“Çox zövqlü, günə cavab verən, romantik qızdır. Özünəməxsus dili, tərzi var. Ümid edirəm ki, bunu uzun zaman saxlaya biləcək”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva “7 Özəl” verilişində gənc müğənni Hiss haqda söyləyib.
Sənətçi gənc ifaçıların sıralamısını təyin edərkən bunları deyib:
“Belə janr gənclər üçün çox maraqlıdır, aktualdır. Hiss də belə janrın parlaq simalarından biridirsə, bunu daha ciddi qəbul etsin. Potensialı var, diksiyası gözəldir. Yaxşı melodiya hissi var. Görək, türk gənclər bu diksiyanı necə qavrayacaq? Türklərin hip-hoperlərinə qulaq asanda görərik ki, ləhcə başqadır. Hiss qəbul oluna da, olunmaya da bilər. Qəbul olunmasa da, bunu özünə faciə eləməsin. Dilimiz qulaqlara çata da, çatmaya da bilər. Onu vətənində sevənlər var. Təki komandası yaxşı olsun, artist tək başına artist olmur. Klipini türklər çəkib, çox xoşuma gəldi”.
T.Ağayeva müğənninin musiqi tərzinə də toxunub:
“Gedişata nəzər salsaq, görərik ki, indi janrda olan mahnılar əhval ifadəsidir, bu, əsər deyil. Aranjıman, bəstəkarlıq beyni, orkestr yoxdur. Bunu pis mənada demirəm, bu bir cərəyandır. Onların istədiyi hal budur. Sözlər də çox önəmlidir.
Bu tərz dünyanı başına alıb gedir. Buna nə pis deyə bilərik, nə də yaxşı. Musiqi janrları ilə müqayisə etmək düzgün deyil. Kimsə deməsin ki, bu, mahnı deyil, bəyənmirəm. Ciddi qəbul etmirəm. Etməyə bilər, amma faktı dəyişmir. Bruno Mars, Anderson Park kimi nəhənglər deyir ki, yaxşı, siz yeni cərəyan yaradırsız, ancaq bu, ona görə var ki, bunun arxasında məktəb var. Bruno bu gün düzgün albomlar satır və “Qremmi” alır, “İlin albomu” mükafatını qazanır.
Hiss, Nəzrin, Bəhram həmişə olacaq, amma indiki uşaqlar Stiv Vonderə, Bruno Marsa, Tünzaləyə, Rafiq Babayevə qulaq asacaqlar. Bəli, mən Zümrüd Mirzəliyevanın (modelyer – red.) yox, Rafiq Babayevin siyahısında olmaq istəyirəm”.
O, daha sonra siyahıda Hissi birinci pillədə yerləşdirib:
“Hiss mənim üçün yeni bir cərəyandır. Arzu edirəm ki, mənim kimi, məndən də böyük peşəkarların diqqətini cəlb etsin. Ona görə birinci yer haqqıdır ki, ev komfortunda böyüyən, çoxlu pullar xərcləyib özünü reklam edən qızlardan fərqli, daha çətin, dişiylə-dırnağıyla mübarizə apardığı həyat olub”.