Müsahibə
Müsahibə

Afaq Bəşirqızının ən böyük arzusu reallaşdı!

Afaq Bəşirqızının ən böyük arzusu reallaşdı!

Xalq artisti Afaq Bəşirqızı növbəti yaşını qeyd edir. 69 yaşı tamam olan sənətkar ad günündən bir gün əvvəl ilk tələbələri ilə bir araya gəlib. 

23 il əvvəli xatırlayan Bəşirqızı və tələbələri OLAY-la həmsöhbət olublar. Əvvəlcə Afaq xanım yeni yaşının təəssüratlarından söz açıb:

“Bundan böyük təəssürat ola bilər? Bu gün sevimli tələbələrimlə bir aradayam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs dediyim ilk kursdur. O biri kurslarımı da çox istəyirəm. Amma bizim mehribanlığımız, vəhdətimiz hələ də davam edir. Biz həmişə zəngləşib, görüşürük. Hamısı ailə, uşaq sahibidir, xoşbəxtdirlər.

Onların xoşbəxtliyi mənim xoşbəxtliyimdir. Bir tələbəm Türkiyədə yaşayır, digəri Mehriban xanım Moskvadadır. Bütün insanlara belə mehribanlıq, belə münasibət arzulayıram. Müəllimlərdən də xahişim odur ki, şagirdlərin psixoloji durumunu öyrənsinlər, onlara həmişə yaxın olsunlar. Arada qalın pərdə var, o ki keçilməzdir, müəllimin yanında asqırmaq, öskürmək olmaz... Bunlar olmamalıdır. Onlar sizin balanız olmalıdır. Bir üzvünüz kimi həmişə onlar haqda fikirləşəsiniz. Tələbələrim 22 ildir ki, məzun olublar. 

Dərs başlamazdan əvvəl düşünürdüm ki, onlar yemək yeyib, ya yox. Mən dərsi teatrda keçirdim, onları hər bölmə ilə tanış edirdim. Universitetdən çıxıb gəlirdilər. Gələnə qədər nigaran qalırdım ki, necə oldu, avtobusa mindilərmi, yolu keçdilərmi, gəlirdilər, keçirdik bufetə, yemək yeyirdilər, dərsə başlayırdıq. Dərs də 2 saat yox, 6-8 saat davam edirdi. Mənim bir ümdə arzum da yerinə yetdi ki, Ülviyyə 1 il 1 ay əvvəl ana oldu. Artıq Amin 1 il 1 aylıqdır. Xoşbəxtlik arzulayıram, Allah böyükdür ki, Ülviyyə doğdu və ana oldu. Bir nəvəm də artdı. Allah onları xoşbəxt etsin”.

A. Bəşirqızı yeni yaşındakı arzularından da söz açıb:

“Yer üzünə əmin-amanlıq, müharibəsiz günlər istəyirəm. İstəmirəm ki, nəvələrim-nəticələrim müharibə görsünlər. İstəmirəm ki, Qəzzadakı dəhşətlər haradasa yaşansın, azad olunmuş torpaqlarımın azad vətəndaşlarını azad görmək istəyirəm. Hamıya bol-bol ruzi-bərəkət, can sağlığı və əmin-amanlıq diləyirəm”.

Sənətkarın tələbələrindən olan Ülviyyə Əliyeva isə onunla bağlı bunları söyləyib:

