Müsahibə
Müsahibə

“Azərbaycanlı blogerlər keyfiyyətli işlər görürlər”

“Azərbaycanlı blogerlər keyfiyyətli işlər görürlər”

Türkiyənin məşhur influenseri, “Survivor 2020” yarışmasının çempionu Cemal Can Canseven Bakıya gəlib.

Serhat Şenin “master-klass”ı üçün ölkəmizə təşrif buyuran populyar sima OLAY-la həmsöhbət olub. O, Bakıya ikinci dəfə gəldiyini və heyran qaldığını deyib:

“Əvvəl də iş üçün gəlmişdim. İndi də gəzməyə çox fürsətim olmadı. Amma ilk gəlişimdə çox bəyənmişdim. Hətta demişdim ki, növbəti dəfə dostlarımı aparıb, Bakını gəzdirmək istəyirəm. Bir az şəhər turu etmişdim. Gələn dəfə tədbir üçün yox, gəzməyə gələcəyimə söz verirəm. İçərişəhərə getməmişəm, oranı görə bilmədiyim üçün çox üzüldüm. Bəlkə bu gecə gedə bilərəm”.

C.C. Canseven bildirib ki, növbəti sezonda da “Valentino” ilə əməkdaşlığa davam edəcək:

“Moda həftəsində “Valentino” ilə iş birliklərimiz davam edəcək. Bu şənbə günü Parisə gedirəm. Orada da Olimpiya oyunları başlayıb. Mənim də podium təcrübəm olacaq”. 

Sosial media ulduzu onu da əlavə edib ki, aktyorluqla bağlı layihələr də davam edə bilər:

“Nəticəsi yaxşı olan işlərdir. Hamısı ilə qürur duyuram. Serial da ola bilər. O sektora qapılarımı tam bağlamıram”.

Cemal həmçinin bir müddət öncə ailəsindən aylıq maaş aldığı ilə bağlı açıqlamasına da aydınlıq gətirib:

“Ailə şirkətimiz var. Şirkətin başında anamla atam durur. Mən də işçi olduğum üçün maaş alıram. Yəni, bu doğrudur”.

Sonda C. C. Canseven azərbaycanlı influenserlərlə əməkdaşlıq etmək istədiyini söyləyib:

“Kaş, bir işbirliyimiz olsa... Sevə-sevə qəbul edərəm. Azərbaycanlı influenserləri də izləyirəm. Çox yaxşı paylaşımlar edirlər. Trendləri izləyirlər, keyfiyyətli işlər görürlər”.