Xalq artisti Röya Ayxan Heydər Əliyev adına Sarayda iki günlük konsertinə bu gün start verib.
Estrada ulduzu səhnəyə çıxmazdan öncə OLAY-ın kamerası qarşısına keçərək suallarımızı cavablandırıb.
Sənətçi bu özəl məkanın onun üçün ev olduğunu bildirib:
“İndi başa düşürəm ki, bura mənim evimdir. Çox böyük məsuliyyətli adı, burada çıxış etmək mənim üçün şərəfdir. Bu dəfə çalışacağam ki, Heydər Əliyev adına Saray yeni Röya ilə tanış olsun. Ana Röya ilə, dolmuş bir qadınla tanış olsun. Bu mənim ad günümdür. Belə qeyd edirəm. Baxmayaraq ki, həyatımda 4 dəfə ad günü qeyd etmişəm. Çünki sevmirəm. Bundan sonra bəlkə 50 yaşımı qeyd edərəm. O da dostlarım çox israr etsə. Lakin mənim üçün doğrudan da bir ad günüdür. Bu gün mən doğulmuşam”.
Estrada ulduzu həmçinin 20 il öncə Heydər Əliyev Sarayında baş tutan konsertini xatırlayıb:
“20 il öncə idi burada konsertə başlayanda… İki gün sonra Sarayın yanından keçəndə şəklimi və biletlərin tükəndiyini gördüm. Heç vaxt unutmaram, getdim divana uzandım, dedim, sən kimsən? Balaca qızsan, sənə necə inandılar konsertə gəlmək üçün? Demək ki, məndən çox ürəyimə, mahnılarıma inandılar”.
Brilliantlarla bəzədilən libasından danışan R. Ayxan yeni həvəsindən də bəhs edib:
“Evdə bir dənə qızıl qoymamışam… Heç belə deyildim. Yaşa dolduqca qızılı çox sevirəm. Çox qızılsevən olmuşam. Bir söz var, demək istəmirəm ki, hamının xətrinə dəyər. Çünki dostlarım mənə belə deyirlər”.
 
                     
                                 
                     
                                 
                                 
                                 
                                 
                                