Müsahibə
Müsahibə

“Məşhurluqdan əvvəl salonda işləyirdim”

“Məşhurluqdan əvvəl salonda işləyirdim”

OLAY “Həyat, nə qəribəsən” layihəsi ilə populyarlaşan sosial media ulduzu, aktrisa Həyat Məlikova ilə müsahibəni təqdim edir:

- Həyat həkim obrazı necə yarandı?

- Zaur Tahirsoy məni kəşf etdi, deyirdi ki, səninlə bağlı nəsə edəcəm, adı da “Həyat sən nə qəribəsən” olacaq. Amma söyləyirdi ki, nəsə etmək lazımdır, tənbəllik edirsən.

Mən də o vaxt başqa işdə çalışırdım, alınmırdı, vaxt olmurdu, yorğun olurdum. Bir həkim videosu çəkmək istəyirdim. Dedi ki, gəl, çəkək. Bildirdim ki, həkim paltarı yoxdur. Zaur müəllim də həmin dövrdə “Sayrışan işıqlar” serialını çəkirdi, bir qutu həkim paltarını qarşıma qoydu. Haradasa bir neçə dəqiqəlik video çəkdik. Üstündən bir-iki gün keçdi. Bilirdim ki, akademiyanın səhifəsində yerləşdiriləcək. İşdə idim, Zaur müəllim link atdı ki, bax. Fikirləşdim ki, yəqin çəkdiyimiz videonu paylaşıb, onu göndərir. İşim bitdikdən sonra linki açdım, baxdım ki, şəklim, səhifənin adı və videomuz. Bundan da əlavə hamı mənə videonu atır ki, bu sənsən? Sənə oxşayır. Hələ fərqində deyiləm.

Demə, Zaur müəllim mənim üçün 3 illik planı qurubmuş. O, məni bu vəziyyətə psixoloji tərəfdən hazırladı. Çünki məşhur olmaq asan ola bilər, onu qoruyub saxlamağı isə hər kəs bacarmır. Mənim də bilmədiyim bir sahə idi. Beləliklə, akademiyada işləməyə başladım. Bir filmimiz hazırdı, digərini uşaqlarla çəkmişik. Birini də artıq kinoteatra vermişik. 

- Əvvəl nə işlə məşğul idiz?

- İlk dəfə Azərbaycan Film Akademiyasını bitirmişəm. Ali təhsil almamışam. Tamam başqa sahədə, salonda çalışmışam. Bu peşəni çox istəyirdim. Hər gəncin fikirləşib bir kənara qoyduğu sənətdir. Nə qədər istəsən də, valideyn, cəmiyyətin təzyiqi, “Guya olanlar nə olub?”, “O işdə pul yoxdur”, “Aktrisa olub nə edəcəksən?” fikirlərinə görə yönəlmirik. Düzdür, ailəmdən belə təzyiq görmədim.

Bunun maddi tərəfi var, işləməlisən, pul qazanmalısan. Həmişə onun tərəfdarı olmuşam ki, istəyirsənsə, etməlisən. Bu peşə fərqli bir iş deyil. Ağır və dərin sənətdir. Necə ki, həkim olanda ailə dəstəkləyir. Eləcə də aktyor olanda ailən yanında olmalıdır. Niyə bir uşaq rahatlıqla deyə bilmir ki, aktyor olmaq istəyirəm? O uşağın fikri qalır incəsənətdə. İnsanlar özü üçün nəsə etməlidir. 27 yaşımda bir dəfə özüm üçün addım atdım. O da fotoaparatımı satdım buraya gəldim. 

- Məşhurlaşdıqdan sonra küçədə, ətrafınızda sizə reaksiya necə oldu?

- Çox vaxt reaksiyalar eyni və gözəl olur. Yaşlı insanlar görəndə həyəcanla, sevgi ilə qarşılayırlar. Bir var ki, məşhur birini görəsən, həyəcanla gedib şəkil çəkdirmək istəyəsən. Bu, hamı da olur. Mənə isə elə səmimiyyətlə yaxınlaşırlar ki... Deyirlər, çox sağ olun ki, bizi güldürürsüz, videolarınızı izləyirik, həmişə belə qal. Bunu bir az yaşlı insanlar deyəndə sevinirəm. Görürəm ki, insanlara nəsə ötürə bilmişəm. Məsələn, biz Şuşaya getdik. Postdakı komandirin “ay doktor, gəl, səninlə bir şəkil çəkdirək” deməyi mənim üçün böyük qürur idi. 

- Həqiqətən də həkim olduğunuzu düşünənlər var?

