Yaşı az olsa da, o, hazırda Türkiyə film və serial sektorunda “prime” dönəmlərini yaşayan və hamının axtardığı bir prodüserdir.
Söhbət “Prens” serialı ilə ulduzu parlayan və ard-arda müxtəlif rəqəmsal platformaların ən çox müraciət etdiyi şəxs – azərbaycanlı biznesmen və kinoprodüser Müşviq Quluzadədən gedir.
OLAY “MGX Film”in rəhbəri ilə müsahibəni təqdim edir:
- Müşviq bəy, “Prens” serialı sosial mediada tez-tez qarşıma çıxsa da, baxmağı ertələyirdim. Lakin sonradan vaxt tapıb izləməyə başladım və fanatı oldum. Diqqətimi çəkən bir məqam isə Türkiyə kimi dünya bazarında yüksək pillədə yer alan bir ölkədə bu serialın prodüserinin azərbaycanlı olması idi. Ancaq təəssüf ki, hər kəs titrləri oxumur və məlumatlı deyil. Mən isə sizi tanımayanlar üçün təqdim etməyi özümə borc bildim. Qısası, Müşviq Quluzadə kimdir?
- 1992-ci ildə Masallıda dünyaya gəlmişəm. Fərqli sahədə çalışırıq, əsas işimiz bu deyil. Təxminən 30 ildir ki, ailə peşəsi olan dərman istehsalı ilə məşğul oluruq. Türkiyədə istehsal müəssisələrimiz var, digər ölkələrdə də satış komandalarımız fəaliyyət göstərir. Atam 1996-cı ildən bu işlə məşğuldur. 2010-cu ildə Türkiyəyə gəlmişəm. Beykent Universitetinin Kompüter Mühəndisliyi fakültəsinə qəbul olmuşdum. Ailəm də biznesini buraya köçürdü. 2012-ci ildə universiteti bitirdim və atamın şirkətində çalışmağa başladım.
- Bəs, necə oldu ki, film sektoruna gəldiniz?
- Dostum Fatih Eke təklif etdi ki, belə bir studiya qura bilərik. Əslində, kinodan çox, bu texnologiyaya girmək üçün bir addım atdıq. Kompüter mühəndisliyi oxuduğum üçün buna marağım var idi. Fatih Eke o dövrlərdə bizimlə çalışırdı və birlikdə “Türkiyədə olmayan bir işi, bir texnologiyanı necə inkişaf etdirə bilərik?” deyə danışdıq. “Virtual Production” texnologiyasını qurmağa qərar verdik. Studiyanın bir hissəsi 4-5 aylıq bir müddətdə Türkiyədə istehsal edildi, qalan dəstək cihazları isə xaricdən gətirildi. Studiyanın qurulması zamanı ilk filmimiz olan “Zoraki Misafir”in çəkilişlərinə başladıq. Biz bu işi edərkən öz istehsalımız olmasını istədik, əvvəlcə layihəmizi yaradıb, daha sonra onu xaricə tanıtmaq və bu texnologiyanın burada nələr edə biləcəyini göstərmək istədik. Burada da belə bir şey var idi, studiya Türkiyədə yoxdur, xaricdə var. Xaricdə də 4 studiya var idi, biz 5-ci idik. Sonradan çoxaldı, indi 100-dən çoxdur. Türkiyədə ilk dəfə 2020-ci ildə biz qurduq. Fikirləşdik ki, qurandan sonra necə tanıdaq? Bu da ancaq kino sahəsində istifadə olunur. Qərara gəldik ki, layihələrimizi çəkək, göstərək ki, belə bir studiyada nə kimi işlər görülə bilər. O zaman da yolumuz Giray Altınokla kəsişdi. Biz ona göstərdik ki, belə bir studiya qurulacaq, sən nə ssenari yaza bilərsən? O da həmin vaxt instaqramda qısa videolar çəkirdi, bu obrazı yaratmışdı, sadəcə adı “Kral” idi. Başqa yaratdığı obrazlar da var idi. Amma bizə “Prens” daha uyğun gəldi. Razılaşdıq, yazmağa başladı. Biz də studiyanı qurmağa başladıq. Sonra da “Prens” çəkildi, beləcə kino sənayesinə girdik...
- Ancaq bu da uzun çəkdi, 3 il “Prens”i heç yerə sata bilməmisiniz...
