Xalq artisti Tünzalə Ağayeva yeni fotosessiya etdirib.
Sənətçi çəkilişlər zamanı OLAY-ın kamerası qarşısına da keçərək müsahibə verib:
- Tünzalə xanım, bu ili geridə qoyuruq. 2022-ci il sizin üçün nələrlə yadda qaldı?
- Bu il mənim yaddaşım korlanıb, nələr olduğu yadımdan çıxıb (gülür – red.). O qədər şey olub ki… Bəzən iş çox olur və hamısını yadda saxlamırsan. Bilmirəm, bu yaxşıdırmı, belə olmalıdırmı, mənfi bir məsələdirmi? Amma onu başa düşürəm ki, çox intensiv bir il keçib. Layihələr çox olub, günümüzün necə ötdüyünü hiss etmirik. Mənə görə bu il çox dolu, gözəl hadisələrlə - şəxsən özümə aid olan olaylarla yadda qaldı. Çünki çoxdan arzuladığım planlar, ailəmlə bağlı istəklərim var idi. Onları edə bildim. Buna çox sevinirəm.
- Sirr deyilsə, nə planlar idi?
- Qoy sirr olsun… Əsas mənim üçün yadda qalan illərdən biri oldu. Ona görə ki, 22 il bundan öncə insanlar üzümü belə tanımırdı, görməmişdi, “Sevdi can səni” mahnısı ilə Tünzalə Ağayeva peyda oldu, səsim radiolardan gəldi. Çox xoşbəxtəm ki, bu illər ərzində mahnım dillərdən düşmədi. Həmişə radiolarda onu eşidirəm. Nəinki radiodan, səhnəyə çıxdığım hər bir çıxışımda insanlar bu mahnını məndən istəyir. Nəhayət qərara gəldik, 22 il sonra bu mahnıya klipi əziz dostum, dəyərli rejissorumuz Ülviyyə Könül çəkdi. Çox xoşbəxtəm ki, bu mahnı artıq ekranlaşmış şəkildə tarixə yazıldı.
- Tünzalə xanım, pandemiyadan öncə konsert var idi, təxirə salındı. Həmin konserti nə vaxta planlaşdırırsınız?
- Payızda bu konsertin hazırlığını görürdük, amma təəssüflər olsun ki, ölkəmizdə hərbi hadisələr baş verdi, şəhidlərimiz oldu. Təbii ki, bütün sənət adamları kimi layihəmi dayandırdım. Bu mənada bir az həssaslığımız var, səbrlə gözləyirik. Şükür Allaha stabillik var, hər şey öz axarına düşür, amma artıq pandemiyadan sonra dünyanın hara getdiyini tam tuta bilmirsən. Vaxt var idi konsertlərimizi bir il öncədən bilirdik, rahat hazırlaşırdıq. Bir az dövr, temp dəyişib.
Əslində, vaxtı çoxdan gəlib. 2020-ci ildən bu yana solo konsertlərim olmur. Hansısa şəhərdə fraqmentli konsertlər gerçəkləşir. Hələ pandemiyanın ən qızğın vaxtında mən Moskvada belə çıxış etmişəm. Amma, əlbəttə ki, Azərbaycan tamaşaçılarım üçün böyük səhnədə konsert etmək istəyirəm. Onu da inşallah qışda, üzümüzə gələn il nəsib olsa, çox arzulayıram. Sənət insanı harada yaşayır? - səhnədə. Hərdən sosial media, balaca çıxışlar məni yorur, mənim üçün monoton olmağa başlayır. İçidolu olan artist daha böyük konsertlər istəyir. Çünki orada improvizə, böyük orkestr var. Bunu arzu edirəm özümə və bilirəm ki, məni sevənlər də bunu gözləyir...
- Bir neçə il öncəyə nəzər salsaq, insanlar Tünzalə Ağayevanın səsinə, sənətinə görə məclislərində olsun istəyirdilər. Amma bugün hərtərəflisiniz - Yəni, insanlar oxumasa belə istəyir ki, siz o məclisdə görüntü olaraq olasınız...
- Doğrudan? (gülür) Çox maraqlı fikir söylədin.
- Maraqlı obrazlar yaradırsınız. Hər dəfə görəsən necə görünəcək deyə, maraqlananlar var. Hətta sosial şəbəkədə iradlar da olsa, sanki hər dəfə insanlara qarşı çox cəsarətli duruş sərgiləyirsiniz...
