Müsahibə
Müsahibə

“YAP”dan deputatlığa namizədliyimi verəcəyəm” – Nura Suri

“YAP”dan deputatlığa namizədliyimi verəcəyəm” – Nura Suri

Statusları, açıqlamaları və tərzi ilə gündəmdən düşməyən müğənni Nura Suri OLAY-la həmsöhbət olub.

O, yeni layihələrindən, fikir bildirdiyi sosial mövzulardan, bu ilin qalmaqallarından, müğənnilərin brend müzakirəsindən danışıb.

- İşləriniz necə gedir?

- Yaxşı. Yeni layihələrim, iki yeni mahnım və iki klipim var. Təqdimat olacaq. Sevgi haqqındadır, rumba janrındadır. Həm rəqs, həm də ifa edirik.

- 2024 şou-biznesə yeni qalmaqallar gətirdi. Məsələn, efirdə Əməkdar artist Elza Seyidcahanla onun yas mərasimindəki geyiminə irad bildirən Xalq artisti Flora Kərimova arasında mübahisə oldu. Siz daha sonra status paylaşıb Elza xanımı müdafiə etdiniz.

- İnsanların geyiminə qarışmaq düzgün deyil. Flora xanım kimi sənətkar haqqında nəsə demək mənə düşməz. O cümlədən Elza xanımın sənətinə böyük hörmətim var, gözəl bəstələr, mahnılar yaradıb. Çox gözəl qadındır. Sadəcə fərqlidir. Biz onu olduğu kimi qəbul etməliyik. İnsanlar eyni ola bilməz.

- Ümumiyyətlə statuslarınız gündəmə bomba kimi düşür...

- Statuslarım bomba kimi düşür. Kaş, işlərim, mahnılarım bomba kimi düşərdi (gülür). Baxmayaraq ki, uzun illər aparıcı olmuşam, amma mənim üçün yazmaq daha asandır, nəinki danışmaq. Elə fikirlərimi daha rahat ifadə edirəm, hətta uzun illər əvvəl demişdim ki, kitab yazmağa hazırlaşıram. Sonra gördüm ki, kitab oxuyanların sayı azalıb. Kitab yazmaq, onu çap etmək, həm vaxt, həm də vəsait tələb edir. O bir kənarda qaldı. Mən də qısa-qısa hər mövzuda fikirlərimi statusda yazmağa başladım. Amma dediyim kimi, qısa yazıram. Çünki insanlar uzun məqalələri, kitabları oxumurlar. Hövsələləri çatmır. Mənim vaxtımda nə texnoloji alətlər, nə də sosial şəbəkələr var idi. Məni harada itirsələr, kitabxanada tapırdılar. İstədiyim kitabları məktəbimizin kitabxanasında tapırdım. O qədər gözəl kitabxanamız var idi ki... Demək olar, dünyaca məşhur yazarların kitablarını orada tanıdım. Ailəmizdə müəllimlər və hərbçilər olduğu üçün kitab evimizdən əskik olmayıb. Ən yaxın dostum olub. İndi baxıram ki, insanların oxumağa həvəsləri yoxdur. Məsələn, mənim oğlumun da. O, məktəbdə maraqlı əsərlər keçəndə ona danışıram. Deyirəm ki, oxumağa həvəsi yoxdursa, danışım. Mənim üçün yazmaq və oxumaq, düşünmək, analiz etmək, nəticə çıxarmaq vaxt sərf etdiyim yaxşı şeylərdir. Dostlarım deyirlər ki, çox oxuyursan, dəli olacaqsan. Niyə bu qədər dərinə gedirsən? Hər şey haqqında məlumat öyrənmək istəyirsən? Mənim beynim məlumatlanmağa acdır. Hər gün yeni nəsə öyrənirəm.

- Ötənlərdə Ayan Babakişiyeva dedi ki, şou-biznesdə brend geyinən müğənnilər az saydadır. Siz də ona qarşılıq olaraq bir açıqlama verdiniz. Hələ düşünürsünüz ki, geyimdə brendin önəmi yoxdur?