- Türkiyədə də, Azərbaycanda da böyük firmalar qarşını kəsirlər, qabağa gedəndə ayağından çəkirlər. Bu, tək iş həyatında yox, ailədə də belədir. Qabağa getmək istəyirsən, qohumların icazə vermir. Türkiyədə ssenarini göndərirsən, oxuyurlar, qəbul edirlərsə, satırsan. Bəyənirlərsə, iş davam edir. Amma biz hələ yeniydik. O studiyanın da uğurlu olacağını bilmirdim. Çünki pandemiyada qurulmuşdu. Bəlkə, “Prens” deyə bir iş olmayacaqdı… Buna görə, heç kimə təqdim etmədik. Dedik ki, çəkək, uğurlu olmasa, üstünü bağlayarıq, çıxıb gedərik. Lakin iş yaxşı alındı, biz də platformalara göndərdik. İlk başda “Netflix”ə yolladıq. Dedilər ki, hazır iş almırıq, sıfırdan götürməliyik. Nə qədər platforma varsa, hamısına göndərdik: “Disney+”, “Exxen”, Blu TV… Onda Blu TV-nin rəhbəri başqa idi. Məni tanımırdılar, bu da ondan qaynaqlanırdı ki, mən də yeniydim, həm də öyrəşdikləri kimi deyildi, biz layihəni çəkib gətirmişdik. Normalda ssenarini verirsən, bəyənsələr, davam edirsən, əlavələr edirlər, çəkirsən. Burada hər şeyi mən etdim, hazır iş apardım, onu da qəbul etmədilər. Qeyri-adi bir iş idi. Daha əvvəl belə bir studiyada çəkilən “Prens” kimi iş yox idi. Yumoru da fərqli idi. Rəqəmsal platformada bunu yayımlamağa qorxdular ki, insanlar necə qarşılayacaq? Burada problem heç vaxt pul məsələsi olmadı ki, mən çox məbləğ dedim, onlar vermədilər. Yox. Həmişə qazanc ikinci planda idi. Sadəcə işi almaq istəmədilər. Bir də layihəni göndərdikdən sonra da cavabı gözləyirsən. Məsələn: “Netflix”ə göndərirsən, geri dönüş etməkləri 6 ay çəkir. Oradan cavab gəlmədən başqa yerə göndərə bilmirsən. Cavab gəlir, “Gain”ə yollayırsan. O da 5-6 aya cavab verir. Dörd-beş platforma var, onlardan cavab gözləyə-gözləyə 3 ilə gəlib çıxdı...
Bunun lap əvvəlində əməkdaşımıza demişdim ki, bu işi sata bilməsək, yutubda yayımlayacağıq. Biz özümüzü yoxlayırdıq ki, studiyada nəsə bacara bilirik, ya yox? Sata bilməsək, yutubda paylaçacaqdıq, yaxşı bir iş görmüş olacaqdıq. O da həmişə deyirdi ki, iş yaxşı alındı, yutubda yayımlamayaq, platformaya verək. Hara getdiksə, olmadı. Üç ildən sonra hər yerdən “yox” cavabı aldıq. Dedim ki, mən bu işi yutuba qoyuram. Onda da özün yükləyə bilmirsən. Hansısa agentliyə müraciət etməlisən. İşə peşəkar yanaşmaq lazım idi. Bir nəfər tapdıq, agentliyin sahibi izləmək istədi. Dedi ki, bunu yutuba qoymaq istəmirəm, yaxşı işdir, heyif olacaq. Soruşdu ki, niyə rəqəmsal platformalara vermirsən? Mən də izah etdim ki, hamısından “yox” cavabı aldım. Dedi ki, bunu Blu TV-yə göstərə bilərəm? Soruşdum ki, tanışın var? Dedi, “CEO”su xanımımdır, axşam ona izlətdirərəm. Dedi, axşam evdə izlətdirəcəyəm. Mən də söylədim ki, pul məsələsi problem deyil. Sadəcə bu işin Blu TV-də yayımlanmasını istəyirəm. Axşam xanımına göstərib, səhəri gün zəng etdi ki, görüşək. Bu, çox yerdə deyilmir. Biz birinci sezonu platformaya pul almadan verdik. Dedik ki, haqqları məndə qalacaq, sən layihəni yayımla, 6 ay içində yaxşı olmasa, geri alarıq. Sən yayımla, nə qazansan 50/50-yə olsun. Amma altı ay içində de ki, ikinci sezon istəyirsən, ya yox? Altı ay olmadan, qısa müddət ərzində geri dönüş etdilər. İyunda serialı verdik, avqustda geri dönüş aldıq, çünki yaxşı izlənildi. Dedilər, ikincini istəyirik. “Prens” də beləcə “partladı”. Heç bir PR etmədilər. Biz bir az özümüz etdik. Özü populyarlaşdı. İnstaqram, sosial media gücü ilə parladı. Hər yerdə paylaşdılar, qısa videolar hazırladılar. Normalda rəqəmsal platformalarda layihə yayımlananda reklamları çıxır, afişalar hazırlanır, influenserlərə pul verilir. Bu işdə heç belə olmadı. Öz-özünə populyarlaşdı.