- Çox... Əvvəl daha çox elə bilirdilər ki, həkiməm. İndi də yazırlar ki, sən həkimsən, ya onlarla aran yaxşıdır? Deyirdilər ki, bu nə gülməli həkimdir, bizdə də belə doktor olar? Artıq başqa videolarım çıxdı, stend-aplarım oldu. Bir il sonra bildilər ki, həkim deyiləm. 

- İndi də daha çox bürclərlə bağlı videolar çəkirsiniz. Əslində, bir trend də yaratmısınız. Sizdən sonra çoxu bürclər haqda videolar paylaşır.

- Əvvəllər bürclərdən anlamırdım. Həkim videolarından bir il əvvəl idi. Rəfiqəm bürclərlə çox maraqlanırdı, mənim də beynimə yeritmişdi. Bir neçə dost-tanışın bürcünü bilirdim. İlk videoda tərəzi bürcündən danışdım. Çünki ən çox müşahidə etdiyim o, idi. Video “partladı”, yazdılar ki, bu bürcdən də danış, digərinə də şərh ver və sairə... Hər dəfə bir bürcdən danışmağa başladıq. Çünki hamı öz bürcünü istəyir, tələb edirdi. Yazırdılar ki, oxatan niyə yoxdur? Dolçadan küsmüsən? Niyə bizdən danışmırsan? Başqa mövzulardan danışırdıq. Bu da trend oldu. Daha çox danışmağa başladılar. Bürclə əlaqəsi olmayan adamlar da maraqlandı. Mənim də bilmədiyim bürclər var, astroloq deyiləm ki... Sadəcə insan öz müşahidəsi ilə danışır. Mən də bilmədiklərimi müşahidə etməyə başladım. İndi canlı açanda deyirəm, başqa mövzudan danışaq. Yenə də bürclərdən soruşurlar. İnsanlar sevir, tələbat var, bürcləri istəyirlər. Biz də çəkib paylaşırıq. 

 - Sizi yolda görüb deyirlər ki, filan bürc necədir?

- Hə, çox. Ötən dəfə bir gənc soruşur ki, qız məndən ayrılıb, xərçəng bürcüdür. Sizcə, qayıdar? Belə hallar çox olur. 

- TikTok-da canlı yayım açırsız?

- Mən az-az hallarda canlı yayım açmışam. Bir il yarımlıq müddətdə təxminən 3 dəfə instaqramda canlı yayımımız olub. TikTok-da isə canlı yayım formatı hələ indiki kimi deyildi, onda açmışdım. 

- Sosial şəbəkələrdə olduqca populyarsınız. TikTok canlılarından gəlir əldə edən digər məşhurlar kimi siz də pul qazana bilərsiz. Niyə istəmirsiz?

- Bizim bir yolumuz var. Zaur müəllimin 3 illik planı mövcuddur. Mənim də inandığım yoldur. İndi stend-aplarımız var, o haqda danışmaq üçün canlı yayımlarımız olur. Amma siz dediyiniz kimi yayımlar açmırıq. 

- Şəxsi hesabınızda aktiv olma fikriniz yoxdur?

- İstəmirəm. Sosial şəbəkələrdə aktiv deyiləm. Baxmayaraq ki, bu platformalarda populyarlaşmışam. Videolar, hekayələr paylaşıram, lakin platformalarda az vaxt keçirirəm. Əvvəl də belə idim. İndi nisbətən işimlə bağlı fəalam. 

 - Layihənizin səhifəsinə reklam təklifləri gəlir?

- Mən məşhurlaşan gündən çox gəlir. Biz hər reklamı götürmürük. Düzgün şəkildə olanda dəyərləndiririk. Onu da az hallarda edirik. Demək olar, bir-iki böyük şirkətin reklamını paylaşmışıq. 

- Ölkəmizdə stend-apla məşğul olanlara qarşı bir önyarğı var. Nəzərə alsaq ki, çətin işdir. İlk başlayanda sizə reaksiya necə olurdu?

- Yazılan rəylərə görə deyirəm ki, reaksiyaları yaxşı oldu. Bunu tamaşaçı deyə bilər də, mən yox. Ona görə onların fikrinə əsaslanıram. Məsələn, elə izləyicim var ki, hər çıxışıma gəlib. Elə izləyicim var idi ki, stend-apdan sonra aktyorluq kursumuza yazıldı. Paylaşılan videolara da bəzən mənfi rəylər yazırlar. İnsanlardan da kimisi bəyənər, kimisi yox.  Əlbəttə ki, çətin işdir. Lakin stend-apçının da bir sistemi olmalıdır. Vurğuları düzgün etməlidir, bir saat yarımlıq şouda gülməli danışacaqsan deyə bir qanun yoxdur. Sən vurğunu düzgün edirsənsə, izləyici gülür. Həmçinin insanın öz müşahidəsi, hazırcavablığı olmalıdır. Müşahidələrimi yazıram. Zaur müəllim də deyir ki, hər zaman müşahidələrini yaz. 