- Sosial media sənətin yönünü dəyişib. Bu, tək mənim etdiyim iş deyil. Vaxt var idi, sənətçini radiodan eşidirdin, nadir hallarda görürdün. Amma indi biz çox tez-tez görünürük və artıq tamaşaçı təkcə sənin səhnə obrazınla yox, gündəlik həyatınla da maraqlanır. Düzdür, bütün günümü paylaşan insan deyiləm ki, bura getdim, onu elədim. Ancaq obrazlarımı məmnuniyyətlə paylaşıram. Çünki sənət adamıyam. Çoxlu obrazlarım var və bunun üzərində peşəkar stilistlər işləyir. Elə bir şey yoxdur ki, artist bunu tək başına etsin. Tək başına edirsə, çox da uğurlu olmur. Yəni, bu gün gördüyünüz Tünzalə Ağayeva ciddi bir komandanın - Anar Ağakişiyevin, Zümrüd Mirzəliyevanın, “Uventa”nın, “Taylors Home”un, Yalçın Cabbarovun - ətrafımda kim varsa, mənim orazıma kim tövhələr verirsə, onların məhsuludur. Onların ortaya çıxan yeni bir obrazıyam. Bu obrazlar şəxsən mənə çox maraqlıdır. Əgər mənə yaraşırsa və bunu daşıya bilirəmsə, niyə də olmasın? Deməli, cəmiyyətə də maraqlıdır.
Bir məsələ var, artistdən hansı enerji, nə istilik gəlir. Səhnədə hamı oxuya bilər. Zaman var idi ki, sənətçinin səsinə baxırdılar, ona anında dəyər verilirdi, sevilirdi. Bu gün artıq görüntü də yetmir. Sən model deyilsən, jurnal qapağına çəkilmirsən. Sən səhnədəsən, hərəkətdəsən, ifanın içindəsən və qarşında böyük bir publika var. Bu publika çox zövqlü, tələbkardırsa, bütün dünyanın konsertlərində şəxsən olursa, sən orada çox yüksək bir performans sərgiləməlisən. Bu, peşəmin əsas hissəsidir. Mən bununla yaşayıram.
Yadıma gəlmir ki, səhnədən qorxum. Bu çox önəmli məsələdir, çünki publikaya ötürəcəyin ya qorxu var, ya həyəcan var, ya da ki, açırsan könlünü və iki əlinlə 3 min, 10 min insanı qucaqlaya bilərsən. Sən məclisə çıxanda məclis yeyib-içmir, qalxır səni qarşılayır və insanlar səhnənin önünə yığılır. Mən məclislərə girəndə ora konsertə dönür, çünki onu istəyirəm, tamaşaçıya həmin enerjini ötürürəm, yəqin ki, onlar da ondan zövq alır.
- “Altın kelebey”in “Azərbaycanın parlayan ulduzları” nominasiyası barədə fikirləriniz nələrdir?
- Əgər Türkiyədən mükafat verənlər hər dəfə gəlib Azərbaycandan maraqlı ifaçılar seçirsə və bu ödülləri verirsə, bu, təqdirə layiqdir. Həmişə demişəm ki, xəyalım “Qremmi” almaqdır. Çox yaxşıdır ki, qardaş Türkiyənin mükafatlarını bizim sənət insanları alır. Ancaq arzulayıram ki, Azərbaycanda çox yüksək, dövlət səviyyəsində sənət insanları, gündəmdə olan, amma bəlli bir kriteriyalara cavab verən, mədəniyyətə, cəmiyyətə tövhə verən, milli musiqimizə həssas olan, dünya musiqisi ilə milli musiqimizin gedişatına tövhələr verən televiziya insanları, bu kimi bütün mədəniyyətdə iştirak edən adamlar gözəl, motivasiya verən mükafat alsınlar, ticari, pulla satın alınan mükafatlardan danışmıram.
İstəyərdim ki, doğurdan da ölkəmizdə gözəl, şou-biznesi bir araya gətirən, kinosu, serialı, rəssamlar, yazıçı, şair, reperlər, blogerlər - bütün müasir mədəniyyəti təmsil edən insanlar və s. olsun. Bunu arzulayıram. Əlbəttə xaricdə mükafat almaq gözəl bir şeydir. Amma nə vaxt bizdə olacaq?
- Münsif olduğunuz “Səs Azərbaycan” layihəsi bu dəfə “Doğma nəğmələr” formatı ilə yayımlanacaq.
- Gözəldir, mən bu layihəni çox alqışlayıram. Prosesi qaçırtmışam. Efirə gedir artıq?
- Hazırlıqlar gedir, ancaq münsiflərlə bağlı sosial şəbəkədə narazılıqlar oldu. Səbəb olaraq dedilər ki, daha öndə olan simalar olmalı idi. Münsiflər İlqar Xəyal, Gülyaz Məmmədova və Aşıq Samirə Əliyevadır...
