Video
Video

Onlarla Şuşada görüşdük!

Onlarla Şuşada görüşdük!

Prezident Administrasiyası tərəfindən təşkil olunan QHT nümayəndələrinin, sosial media platformalarında səhifə və kanal rəhbərlərinin, blogerlərin, habelə digər ictimai-siyasi fəalların Şuşaya 3 günlük növbəti səfəri başlayıb.

Ümumilikdə 500 nəfərin iştirak edəcəyi səfər sentyabrın 8-dən start götürüb.

OLAY.az da bu tədbir çərçivəsində Şuşaya yollanıb və Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsində, mərhum Xalq artisti Bülbülün ev muzeyində, “Xarıbülbül” hotelində və “Google maps”də adları erməni dilindən dəyişdirilən bir çox yerdə çəkiliş aparıb.

Səfərdə iştirak edən influenser Həmayıl Cəfərli Cıdır düzündə OLAY-la təəssüratlarını bölüşüb:

“Bir qarabağlı kimi bura gəldiyim üçün çox sevindim. Ümid edirəm bütün qarabağlılar öz yurdlarına tez bir zamanda qayıdar. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Ali Baş Komandanımıza təşəkkür edirik ki, bizə belə bir şərait yaradıb, gəldik bu yerləri də gördük”.

Aparıcı Murad Əzimzadə isə ilk dəfə Şuşaya gəldiyini söyləyib:

“Sevincliyəm, həyəcanlıyam, qürurluyam. Həm də kövrək hisslər keçirirəm. Şuşanın aurası, mistikası, Cıdır düzünün mənəvi və real böyüklüyü sözlə ifadə olunmayacaq qədər möhtəşəmdir. Azərbaycana qələbə yaraşır. Biz Ali Baş Komandanımızla, əsgərlərimizlə və dövlətimizlə fəxr edirik”.

Aparıcı Rahil Sayadoğlu Şuşa təəssüratlarını bu sözlərlə ifadə edib:

“Nə vaxtsa mənə desəydilər ki, 2022-ci ilin 8 sentyabrında Şuşada gəzəcəksən. Ağlıma gəlməzdi, inanmazdım. Amma yuxular gerçək olur. Söz vaxtına çəkər, iki il bundan əvvəlin payızında başlayan Vətən müharibəsinin əzəmətli nəticələrindən biridir ki, biz indi Şuşadayıq. Açığı nə qədər bəlağətli sözlər işlətsəm, duyğularımı bir o qədər də gözdən salmış olaram. Sözlə ifadə etmək olmur. Bizim üçün müqqədəs şəhərdir, mədəniyyət paytaxtımızdır. Buranı müqəddəs edən tək tarix deyil, həm də tarix yazan oğullarımızın şücaətidir. Qazilərimizə cansağlığı diləyirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Qarşılarında baş əyirəm. Bügünkü tədbiri də kifayət qədər faydalı hesab edirəm. Böyük auditoriyası olan insanları Şuşaya gətirmək əla təşəbbüsdür”.