Video
Video

“Rossiya 1”in efirində “AzDrama”nın “İblis və...” tamaşası

“Rossiya 1”in efirində “AzDrama”nın “İblis və...” tamaşası

Rusiyanın “Rossiya 1” telekanalı bir neçə gün əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Sankt-Peterburq şəhərinin Aleksandrinski Teatrında “İblis və...” tamaşasının premyerası ilə bağlı videosüjet hazırlayıb. 

OLAY yazır ki, sözügedən videomaterial kanalın xəbərlər proqramı “Vesti”də yayımlayıb. 

Süjetdə bildirilib ki, Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.

 Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən İblis mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Hüseyn Cavid İnsan, İblis, Tanrı kоnsepsiyasını özünəməхsus formada ortaya qoyur. Qısa desək, “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti təsvir olunur. Bu isə İblisin qələbəsidir.

Tamaşanın azərbaycan dilində təqdim olunmasına baxmayaraq rus izləyiciləri üçün monitorda rus dilində subtitrlər nümayiş olunub. 

Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tamaşa ilə bağlı bunları dilə gətirib: 

“Müharibəni törədən, öldürməyi bacaran, sərvət və şəhvət axtaran - insandır. Ona görə də ən sonda insan günahkardır. Çünki o müasir insandır, hansıki o ruhən Allaha bağlanmaq əvəzinə ruhunu şeytana satır. Buna görə də “İblis və insan””. 

Tamaşada “İblis”i canlandıran Əməkdar artist Anar Heybətov rolunun fəlsəfi dəyərini bu fikilərlə ifadə edib:

“Hər birimizin içində iblis var. Hər birimiz isə özümüz seçirik onun yoxsa Allahın arxasıyca gedək”. 

Qeyd edək ki, tamaşa 4-5-6 oktyabr tarixlərində Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq.