonra karyera planlarınız nə yerdə qaldı?
- Depressiyada idim. Lakin səhər oyananda deyirdim ki, atamın xətrinə ayağa qalxmalıyam. Necə oldusa, televiziyaya ştatdankənar reportyor kimi çalışmağa başladım, sonra müəllif proqramları hazırlamağa keçdim. Həm çəkiliş rejissoruyam, həm prodüserəm, televiziya jurnalisti kimi də çalışmışam. 20 ildir ki, layihələrimi özüm montaj edirəm. Sanki atamın ruhu məni bu peşəyə çəkdi.
- Atanız da həm rejissor, həm aktyor, həm də qiraətçi idi. Hansı ruhuna daha yaxın idi?
- Mən də bir neçə sənəti bacarıram. Eyni səviyyədə sevirəm. Atam da həm aktyorluq, həm də rejissorluq üzrə təhsil alıb, onda prodüser yox idi. Həsən Əbluc prodüserlik də edirdi, hər işi özü görürdü. Portret verilişlər, televiziya proqramları da hazırlayıb.
- Müsahibələrinizin birində demisiniz ki, atanızdan aktyor kimi az istifadə ediblər. Özü bu barədə nə düşünürdü?
- Həsən Əblucdan həm aktyor, həm də rejissor kimi az istifadə ediblər. Ancaq atam bütün işlərində mükəmməl idi. Özü kino rejissorlarına ironiya ilə deyirdi ki, məni filmlərə çəkməyin. Əgər çəksəz, heç kim baxmayacaq. Bu onlara söz atmaq demək idi. Başqa aktyorların oynadığı rolları elə səsləndirib ki, bəlkə də onun oyunu atamın səsi ilə daha mükəmməl, daha yüksək səviyyəli olub.
- Həsən Əblucsuz 28 il ailəsi üçün necə keçdi?
- Ən xoş anlarım, xoşbəxtliyim, sevincim Həsən Əbluclu illərdə idi. Yaşamağa məcbursan da. Elə-belə gülmüşük, içdən gəlməyib. Atam rəhmətə getdikdən sonra hər yeməkdən əvvəl, 20 dəqiqə göz yaşı tökürdüm. Yemək boğazımdan keçmirdi. Təbii ki, bizə hər baxımdan çətin olub. Mənəvi çətinliyimiz olub, söhbət maddiyyatdan getmir. Yanımızda olmamağı bizi incidir. Atam yaşasa, bizim çətinliklərimiz də olmazdı. Bizi o qədər ərköyün böyütmüşdü. Anam çörək harada, neçəyə satılır bilmirdi. Sanki hiss etmişdi, ölümündən bir-iki ay əvvəl onu fikir aparmışdı. Söyləyirdi ki, siz heç nə bacarmırsız, mənsiz nə edəcəksiz (gülümsəyir). Ondan sonra mən o qədər güclü oldum ki... Anamın rəfiqələri həmişə deyirdi ki, Aytən tək qızın deyil, həm oğul, həm ərdir. Çünki bizim həyat yoldaşlarımızın bacarmadığı şeyləri sənin qızın edir.
Düşünürəm ki, atam məni belə görsə, təəccüblənərdi. Hər kişi o, əziyyəti götürməzdi. Mən heç kimdən istifadə etməmişəm, atamın adından da həmçinin. Hətta atam sağ olanda deyirdi ki, filan yerə get, de ki, Həsən Əblucun qızıyam, filan kitabi sənə versinlər. Söyləyirdim ki, elə deyə bilmərəm. Atamdan istifadə etməkdən utanmışam. Bəzən məni soyadımdan tanıyırlar. Bir cavan deyir ki, Həsən Əblucun qızısız? Adama xoş olur. Özümü də tanıyırdılar. İndi uzun müddətdir efirdə yoxam. Elə bir vaxt var idi ki, məni tanımayan yox idi. Atamın sözünə əməl etmişəm, öz bacarığıma görə tanınmışam, iynə ilə qəbir qazmışam. Nəinki istifadə etməmişəm, hətta çox yerdə işləməyə imkan verməyiblər. Üzümə çox qapı bağlanıb.
- Atanızla bağlı nəsə peşmanlığınız varmı?
- Təbii ki, cüzi şeylər hamıda olur. Mən atamla dost olmuşam. Biz bir yerdə yemək yeməkdən də zövq alırdıq. Moskvaya gedəndə bir yerdə piyada gəzməyi sevirdik. Əmim orada yaşayırdı. Deyirdi, gəl, piyada onlara gedək. O qədər söhbət edirdik ki, uzun yol gözümüzə görünmürdü. Biz tennis oynamağı sevirdik, lotka sürürdük. Cüzi nələrsə olur ki, peşmanlıq hiss edirsən. Tək ona heyfslənirəm ki, atam yaşayardı, yanımızda olardı. Harasa dincəlməyə gedirsən, fikirləşirsən ki, kaş atam da olardı. Buna görə təəssüflənirəm ki, yoxdur.
- O, rəhmətə getdikdən sonra dostlarından kimlər sizi yada saldı?
- Xalq artisti Əminə Yusifqızı ilə daha yaxın olduq. İllərlə bizə gəlib-gedirdi. Başqa kişi dostlarından Şahmar əmi var idi. O da atamdan əvvəl rəhmətə getdi. Onun ailəsi ilə həmişə dostluq etdik, indi də elədir. Deməzdim ki, kimsə bizimlə çox maraqlanıb. Xalq artisti Solmaz Qurbanova ilə də yaxın idik. Onun həyat yoldaşı atamla dost idi. Solmaz xanım bizimlə uzun illər dostluq etdi. Əfsuslar olsun ki, o da rəhmətə getdi. İndiyə qədər də Xalq artisti Yasin Qarayevlə əlaqəmiz var. Biz həm də eyni məhəllədə yaşamışıq, onun oğlu mənim sinif yoldaşım olub. İndi də eyni blokda yaşayırıq. Bu günə qədər də onlarla dostuq, bir-birimizə dəstəyik. Tariyel Vəliyevin (Əməkdar İncəsənət xadimi) həyat yoldaşı Rövşanə xanım da anamla rəfiqədir. Anam Xalq artisti Tofiq İsmayılovun xanımı ilə də yaxındır.