Uzun müddətdir mediadan uzaq düşən, efirlərdə az-az görünən, “Maska” şounun “Cəngavər”i müğənni Zamiq Hüseynov OLAY-la həmsöhbət olub:
- “Maska”da olduğunuz müddət necə keçdi?
- Sevinirəm ki, ölkəmizdə belə səviyyəli şoular var. “Ford boyard”dan sonra ikinci şou idi ki, sevə-sevə iştirak etdim. Çəkiliş qrupları, dekorasiya çox yüksək səviyyyədə idi. Getməsəydim, özümü qınayardım. Yaxşı ki, getdim, iştirak etdim. Zövq aldım. Hər çıxışımda çalışırdıq ki, tamaşaçıların fikrini yayındıraq.
- Amma tanıdılar...
- Hə. Hətta orada da dedim ki, hər nə qədər maska taxıb dinləyiciləri aldatmaq istəsəm də, dedilər ki, biz Zamiqi yaxşı tanıyırıq. Nə qədər maska taxsa da, o, Zamiqdir. Biz onu, səsini elə sevirik.
- Şouda iştirak etdiyinizi kimlər bilirdi?
- Köməkçimdən başqa heç kim bilmirdi. Hətta evdə də kimsəyə deməmişdim. Bu bir oyun idi. Ona görə oyunun sirrini verə bilməzdim.
- Ətrafınızda sizi tanıyıb, soruşanlar olurdu?
- Bəzi hallarda hə. Tədbirlərin birində Murad Arif məni “Səhnəmizin cəngavəri” kimi təqdim etmişdi. Mən də tərs-tərs baxdım ki, cəngavər nədir? Dostlarım videolarımı göndərirdilər ki, bu sənsən? Deyirdim ki, bu nə verilişdir? Xəbərim yoxdur.
- Nədənsə sizi efirdə az-az görürük. Səbəb nədir?
- Efirdə sevdiyim verilişlər çox azdır.
- Beləliklə, şou-biznesdən, qalmaqallardan da uzaq gəzirsiniz?
- İlk gündən beləyəm. Baxıram ki, özünəməxsus sevənlərim var. Bir kütlə var ki, Zamiqi sevir. Çıxıb efirdə kiminsə bostanına daş atan deyiləm, kimsə artıq söz deyər, onu qəbul etmərəm, bir-birimizin qəlbinə dəyərik.
- Bəs hansı proqramların dəvətini qəbul edirsiniz?
- Yalnız musiqidən danışılan verilişlərə böyük sevgi ilə gedirəm. Çalışıram ki, hamısında iştirak edim. Həm də zövqlü aparıcılar olanda...
- Bu günlərdə instaqram hesablarına hücumlar oldu. Bir neçə məşhurun səhifəsi oğurlandı. Siz də sosial şəbəkələrdə aktivsiniz. Səhifənizi necə qorudunuz?
- Mənə də hücum olunmuşdu, qarşısını aldım. Yaxşı ki, yanımda uşaqlar var idi, qoymadılar.
Video: Soltan İbrahimli