- Siz Azərbaycanla da bağlı nəsə etmək istəyirdiniz. Səhv etmirəmsə, Ozan Akbaba ilə Bakıya gəlmişdiniz, Şuşaya getmişdiniz.
- Yox, elə bir şey yox idi. Sadəcə xəbərlərdə elə yayıldı. Ozanla bu sektora yeni başlayanda reklam çarxı çəkmişdik. Studiya yeni qurulan vaxt idi. Ozanla o vaxtdan tanışlığımız var idi. Sonra “Anka” filmini çəkdik. Belə dostluğumuz var idi. Bakıya da gələndə Qarabağa yollandıq. İkimizi Qarabağda görəndə ora ilə bağlı layihə hazırladığımızı düşündülər. Elə bir şey yox idi. Bu, dövlət qurumlarının səlahiyyətində olan bir şeydir. Onlar istəsinlər, biz ən yaxşısını edək. Dövlətimiz bizdən istəmədikdən sonra özbaşımıza edə bilməzdik. Amma Qarabağla bağlı film etmək istədilər, deyəsən, dayandı.
- Pul yeyintisinin olduğu deyildi. Hətta filmin aktyorlarından da bu haqda danışanlar olmuşdu.
- Bunu bir az giley kimi deyirəm. Bizimkilər birinci Mustafa Usluyla görüşdülər. Zatən yeyinti orada başladı. Mənə maraqlıdır ki, bu adamlara müraciət edəndə araşdırılmır? Mustafa Uslunu sektorda kimdən soruşsanız, dələduz deyər. Niyə mənə müraciət etmədilər? İkinci müraciət etdikləri də “Bozdağ Film” oldu. Onlarla da Qarabağ bölgəsinə getdilər, geri qayıtdılar, yarımçıq qaldı. Türkiyədə bu işlə məşğul başqa insanlara da gedə bilərdilər. Niyə məhz onlar?
- Burada vizyon (dünya görüşü – red.) məsələsi də önəm daşıyır. Yəqin, tanıdıqları ancaq onlardır.
- Mən buradan izləyəndə kədərlənirəm. Daha yaxşısını edə bilərlər. O qədər pul xərclənir. Qarabağ məsələsi bizim üçün önəmlidir. Üstünə düşə bilərlər. Mustafa Uslu pis idi, ondan daha pisinə - Mehmet Bozdağa tərəf getdilər. Al birini, vur o birinə. Adamın vizyonu yoxdur, Türkiyədə gördüyü işlər bəllidir.
- Ümid edirəm, doğru yolu taparlar... Yenidən “Prens”ə qayıdaq. Layihənin aktyorları müsahibələrində sizdən xoş sözlərlə bəhs edirlər. Ceyda Düvenci də demişdi ki, çəkiliş zamanı hətta dekorların qurulmasında belə kömək etmisiniz. Bu, sizin təvazökarlığınızdır, yoxsa uğurlu layihələrin pərdəarxası belə olmalıdır?
- Təvazökarlıq deməyim. Sadəcə o işi sevdiyim üçün onun içindəyəm. Bir az da Ceydanın qabartdığı məqamlar da var. O, belə gördüyü üçün elə deyir. Məsələn, “Prens”də bəzi səhnələri mən çəkdim. Təsvir rejissorunun yanında dururdum ki, görüm, necə edir? İşimi sevdiyim üçün belədir. Sevgidən irəli gəlir.
Tək “Prens”də yox, digər işlərimdə də. Məsələn, biz səhər 5-ə qədər çəkilişdəydik. O işi sevirəm. Əslində, getməyimə ehtiyac yoxdur. Layihənin rəhbəriyəm və iş yekunlaşdıqdan sonra baxmalıyam. Türkiyədə belə olur. Ancaq mən getməyi üstün tuturam.