“Bizim ustadımız, müəllimimiz, anamız - Afaq xanım bizə kurs rəhbəri yox, analıq edib. O, çox cüzi hissəsini dedi. Həyatımızda Afaq xanımın böyük rolu olub. Musiqili teatra məni Afaq xanım gətirib. Ona can sağlığı arzu edirəm. Həmişə deyirdi ki, bir səndən nigaranam, şükür məndən də arxayın oldu. İnşallah bütün nəvələrinizin xeyir işini görəsiniz. Hər birimizlə ayrı-ayrılıqda problemlərimizlə maraqlanırdı. İlk dərs günündə Afaq xanım qızlara dedi ki, görsəm ki, qaşlarınıza əl vurmusunuz, sizi öldürərəm. Elə də oldu, hər birimizin toyunda Afaq xanım bir ana kimi iştirak etdi. Allahdan sizin üçün möhlət istəyirəm ki, nəvələrinizin xeyir işini görəsiniz. İki gündür danışırdıq ki, Afaq xanımla görüşəcəyik. Onun sayəsində bu gün bir yerdəyik. Çünki təməlimiz düzgün qurulub. Əhməd müəllim də hər birimizi adla tanıyır. 17 yaşımızdan gözünün qarşısında böyümüşük. Mən Afaq xanımdan bu gün də dərs alıram. Biz bir teatrda çalışırıq. Tələbə olaraq müəlliminlə tərəf müqabili olmaq, bir səhnəni bölüşmək çox gözəl hissdir”.

Bu zaman A. Bəşirqızı “Mən öz sevimli rolumu da Ülviyyəyə vermişəm, başqa adama qıya bilməzdim, ona o qədər arxayın oldum. Premyerasına da baxdım, dedim, Ülviyyə, halal olsun, mən sakit gedirəm. Evə (gülür)”, - deyə, bildirir.

Daha sonra Ü. Əliyeva ustadının sözünə qüvvət kimi bunları söyləyir:

“Bu, karyeram şərəfli anlardan biridir. Özü də partlatdığı rolunu mənə həvalə edib. Afaq xanım heç vaxt səhnədə o distansiyanı qurmayıb ki, ondan çəkinəsən, əksinə o qədər şərait yaradır ki, sən improvizə edəsən. Məsələn, eşidirdik ki, başqaları var, Xalq artistidir, yeni gələnləri sıxır, ayağını tapdalayır, imkan vermir. Qətiyyən bizdə belə olmayıb. Bu günə qədər də Afaq xanım tələbələrinin arxasında dağ kimi dayanıb. Onu da deyim ki, bizə Universitetdə “Qoçu Əsgərin keçiləri” deyirdilər. Bizim kursun adı belə idi (gülürlər - red.). Digər tələbələr Tədris teatrında, İncəsənət Universitetində dərs keçəndə, biz Musiqili Teatrın səhnəsində məşq edirdik. Afaq xanım kurs müəllimiz olandan bütün imtahanlarımız ayaqüstə alqışlanıb. İl boyu da o tamaşalar haqqında danışılıb. Afaq xanımdan nəinki sənəti, Azərbaycan xanımı kimi evdarlığı da öyrəndik. Bizi evinə də aparırdı. O evdə olan səliqə-səhmanı, həyat yoldaşına rəftarı ondan öyrənmişik. Bu gün də deyirlər ki, Ülviyyə xanım, necə çatdırırsınız, yəqin, köməkçiniz var. Deyirəm ki, yox, özüm edirəm. Çünki Afaq xanım da o boyda işin-gücün içində evinin yeməyini özü bişirirdi, səliqə-səhmanına özü baxırdı, övladına özü nəzarət edirdi. Afaq xanım, bu dərsə görə də sizə təşəkkür edirəm”.

Afaq Bəşirqızının digər tələbələri də onunla bağlı danışıb, ad günü arzularını, müəllimləri ilə xatirələrini dilə gətirdilər. Hər birinin  də bir arzusu var idi, ana kimi gördükləri müəllimlərinə Allahdan uzun ömür, can sağlığı dilədilər. 

Hətta söhbət zamanı sənətkar xaricdə yaşayan iki tələbəsi ilə görüntülü zənglə danışıb, tələbələrinin də dediyi kimi, ana qayğısı ilə onlarla maraqlandı... 

Tələbələrinin sözlərindən, xatirələrindən, bu isti münasibətdən aydın olur ki, Afaq Bəşirqızı tək peşəkar aktrisa deyil, o, həm də sənəktar, ustad olmağın nümunəsidir.

Video: Soltan İbrahimov