“PRoMete“ ləqəbi ilə şou-biznesdə məşhurlaşan rep ifaçısı Pərviz İsaqov 6 illik fasilədən sonra konsert verib.
OLAY yazır ki, o, səhnəyə çıxmazdan əvvəl media nümayəndələrinə açıqlama verib.
“Konsertə xüsusi hazırlaşmışıq. Sürprizlər də var idi. Bütün mahnılar canlı səsləndirilib. Heç bir fonoqram yoxdur. Bu, mənim özüm üçün də bir yenilikdir. Repin başdan-ayağa canlı ifası isə görünməmiş bir şeydir”, - deyə PRoMete bildirib.
O, gecədə Xalq artisti Faiq Ağayevlə duetini səsləndirib. PRoMete bildirib ki, mahnı bir neçə ay sonra təqdim ediləcək. Gecədə eyni zamanda Əminə Şirin, Tomris də çıxış edib.
Konsertdə tamaşaçılarla söhbət edən ifaçı “Çox deyirdiniz ki, niyə yazmırsan, oxumursan? Bu da yeni nöqtənin başlanğıcıdır”, - deyə, əlavə edib.
Onun izləməyə gələnlər arasında Xalq artisti Miri Yusif, Əməkdar artist Abbas Bağırov da yer alıb.
Gecədə gözlənilməz hadisə də yaşanıb. Belə ki, səhnəyə gənc oğlan çıxaraq sevgilisinə sürpriz edib. O bildirib ki, sevgilisinin ad günüdür. Həmin oğlan Nərmin adlı xanıma səslənərək, onu səhnəyə çıxmağa çağırıb. Bundan sonra oğlan cibindən üzük çıxardaraq sevgilisinin qarşısında diz çöküb və ona evlilik təklifi edib. Cütlüyün bu sevinci zalda olan tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.