Yuğ teatrının aktyoru Ziya Ağa AzTV-dəki vəzifəsindən ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib. Ziya deyib ki, keçmiş iş yeri ilə hər hansı bir problem yaşamayıb:
“Bu ölkədə insan vəzifədən getməyə qorxur. Həmin an “insan”ların düşüncələrində yalnız neqativ məqamların toxumları cücərir.
Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin baş rejissoru vəzifəsindən ayrılmağımla bağlı bəzi qeyri-peşəkar xəbər portalları yanlış başlıqlar yazaraq, insanları süni formada cəlb edərək xəbəri oxutmaq istəyirlər. Halbuki, xəbərin içərisi tamam başqadır. Əvvəla, dəqiq faktı təqdim edim sizə. AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyevadan müsahibə alıblar. O, bildirib ki, Ziya Ağa iki ay əvvəl işdən azad edilməsilə bağlı ərizə yazıb. Onun yerinə hələ ki təyinat yoxdur.
Mənim üçün isə hələ də doğma olan cəmiyyətdə çox maraqlı və yararlı təcrübəm oldu. Rövşən Məmmmədovla iş birliyimiz, yoldaşlığımız olduğuna görə peşman deyiləm. Əməkdaşlar ilə hələ də davam edən münasibətlərimiz yarandı. Qısası üç illik fərqli və əyləncəli təcrübəm oldu. Sadəcə getmək vaxtı idi. Vəssəlam.
Və sizə - “jurnalistlərə” bir sualım var. Mütləqdir ki, kimsə işdən yalnız problemlər yaşayaraq çıxsın?! Olmaz ki, “Azadlıq imtina etməyi bacardığın andan başlayır”, “Bu həyatı sadəcə yaşamaq lazımdır”, “Ruhun istəyi, tələbi ən vacibidir” və s. kimi mənim üçün ən öndə gedən faktorları, tezisləri göz ardı etməyəsiniz?!
Axı hamı eyni deyil. Başa düşürəm, anlayıram...Çoxunuz nəyin bahasına olursa olsun, vəzifədən uzaqlaşmayanlar, onun eşqi ilə durmadan özünüzü, ətrafınızı çirkləndirən insanlarsınız. Unutmayın, vəzifə sənin adın deyil, xidməti bir məqamdır. Həmin məqamda məsuliyyətli olduğun hər kəsə və hər şeyə xidmət etmək üçün o kresloda oturmalısınız, sizə xidmət etməkləri üçün yox...Yəni, qapınızın üstündə adınız deyil, vəzifəniz yazılmalıdır”.