- Hər biri bizim sənət dostlarımızdır. Müsbətdən başqa bir şey deyə bilmərəm. Çünki həmişə arzulamışam ki, müsabiqələr olsun və yaxşı ifaçılar orada münsiflik etsin. Özüm 2 sezonda iştirak etmişəm. Yaxşı bir təcrübədir. Düzdür, baş ağrısı da çoxdur. Emosional bir layihədir. Təzə format necə olacaq bilmirəm, uğurlar arzulayıram. Niyə olmasın? İlqar Xəyal 90-cı illərdə olanda kim var idi? İlqar Xəyal, “Karvan” qrupu böyük fanat ordusunu arxasınca aparanda kim var idi? Eləcə də, Gülyaz xanımın sənətə, xanəndəliyə verdiyi tövhələr. Samirənin aşıq musiqisini, xalq yaradıcılığını gözəl şəkildə yaşatmasını necə başqa cür deyə bilərik? Bunların hamısına təşəkkür düşür. İnşallah ki, onlarla birlikdə layihə uğurlu alınacaq.
Öz sənətkarlarımıza dəyər verməliyik, interneti də, 45 manatlıq ban söyüşlərini də, 50 manatlıq yaxşı rəyləri də başa düşürəm. Artıq biz internetdə altdan girib, üstdən çıxırıq. Biz o zaman gözəlik ki özümüzü sevirik. Qələbəmiz düşüncəmizə çox təsir edib və etməlidir də. Özümüzü sevməyin vaxtı çoxdan gəlib.
Azərbaycan tamaşaçısı hər zaman öz sənətçisini sevib. Dünyayla yaxşı şeyləri müqayisə edək. Amma tərəziyə qoyanda çıxışlar, konsertlər olanda öz sənətçilərimizi öndə tutaq. Mənim üçün bəstəkar Mobil Babayev 10 Ennio Marikona dəyər. Ennio Marikon böyük bir dahidir. Çox dünya bəstəkarlarının adını çəkmək olar ki, müasir musiqiyə möhtəşəm əsərlər veriblər. Hamımız o musiqiylə böyümüşük. Sadəcə bir Azərbaycan filminin adını çəkəcəm ki, o filmdəki kino musiqisini dinləyin və Mobil müəllimin necə dünyəvi bir bəstəkar olmasını bir daha yada salaq - “Babamın babasının babası”... Öz filmimizi, aktyorlarımızı, bəstəkarlarımızı sevək. Elə gün yoxdur ki, Mobil müəllimin musiqilərini dinləməyim. Xüsusilə, o kinonun musiqisi. Doğurdan da, ən sevdiyimdir. Mən bəstəkarımla, aktyorumla, müğənnimlə fəxr edirəm, həmişə də öndə tutacam. Azərbaycan dilini də öndə tuturam. Baxmayaraq ki, bir çox dilləri də bilirəm, danışığı da. Təbii ki vətənpərvərlik nəyisə bilib-bilməməklə ölçülmür.
- Estetik əməliyyatlar, Tünzalə xanım...
- Görmürsən başdan-ayağa estetikəm? Burnumu belə dəyişməmişəm, nə istəyirsən məndən? (gülür – red.) Bəlli bir punktlar var ki (sinə nəzərdə tutulur – red.) onda heç bir idman, heç nə kömək etmir. Durub həkimə gedirik. Çünki həkimdən başqa ona çarə tapan heç nə yoxdur. Amma deyirlər, çirkin qadın yoxdur, tənbəl qadın var. Siz bilirsiniz ki, həmişə idmanı sevmişəm, məşğul olmuşam. Çünki mən səhnə adamıyam, sizin kameranın qarşısına çıxıram və bu, 22 ildir dəyişmir. Bu gün qürurla deyirəm ki, 47 yaşımdayam, amma metobalizma yaşım 29-dur. Özümə baxıram, sağlam qidayla, idmanla yaşayıram. Bir mənfim var ki, az yatıram. Bu da psixoloji problemlərimdəndir. Çünki evə gec gəlirəm və tez durmağa məcbur oluram. Estetik əməliyyata məcbur deyilsənsə, məndə gedim idman yox, bunu edim deyirsənsə, bir az ehtiyatlı, çünki sonunda həkim də sənə deyəcək ki, qızım, bax, sənə bədən şəkli verdim, gözəlsən, get özünə bax. Yenə səndən idman istəyəcək. Elə bir şey yoxdur ki, səni kəsdilər, doğradılar və sən ömürlük elə qalacaqsan. Elə şey yoxdur. Biz canlı orqanizmik, kökəlib, arıqlamağımız var. Bunun üzərində həmişə çalışmaq lazımdır. Hətta estetik əməliyyat etdirsəniz belə...
Söhbətləşdi: Pərviz Hüseyn
Hazırladı: Dilşad Bəhruzqızı
VİDEO: Hüseyn Həsənov
FOTOLAR: Elbəy Sadıxlı