Televiziyalarımızda proqramlar arası fasilə zamanı verilən reklamların qiyməti bu sahədə fəaliyyət göstərənlərə məlum olsa da, çoxu üçün qeyri-müəyyəndir.
OLAY bu qiymətlərlə bağlı məlumatlar əldə edib. Həftəlik dəyişən efir “setka”sını nəzərə alaraq 18 sentyabradək nümayiş olan proqramlar arasındakı reklam qiymətlərini təqdim edirik:
Xəzər TV-də reklam baxımından ən bahalı layihə hazırda “Komedixana”dır. Belə ki, fasilələrdə özünü və ya markasını görmək istəyənlər 30 saniyə üçün 2700 manatından keçməlidir.
ATV isə bu sırada ikincidir. 30 saniyə reklam üçün 2200 manat ödəyib, öz brendinizi “Nanəli”, “7 canlı” və “ATV Xəbər”in “tənəffüs”ündə görə bilərsiniz...
AzTV-də isə ən bahalı qiymət “AzTV Xəbər”in fasiləsindədir. Qiymət 1 saniyə üçün 60, 30 saniyə üçün 1800 manatdır.
ARB TV-də ən yaxşı vaxtda 30 saniyə görünmək istəyənlər “Səni axtarıram”ın reklam arası üçün 1500 manat ödəməlidirlər.
“Space” TV-nin hələ ki ən bahalı reklam çarxı “Buğlama”nın arasında yayımlanır. Qiymət 30 saniyə üçün 1485 AZN-dir.
“Milyonların şousu”, “Camaat nə deyir?” kimi layihələr isə İTV-nin reklam üçün əsas gəlir mənbəyidir. Buradakı qiymət isə 30 saniyə üçün 900 manat dəyərindədir.
MTV-də isə Mikayıl Güləddinoğlunun verilişi “prime time”da olan proqram sayılır. “Axşamdan axşama”da reklamın qiyməti 1 saniyə üçün 26, 30 saniyə üçün 780 manatdır.
Sumqayıtın “Dünya” TV-si isə 30 saniyə üçün 360 manatı “Nəğməli dünya” proqramındakı reklam fasiləsi üçün alır.