Müsahibələrə hər zaman həssaslıqla yanaşırıq. İstər mən, istər müsahibələrin özəyi olan görüntünü ərsəyə gətirən Nuran Məmmədov. Amma əminliklə deyə bilərəm ki, bunlardan ən gözəli Əməkdar artist Zemfira Sadıxova ilə bir araya gəldiyimiz zamanlardır.
Zaman varmı? Yoxsa, insanların özünə sərhədlər çəkməyi üçün qoyduğu bir qavramdır? Uzun müddətdir bu suallar məni narahat edirdi. Lakin indi əminəm! Zaman deyə bir şey yoxdur! Sadəcə siz və doğrularınız var! Qorxular yoxdur, vazkeçişlər var! Həyat sadəcə sevdiyin şeylər üçün mübarizə aparmaq cəsarəti göstərəndə sehirini ortaya qoyur!
83 yaşlı sənətkar illərin ona verdiyi yorğunluğa rəğmən aktrisalıqdan vaz keçmir, bütün varlığı ilə yenidən çəkiliş meydançalarında “Motor!” səsini eşitmək istəyir.
OLAY onunla bir araya gəlib, kiçik və maraqlı müsahibə gerçəkləşdirib.
- Zemfira xanım, ötən günlərdə 83 yaşınıza qədəm qoyduz, özünüzü necə hiss edirsiniz?
- Özümü yaxşı hiss edirəm, şükürlər olsun ki, hər şey yaxşıdır.
- Pandemiyadan öncə sizi kinoteatrlarda “Qış nağılı” filmində gördük…
- “Qış nağılı” 3 il bundan öncə çəkilmişdi, 2019-cu ildə. Ondan sonra filmlər çəkilişləri dayandı...
- Özünüz qaçırsınız film və seriallara çəkilməkdən, yoxsa təkliflər olmur?
- Hər bir sənətkar həmişə çəkilmək istəyir. Münasib ssenari varsa, filmlərdə rol almaq istəyərəm. İndi deyəsən yavaş-yavaş nəyəsə nail olmaq istəyirlər. Çox istərdim elə bir obraz olsun ki, indiyədək hamısının içində ən maraqlısı olsun. Məni bir sənətkar kimi cəlb eləsin.
- Bu yaşda belə gözəl qalmağı nəyə borclusuz?
- Cavanlaşmıram, qocalıram. Gündə üç dəfə qidalanıram, axşam 6-dan sonra heç nə yemirəm. Özümü o cür saxlayıram.
- Yusif Vəliyevin ölümündən sonra həyatınızda nə dəyişdi?
- Çox ağrılı, çətin günlərim oldu. İki uşaq böyütməli idim. Şükür Allaha ona nail oldum. Uşaqlar böyüdülər, evləndilər. Hərəsinin öz uşaqları var.
- İkiniz də aktyor idiz, nə əcəb övladlarınız bu yolu seçmədi?
- Bahar da, Pərviz də incəsənətə meyilli idilər. Mən nə oğlumu, nə də qızımı qoymadım...
- Kariyeranızda indiyədək qarşılaşdığınız ən böyük çətinlik nədir?
- Yusifə qarşı da, mənə qarşı da çox haqsızlıqlar oldu. Çox filmlərə çəkilməyə qoymadılar. İndi mənim 40-dan yuxarı yox, 100-dən yuxarı filmim olardı. Yenə də şükür, bundan da pis ola bilərdi.
- Yusif müəllimin ölümündən 42 il keçib, ən çox onun hansı tərəfi üçün darıxırsız?
- Ən çox onun özü üçün darıxıram. Onunla həyat dolu idi. Onsuz boşluq çoxdur. Nə qədər uşaqlar, nəvələr olsa da, başım qarışsa da... Heç olmasa, filmlər olsa, başım qarışardı. Mənəvi rahatlıq tapardım. Hələ ki heç nə yoxdur.
- Sizcə, gənc aktyorlar üçün seriallar bir məktəbdir, ya əksinə, aktyorluğun kor edildiyi yer?
- Seriallara yaşlı sənətkarlar da çəkilir, cavanlar da. Cavanlar yəqin ki, sənətkarlardan öyrənir. Həmidə Ömərova kimi sənətkar seriala çəkilir. Ətrafındakı cavanlar da yəqin ondan nəsə öyrənir.
- Sizcə, hər aktyorun mütləq bilməsi lazım olduğu şey nədir?
- Tək aktyora aid deyil, hər bir insan sözünə düz, punktual, dəqiq olmalıdır. Verdiyi sözə əməl etməlidir. İnsan kimi yaşamalıdır, düzgün yaşamaq lazımdır.
- Müsahibələrinizin birində demisiniz ki, Əbülfəs Qarayevə müraciətiniz cavabsız qalıb, bəs Mədəniyyət naziri dəyişəndən sonra fəxri adla bağlı müraciət etmisiz?
- Əbülfəs Qarayev gedəndən sonra pandemiya başladı. İki il deyəsən Mədəniyyət Nazirliyi işləmədi. Heç kimə fəxri ad vermədilər ki, mənə də versinlər. Bu il pandemiya yoxdur. 1965-ci ildən filmlərə çəkilirəm. Axırıncı dəfə 2019-cu ildə kamera qarşısına keçmişəm. Mən yaşda sənətkar bundan artıq nə edə bilər? Əgər çəkilişlər də yoxdursa...
Ümid edirəm ki, bu il ad alaram. Axı, mən buna layiqəm...
Çəkilişdə göstərdikləri köməyə görə “Manzara” restoranına minnətdarlığımızı bildiririk!
Pərviz Hüseyn
FOTO: Niko Abbasov
VİDEO: Nuran Məmmədov
Makiyaj və saç düzümü: Anar Ağakişiyev