- Ssenariyə müdaxilə etdiyiniz olur?
- Qətiyyən. Sadəcə fikrimi bildirirəm. Bu, daha çox “Prens”də olur. O da Girayla yaxınıq deyə. İzləyici gözü ilə deyirəm. Çünki onun nəyi nəylə əlaqələndirdiyini biləcək qabiliyyətdə deyiləm. Amma tamaşaçı kimi, söyləyirəm ki, burada mövzu çox uzandı və sairə. Məsələn: ikinci sezonda Prensin əmisi ilə dəhlizdə söhbəti var idi. Dedim ki, bir az uzundu, qısalda bilərik? Ancaq belə. Qarışmaq istəyən qarışar. Mən də qarışa bilərəm. Lakin mənim işim deyil. Hər kəs öz bildiyi işi görsə, yaxşıdır.
- Çəkiliş zamanı ən çətin ərsəyə gələn səhnə hansı idi?
- “Prens”in birinci sezonu... Çünki biz studiyanı qurduq, bir çox ləvazimatı xaricdən gətirdik. Ona görə burada qura bilmədilər. Pandemiyada uçuşlara icazə verilmirdi. Həmin studiyadakı materialları quranlar gələ bilmədilər. Görüntülü zənglə yönləndirdilər ki, onu ora, bunu bura qoşun. Bizim çox vaxtımızı aldı. Birinci sezonu 6 həftədə çəkməliydik, amma 8 həftəyə başa gəldi. İki həftə uzandı. Bu da texniki problemlər idi. Başdan hazırlığı yaxşı edirsənsə, çəkiliş meydançasında problem olmur.
- Bəs, aktyor seçimini də Giray Altınokun öhdəsinə buraxmısınız?
- Bir yerdə qərarlaşdırırıq. Heç nəyə tək qərar vermirəm. Sadəcə “Prens”də yox, bütün işlərimdə də çalışdığım insanların fikirləri önəmlidir. Bir aktyor seçəndə 10 nəfərlik müzakirədə 8-i onu təsdiqləməlidir. Onlar okeyləsə, mənim üçün də okeydir.
- Aktyorların da fikirlərini alırsınız?
- Aktyor yox. Məsələn, o işin ssenaristi Giraydır. Onun, sonra işçilərin, rejissorun fikrini öyrənirəm. Hamısının ortaq fikri olmalıdır. Mən heç vaxt bu aktyoru istəyirəm, o, olmalıdır, demirəm. Lakin hansısa aktyoru istəmirəmsə, onlardan soruşmuram. Bu aktyordan danışmayaq, başqasına keçək, deyirəm.
- Tək “Prens”lə bitirməyək. Sizin başqa filmləriniz, işləriniz də var ki, uğur qazanıb.
- “Prens”in uğurundan sonra “Exxen”ə iki layihə çəkmişik. Sinem Kobal olan “Karşılaşmalar”ı çəkdik. Oktyabrda yayımda olacaq. Yenisi də Onur Buldunun layihəsidir, çəkilişi davam edir. Ondan sonra Giray Altınokla Ezgi Molanın layihəsi var. Onu da mən çəkirəm. O da “Disney+” üçündür. O normal komediya işidir. “Disney+” qlobal platformadır. Ardınca “Prens”in üçüncü sezonu var. Yenə “Disney+”da Girayın bir serialı olacaq. Bundan əlavə, film çəkmişdik. Bakıda da qalası olmuşdu - “3391”. Onun davam filmi çəkilir. Türkiyədə noyabrın 1-də kinoteatrlarda nümayişi başlanacaq. Sonra da Bakıda nümayiş olacaq. Mən də varam. İşlərimiz davam edir. Yazdığımız layihələr var. Bir iş “tutan” kimi davamı gəlir.
- Gələcəkdə azərbaycanlı aktyorları layihələrinizdə çəkmək fikriniz var?
- Əlbəttə. Niyə də olmasın?
- Mən sizə uğurlar arzu edirəm. İnşallah ki, daha böyük layihələrə, qlobal işlərə imza atarsınız.
- İnşallah. Mən bu işə girəndə də demişdim. Özümün izləmədiyim ekran işini çəkmək istəmirəm. Həmişə də belə olsun. Sırf pul olsun deyə o işi görməyim.
Pərviz Hüseyn
Fotolar: Elmar Azimli
Hazırladı: Samirə Ərəblinskaya