- Videolarınızda da spontan zarafatlar olur?

- Bəli. Amma müəyyən mövzularımız var. Bu gün hansı mövzu aktualdırsa, ondan danışırıq. Məsələn, Zaur müəllim sual verir, daha yaxşı spontan zarafatlar çıxır. Ya da bürclərdən danışırıq, söhbət gedir. 

- Stend-apla məşğul olan bir çox sima var. Hətta televiziyada da bu formatda bir veriliş yayımlanır. Hansı ki, çoxunu tənqid edirlər...

- Hər insanın öz kütləsi var. Olur ki, bəzən bəyənilir, bəzən yox. Hərə özü üçün iş görür, əziyyət çəkir. Çox müzakirəni də sevmirəm. Biri məni bəyənər, biri onları, ya da ikimizi də bəyənməz. Biz düzgün tənqidlərə hər zaman açığıq. Məsələn, mənə deyirlər ki, bu saçını bir dara da. Söyləyirəm ki, saçımı darayıram, sadəcə filmə görə buruq etmişdim. Kamera qarşısına da bu stildə çıxıram, deyirlər, saçını dara. Film yayımlananda görəcəklər ki, əslində, bir tərzdir.

- Bəs, Həyat kimlərə gülür?

- Mən hər şeyə gülə bilmirəm. Daha çox mimikalara gülürəm, bəzi mimikalar olur ki, ürəyim gedir. Biri yazır ki, videona gülmədim, halbuki 10 nəfər baxıb təbəssüm edir. Onun fikrinə hörmətlə yanaşıram, elə şey olur ki, mən də gülmürəm. Düzdür şərh yazıb demirəm. 

- Pis şərhləri necə qarşılayırsınız?

- Mən bu sənəti həmişə istəmişəm. Amma məşhur olmağı yox. Demişəm, məşhur olmayım da. Populyarlaşdıqdan sonra qorxdum, narahat oldum. Fikirləşirdim ki, hamı məni görəcək, nə edəcəm? Pis şərhləri də Zaur müəllimin dəstəyi sayəsində görmədim. Çox şeydən mənim xəbərim olmayıb. Onların hamısından məni qoruyublar. Mən çox həssasam, pis bir şey desələr, burulub qalaram. 

- Sizi məclislərə, tədbirlərə dəvət edirlər? 

- Təkliflər olur. Hər təklifi qəbul edə bilmirik. Hələ qəbul etməmişik. Universitetlərə gedirəm. Gənclər təşkil edirlər, çağırırlar. Bir neçə dəfə universitetlərdə olmuşam.

- Ötən aylarda tiktokerlərin universitetdəki görüşünü də tənqid etmişdilər. Sizin münasibətiniz necədir?

- Mövzudan xəbərim yoxdur. Çox qısa bir şey eşitmişdim. Həmin dövrdə mən də universitetə getdim, gənclərlə söhbətləşdik. Mənə qarşı belə bir hal yaşanmamışdı. Onlar da dəvət olunub gediblər. Ya da sosial şəbəkələrdə nə yazıblar, nə deyiblər bilmirəm. Çox özümə aid olmayan məsələ haqda rəy bildirmək istəmirəm. 

- Populyarlaşdıqdan sonra televiziyalardan aparıcılıq təklifi gəldi?

- Xeyr. Qonaq kimi çağırıblar. Televiziyaya yox, başqa bir yerə aparıcı kimi dəvət ediblər. Hələ ki danışıqlar gedir. 

- Türkiyədə bir örnək var ki, Yılmaz Erdoğanın “Çok güzel haraketlər bunlar” layihəsindən bir çox komediya aktyoru populyarlaşıb öz yolunda davam etdi. Siz fərdi şəkildə davam etmək istəməzsiniz?

- Akademiyanı sevdiyim üçün gələcəkdə də burada olmaq istəyirəm. Kənarda bir iş görəndə də burada olmağı arzulayıram. Çünki akademiya mənə çox şey öyrətdi. Kimsə məni zorla saxlamayıb, sevdiyim üçün qalmışam.

Video/Fotolar: Hüseyn Həsənov