Azərbaycan Prezidentinin ailəsi haqqında yalan məlumatların yayılması yolu ilə şantajla məşğul olduğu üçün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan şəxs barədə yeni təfərrüatlar üzə çıxır.

OLAY yazır ki, bu şəxs 1976-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Fərid İlqar oğlu Salmanovdur. Onun adı bazar günü “Real TV”də yayımlanan “Milli namus məsələsi” adlı sənədli filmdə açıqlanıb.

1news iddia edir ki, böyük ehtimalla, söhbət görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun (1931–2007) nəvəsindən gedir. Fərman Salmanov Sibir neftinin kəşfiyyatçısı kimi tarixə düşüb və Rusiyada yerləşən Surqut hava limanı onun adını daşıyır.

Vikipediya məlumatlarına və sosial şəbəkələrdə ailəni tanıyan şəxslərin şərhlərinə görə, Fərid Salmanov Fərman Salmanovun böyük oğlu İlqar Salmanovun (1948–2016) oğludur.

“Milli namus məsələsi” sənədli filmində Fərid Salmanovun bacısının səsli mesajı da səsləndirilib. O, qardaşını böhtan kampaniyasında iştirakdan çəkindirməyə çalışaraq deyib:

“Fərid, sən nə edirsən? Axmaqlıq etmə, bunu dayandır. Sən bütün ailəmizi təhlükə altına qoyursan, nə etdiyini anlayırsan? Zəhmət olmasa, özünə gəl. Hansısa bloqerlərin, naməlum insanların təsiri altına düşmə. Onların sənə veci yoxdur. Onlar bunu sənin vasitənlə etmək istəyirlər. Amma sonda zərər görən sən və ailən olacaq. Düşün, nə etdiyini anla. Bu insanlar səni istifadə edir, sən onlar üçün sadəcə hədəfsən”.

Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq zamanı 1976-cı il təvəllüdlü Fərid İlqar oğlu Salmanovun digər şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup tərkibində fəaliyyət göstərdiyi və digər şəxslər haqqında qəsdən yalan və böhtan xarakterli məlumatların yayılması hədəsi ilə külli miqdarda pul tələb etdiyi barədə əsaslı şübhələr yaranıb.

Belə ki, Fərid Salmanov Azərbaycan vətəndaşları Elman Yaqub oğlu Əliyev, Məmmədzəki Məmməd oğlu Səlimov və digərləri ilə əlbir olaraq, Prezident ailə üzvləri haqqında yalan məlumatların yayılması hədəsi ilə xüsusilə külli miqdarda pul tələb etmək məqsədilə əvvəlcədən razılaşdırılmış plan əsasında 11 fevral 2026-cı il tarixində öz adına qeydiyyatdan keçmiş “Facebook” hesabı vasitəsilə Mehman Rafiq oğlu Hüseynova məxsus “Sancaq media” səhifəsinin mesaj bölməsinə səsli mesajlar göndərib.

Bu mesajlar vasitəsilə o, 3 fevral 2026-cı ildə qeyd olunan səhifədə, eləcə də Qabil Əmrah oğlu Məmmədovun idarə etdiyi “Haqsızlığa susma” adlı YouTube səhifəsində qismən nümayiş etdirilmiş, guya Alena Əliyevaya aid görüntüləri əks etdirən saxta videomateriallardan istifadə məqsədilə əlaqə qurub.

Prezidentin ailəsini şantaj edən şəxs tanınmış azərbaycanlının nəvəsidir?