Azərbaycanda ilk dəfə - Xalq çalğı alətləri ansambllarının Televiziya Müsabiqəsi başlayıb.
OLAY yazır ki, “ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzi və Xəzər Media Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli tarzən, Azərbaycan SSR-in əməkdar artisti Əhsən Dadaşovun 100 illik yubileyinə həsr olunmuş xalq çalğı alətləri ansambllarının Televiziya Müsabiqəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə digər sahələr kimi, mədəniyyət sahəsində də irimiqyaslı layihələr həyata keçirilərək, musiqi mədəniyyətimizin dünyada təbliğinə və tanıdılmasına nail olunub.
Məhz prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyevanın bu mühüm xidmətlərindən ilhamlanaraq, “ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzi də incəsənətin, ədəbiyyatın görkəmli nümayəndələrinin həyat və yaradıcılığına layihələr həsr etməkdədir. Onlardan biri də Xəzər Media Mərkəzi ilə birgə həyata keçirilən xalq çalğı alətləri ansambllarının “Əhsən” Televiziya Müsabiqəsidir.
“Əhsən” Televiziya Müsabiqəsinin incəsənət nümayəndələri və tamaşaçılar arasında böyük marağa səbəb olacağı gözlənilir. Belə ki, milli musiqi və xalq çalğı alətləri ansamblların təbliği və inkişafına xidmət edən bu layihədə eyni zamanda mükafat fondundan qalib ansambla 10000 manat, 2-ci yerə layiq görülən ansambla 7000 manat, 3-cü yerin sahibi olan ansambla isə 5000 manat məbləğində pul mükafatı təqdim olunacaq. Bundan əlavə qalib ansamblı unikal əl işi olan “Əhsən” Televiziya Müsabiqəsinin kuboku gözləyir.
Qeyd edək ki, “ƏHSƏN” Televiziya Müsabiqəsində iştirakla bağlı həm Azərbaycandan, həm də ölkə hüdudlarından kənar 45-ə yaxın müraciət daxil olub. Onların arasından 15 ansambl müsabiqə proqramında yarışmaq hüququ qazanıb.
İlk mərhələdə yarışmaya haqq qazanan ansamblları ekspert qismində tanınmış incəsənət nümayənədələri olan xalq artisti Elşən Mansurov, əməkdar müəllim Ümid İbrahimli, əməkdar artistlər Ələkbər Ələkbərov, Əliağa Sədiyev, Toğrul Əsədullayev və “ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzinin rəhbəri Tamilla Əliyeva təyin edib. Müsabiqənin münsiflər heyətində isə xalq artistləri, ansambl qurucusu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsindən ibarət mütəxəssislər təmsil olunacaqlar.
“Əhsən” Televiziya Müsabiqəsi ilk yayımına 10 noyabr 2024-cü il tarixində, saat 14:15-də Xəzər Televiziyasında başlayır.