Müğənni Natavan Həbibi efirlərə çıxmaq üçün qonorar tələb etməsinin hələ də keçərli olduğunu vurğulayıb.
OLAY yazır ki, sənətçi bu barədə “MTV Maqazin” verilişinə müsahibəsində deyib:
“Mən bilirəm ki, nə istəyirəm və nəyi tələb edirəm. Mövqeyim bəllidir. Çoxlarının xoşuna gəlməyə bilər, amma bu dünyanın bir çox ölkələrində keçirilən prosesdir. Bu adi bir haldır, qanun belədir. İstəyirəm ki, bizdə də qanunlarımız bir az da gözəl işləsin və hamı qanunlara tabe olsun. Ona görə də bu söhbətlər hələ də uzanacaq”.
Həbibi bir çox aparıcılara qəzəbləndiyini də bildirib:
“Bu söhbəti birinci Xatirə İslam açmışdı. Aparıcılarımızdan bir neçəsindən mənim xoşuma gəlməyən fikir istifadə olundu ki, “biz olmasaq, onlar heç nədir”. Bu sözlərlə heç vaxt razılaşmaram. Həmişə də bu fikrin qarşısında sözümü deyəcəm ki, belə danışmaq olmaz! Heç kim heç kimi insan etməyib. Əgər insanın öz yolu varsa, istedad özünü büruzə verib çıxacaq. Məni bu söhbətlər incidir. Çünki heç bir aparıcı deyə bilməz ki, mən bunu adam etmişəm və yaxud efirə çıxarmışam, ya da star etmişəm. Mümkün deyil axı!”.