- Ailəli olanda Azərbaycanda heç bir brend mağazası olmadığı halda bütün markaları izləyirdim. Hansı brend nə kolleksiya çıxarıb məlumatım olurdu. Elə bilirdim ki, bu yaxşı şeydir. Brend geyinməklə brend olacağam, daha dəbli görünəcəyəm, yaşa dolduqca anladım ki, bu sırf marketinqdir. Sən o geyimin qəşəngini özünə yaraşanını alıb özünə təqdim edə bilərsən. Çətin qazandığın pulları asanlıqla xərcləməzsən. Deyirlər, gözəllik ondur, doqquzu dondur. Bu, o demək deyil ki, sən brend geyinməlisən. Zövqlü olmaq, öz bədənini tanımaq, hara nə geyinəcəyini bilmək vacibdir. Məsələn, bu gün libas geyinmək istəmədim, Sadə geyindim, makiyajımı özümü etdim, saçlarımı da belə yığdım. Özümü belə hiss edirdim. Haqqımda kim nə düşünəcək, hamı şıq olacaq mən sadə görünəcəm. Bu kimi komplekslərim yoxdur. Ümumiyyətlə, komplekslərlə yaşayan insan deyiləm. Kim nə deyər fikirlərindən çoxdan çıxmışam. Yoxsa öz həyatımı yaşaya bilmərəm, öz düşüncələrim var. Hamı kimi olmaq, hamı tərəfindən bəyənilmək kimi bir iddiam, istəyim yoxdur. Onun da yaşı ilə əlaqəlidir. Yəqin, hələ bu cür anlayır. Vaxt gələcək nə demək istədiyimi başa düşəcək.

- Fikirləşirsiniz ki, bu, natamamlıq kompleksidir?

- Hə. Bu natamamlıq kompleksidir ki, brend geyinəndə gözəl görünəcəyəm. Bir çox ulduzlarımız çətinliklə pul qazanırlar. Məsələn, toya gedir, yarım saat 5-10 min qazanır, amma əynindəki paltar da həmin qiymətə olur. Hər toya da fərqli libas geyinir. Sırf biznes tərəfindən doğru deyil. Dünya ulduzları milyonlarla pul qazanır, bütün brendlər reklam üçün həmin libasları özləri verir, üstündə də pul ödəyir ki, geyinin. Onlara baxıb bu addımı atmaq səhvdir. İnsan qazancı ilə xərcini bilməlidir. Biz o milyonları qazanmırıq. Yəni, mənim əynimdə bahalı bir şey var, səndən üstünəm deyil. Mənim imkanım var, amma almıram. Bəyəndiyim nəsə olanda alıram. İndi baxıb deyərlər ki, əlindəki “Dior” çantadır, ayağında filan markadır. Amma geyimim sadə bir mağazadandır, sifariş vermişəm. 

- Sosial problemlərlə bağlı statuslarınız da çox olur. 

- Düşünürəm ki, hamı öz işini vicdanla görməlidir. Biz elə bir dövrdə yaşamırıq ki, qaz-işıq problemimiz olsun, təqaüdlə dolanan insanların təqaüdləri geciksin. Biz bunları işıqlandırmalıyıq ki, problemlər aradan qalxsın. 

- İnstaqram və feysbukda aktivsiniz. Bəs, Tiktok-la aranız necədir?

- Tiktok uşaqları lap pozdu. Əndazədən çıxardı. Uşaqlar vaxtlarını orada daha çox keçirirlər. Orada nə görürlər, elə bilirlər elədi. Ora adaptasiya ola bilmirəm. Arada videolar paylaşıram. Amma heç maraqlı deyil, düşünürəm ki, vaxt itkisidir. Oğlum oradan arada yaxşı reseptlər tapır. Bu gün göstərdi ki, qatılaşmış südü evdə özümüz hazırlaya bilərik. Evdə köməkçimizlə brigə hazırladılar, çox dadlı idi. Dedi ki, bax, Tiktoku yaxşı şeylər üçün istifadə edirəm.

- Bu il parlament seçkiləri olsa, deputatlığa namizədlik verəcəksiniz?

- Deputat seçkiləri olacaq. Çünki bir çox millət vəkili dünyasını dəyişdi. Öz namizədliyimi irəli sürmək istəyirdim. Mən də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Alınsa, həmin partiyadan namizədliyimi irəli sürəcəm”.

Video: Soltan İbrahimov